Ermənilərin uydurduğu Şuşa nağılları

Ermənilərin uydurduğu Şuşa nağılları
  29 Yanvar 2021    Oxunub:7495
İkinci Qarabağ müharibəsindən bir neçə ay keçməsinə baxmayaraq, Ermənistan hələ də özünə gələ bilmir. Erməni siyasi elitası, ictimai xadimlər və bəzi tanınmış şəxslər daxili auditoriyanın sakitləşdirilməsinə hesablanmış fərqli müharibə nağılları uydururlar.
Belə anormal iddialardan biri də müharibənin taleyini həll edən Şuşa zəfərimizlə bağlıdır. Son günlər ermənilər iddia etməyə başlayıblar ki, guya azərbaycanlılar Şuşanı döyüşlə almayıblar, orada hansısa xəyanət, satqınlıq olub.

Maraqlıdır ki, bu cür gülünc iddialara ermənilərin öz içlərindən təkzib xarakterli açıqlamalarla cavab verilir.

Şuşada İƏT-in Turizm üzrə Yüksək Səviyyəli Ekspertlər Qrupunun iclası keçirilib │FOTOLAR
Təxminən bir həftə əvvəl Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan "Azadlıq" radiosuna müsahibəsində Şuşa şəhərinin iki səbəbə görə itirildiyini açıqlamışdı. O, xüsusi olaraq qeyd etmişdi ki, erməni xalqının Şuşada çoxlu itkiləri olub. Sual yaranır, Şuşa döyüşsüz təhvil verilibsə, bu qədər itkilər haradan peyda oldu? Ohanyan keçmiş nazir olaraq bunu dilə gətirməklə, ermənilərin Şuşa yalanlarını üzə çıxardı.

Ermənilərin beyninə yeridilən “Şuşanın döyüşsüz təhvil verilməsi” nağılına Prezident İlham Əliyev də reaksiya verib. Ölkə başçısı bu günlərdə Şuşa ilə bağlı danışarkən erməni saxtakarlığından da söz açıb. Bildirib ki, ermənilər və onların müxtəlif ölkələrdəki havadarları saxta tarix yaradıblar və bu saxtakarlıq davam edir:

“Baxın, görün erməni nümayəndələri və onların xaricdəki havadarları Şuşanın azad olunması ilə bağlı nələr deyirlər? Guya Şuşa bizə elə-belə verilib, döyüşlər getməyib, ermənilər Şuşanı tərk ediblər. Ağ yalandır! Şuşa əməliyyatı Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq”.

Erməni saxtakarlığına daha birinin əlavə edilməsində məqsəd nədir? Erməni cəmiyyəti niyə hələ də reallığı həzm edə bilmir?



Məsələni Azvision.az –a şərh edən politoloq Tofiq Abbasov deyib ki, son günlər Şuşa ilə bağlı absurd iddiaların ortaya atılmasında bir neçə məqsəd var:

“Əvvəla, 44 günlük müharibə erməni ordusunun yenilməz, güclü olması mifini darmadağın etdi. Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində istənilən döyüş növündə erməni qoşununu ağır vəziyyətə salaraq tərksilah etdi, sonda İrəvan məğlubiyyət acısı yaşadı. Bu baxımdan erməni siyasi elitasının xalqa aşıladıqları “güclü erməni ordusu” mifi göylərə sovruldu. İndi isə görürük ki, əsasən siyasi qüvvələr ciddi cəhdlə çalışırlar ki, həmin mifləri yenidən qüvvəyə mindirsin və beləcə xalqı yeni müharibəyə hazırlaya bilsinlər. Guya bundan sonra Azərbaycandan əvəz çıxmaq mümkün olacaq. Ona görə də Şuşa haqqında yeni mif revanşizm ideyasına bağlıdır. Bu ideya hələ uzun müddət onları rahat buraxmayacaq”.

Tofiq Abbasovun sözlərinə görə, ikinci məqam isə odur ki, erməni xalqı ağır kompleks hissi yaşayır. Çünki faktiki olaraq ermənilər 30 ilə yaxın müddətdə Şuşanı birdəfəlik işğal etdiklərini düşünürdülər. Uzun illərdir aşkar şəkildə deyirdilər ki, heç bir qüvvə Qarabağın əsas strateji bölgəsi olan Şuşanı onlardan geri ala bilməz. Azərbaycan Ordusunun məhz bu şəhərdə istifadə etdiyi inanılmaz taktikalar, xüsusi təyinatlılarımızın məharəti bütün erməni xülyalarını alt-üst etdi:

“Bu haqda cənab Prezident də dəfələrlə deyib ki, Şuşa artilleriyasız, hərbçilərimizin yalnız üzərilərində daşıya biləcəkləri adi silahlarla azad edildi. Elə bir çətin, ağır, aşılması qeyri-real görünən sıldırımlı qayaları, qorunan qalanı dişimizlə, dırnağımızla aldıq ki, həmin günlərdə düşmən özü şok keçirdiyini etiraf edirdi. Həqiqətən mən özüm bir neçə şahidin nəql etdiyi məqamları dinləmişəm və heyrətə gəlməmək mümkün deyil. Orada erməni silahlı qüvvələri elə bir çaşqın vəziyyətə düşübmüş ki, hərbçilər artıq öz əsgər yoldaşlarına atəş açmağa başlayıblar. Şəhərə daxil olan qəhrəman igidlərimiz təmizləmə əməliyyatlarını elə səssiz, elə güclü taktiki gedişlərlə ediblər ki, düşmən ordusu çaşbaş qalırmış. Elə bilirlərmiş ki, guya azərbaycanlılar erməni hərbi formasını geyinərək onları şəhərdə ağır duruma salmaq istəyir. Bax beləcə Şuşada, elə Şuşa ətrafında xaotik vəziyyətə salınmışdılar. Öz əsgər yoldaşına atəş açan ordu indi durub revanş ideyasına köklənəcək? Bizim hücumumuzdan sonra bu artilleriya dəstəyi ilə güclü qorunan şəhər və qalanın azad edilməsində o dərəcədə qəhrəmanlıqlar yaşandı ki, düşmən həqiqətən də biabırçı şəkildə ya qırılıb, ya da bir-birini vurmuşdu. Bu baxımdan, indi ermənilər yeni miflər formalaşdırmağa məcbur qalıblar. Guya şəhərdə satqınlıq olub və azərbaycanlıların böyük qələbəsinin mahiyyətini, dəyərini aşağı salmaq istəyirlər. Əslində qayə və məqsəd bundan ibarətdir”.



Politoloq, həmçinin əcnəbi hərbi ekspertlərin də dilindən səslənən Şuşa həqiqətlərini xatırladıb. Bu reallıqları yalnız biz yox, xarici mütəxəssislər, müharibəni izləyən politoloqlar da etiraf edirdilər ki, xüsusi təyinatlılarımız Şuşada kanatlarla sıldırımlı qayaları dəf edib ac-susuz, yaralı qalsa belə, şəhərdə əlbəyaxa döyüşlərə çıxmaqla buranı işğalçılardan təmizləyiblər:

“Hər cür döyüş növündə uduzub qaçan ermənilər Şuşada sursatı bitən hərbçilərimizlə əlbəyaxa davalarda belə məğlub oldular ki, bunun özü də indi erməni xalqına utanc hissi yaşadır. Ona görə ermənilər bu komplekslərdən qurtulmaq üçün belə iftiralar atır, nağıllar yaradırlar. Sual yaranır, niyə Şuşa azad edilən günü və ya bu 3 ay ərzində ermənilərin bu fikir və ideyalar ortaya çıxmadı? Şuşanın fəthindən neçə ay keçib, erməni “başbilənlər” hələ indi deyirlər ki, sən demə, şəhərdəki döyüşlərdə satqınlıq olubmuş. Sanki kapitulyasiyadan sonra Paşinyanın otağına qədər basqın edib ayağa qalxan acıqlı millət ermənilər deyildi. Vacib deyildisə, niyə məğlubiyyətə belə yanıb-yaxıldınız? Suallar çoxdur, cavab isə verə bilmirlər. Sadəcə olaraq həmişə olduğu kimi erməni xisləti yenə özünü göstərir, hazırda isə köhnə ənənəvi gedişlərin bir daha şahidi oluruq. Yalan, iftira, saxta tarix və nağıllar...”

Politoloq tarixə qısa nəzər salaraq onu da vurğulayıb ki, ermənilər əslində nə bacarıqlı döyüşçü olublar, nə də ordularının tutarlı hazırlıq göstəricisi olub. Sadəcə miflərlə yaşayıblar, kimlərəsə, xarici qüvvələrə arxayın qalıblar:

“Xatırlayırsınızsa, “yeni müharibə, yeni torpaqlar” “lazım gəlsə, tanklara oturub Bakıya qədər çatacağıq” deyirdilər. Nə oldu? Dəfələrlə demişik bir daha xatırladaq ki, paytaxtımıza tanklarınız girə bildi. Amma dağıdılmış, qənimət götürülmüş təslim halda! Hətta xüsusi yığılmış hərbi avtomobil nömrələriniz də paradda keçid etdi. Bu ermənilərə böyük tarixi-siyasi mesaj olmalı idi. Biz birdəfəlik olaraq işğalçılara göstərdik ki, nə əlbəyaxa davada, nə havada, quruda, artilleriyada, nə də kəşfiyyat və ya digər texniki imkanlarda bizdən üstün döyüşçü, xalq deyillər. Erməni siyasi elitasının müharibə zamanı Rusiyadan, Fransadan dəstək, kömək ummasının özü də onu göstərdi ki, onlar heç vaxt təkbaşına azərbaycanlılarla döyüşməyiblər. Tarix də bunu sübut edir. Əgər hansısa döyüşdə, müharibədə taktiki üstünlük əldə ediblərsə, onlara mütləq kənardan köməkliklər olub. Bu fikirləri yalnız biz demirik. Rusiyalı məşhur jurnalist Nevzorovun xatirələrini yada salmaq lazımdır. O, deyirdi ki, birinci Qarabağ müharibəsində Pskovun desant birləşmələri öndə gedirdi, onların arxasınca ermənilər gəlirdi. Beləcə, sonradan dünyaya car çəkirdilər ki, biz qalib gəldik.

Bütün bunları xatırlatmaqda məqsədim budur ki, erməni reallığı, mifi, nağılı, saxtakarlığı hər zaman olub, indi də iş başındadır. Çalışırlar ki, qələbəmizin mahiyyətini kiçildib, onu heçə endirsinlər. Digər tərəfdən xalqa göstərsinlər ki, guya mübarizə hələ bitməyib, onlar yenidən güclü ordu şəklində zühur edib bizə qalib gələ bilərlər. Təbii ki, erməni ictimaiyyətinin inandırılmasına hesablanmış bu cür əfsanələr çox çəkməyəcək. Heç kim Şuşada erməni ordusuna arxadan zərbə vurmadı, nəyi necə bacardılarsa, elə də etdilər. Həmin gün bir daha döyüş qabiliyyətləri ortaya qoyuldu və biabırçı şəkildə qırılıb şəhəri geri verdilər. Qısası, ordumuz neçə il idi ki, hazırlıq işləri görürdü və Şuşada dünyaya göstərdik ki, bu xalqın oğulları texniki imkanlarsız da çox şeyə qadirdir”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Şuşa   Məğlubiyyət   İrəvan   Politoloq   Qarabağ  






Xəbər lenti