Yaponiya Azərbaycandan dəstək istədi

 Yaponiya Azərbaycandan dəstək istədi
  30 Yanvar 2021    Oxunub:3263
Yaponiya təşkilati işlərdə böyük təcrübəsi olan ölkələrdən Tokio 2020 Olimpiya oyunlarının keçirilməsində dəstək istəyib.
Gənclər və İdman Nazirliyindən Azvision.az-a verilən məlumata görə, Yaponiya Nazirlər Kabineti Baş katibi Katsunobu Kato tərəfindən edilən müraciətdə idman yarışlarının keçirilməsi istiqamətində böyük təcrübəsi olan ölkələrin kadr potensialının Yaponiyaya göndərilməsi kimi müraciət öz əksini tapıb.

Müraciətə cavab olaraq Gənclər və İdman naziri Azad Rəhimov Azərbaycanın 2015-ci ildə ilk Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, 2016, 2017, 2018, 2019-cü illərdə Formula 1, 2019-cu ildə XV Avropa Gənclər Olimpiadası kimi beynəlxalq yarışlara çox böyük uğurla ev sahibliyi etdiyini bildirib. Bu məqsədlə, nazir Tokioda baş tutacaq Olimpiya oyunlarında Azərbaycanın təcrübəli kadr potensialı ilə dəstək göstərməsinin mümkünlüyünü qeyd edib.

Öz növbəsində nazir Azad Rəhimov bildirib ki, Azərbaycan idman yarışlarının keçirilməsi baxımından istər texniki, istərsə də təşkilati məsələlərdə kifayət qədər böyük təcrübəyə malik ölkədir. Azərbaycanın bütün qeyd olunan mötəbər tədbirlərdə çalışan əməkdaşlarından ibarət məlumat bazası var və münasib olaraq bizim mütəxəssislər aidiyyəti sahələr üzrə Yaponiya tərəfə təqdim olunacaq.

Qeyd edək ki, hazırda idman yarışlarında texnologiya, nəqliyyat, idman məkanlarının idarə olunması, könüllülərlə iş və s sahələrdə çalışan yerli kadrlarımız var və onlar vaxtaşırı müxtəlif beynəlxalq yarışlara dəvət alır, öz bilik və təcrübələrini müvəffəqiyyətlə həyata keçirirlər.

Azvision.az


Teqlər: Nazirlik   Yaponiya  





Xəbər lenti