AQTA sahibkarlara müraciət etdi

AQTA sahibkarlara müraciət etdi
  01 Fevral 2021    Oxunub:2469
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) quş əti və digər quşçuluq məhsullarının satışı ilə məşğul olan sahibkarları Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən dünyanın müxtəlif ölkələrində müəyyən olunmuş quş qripi xəstəliyi ilə əlaqədar məsələlərdə daha diqqətli olmağa və məsuliyyətlə yanaşmağa, eyni zamanda satış üçün quş əti və digər quşçuluq məhsulları qəbul edərkən mövcud qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyə çağırır.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Azvision.az -a verilən məlumata görə, quş əti və quşçuluq məhsullarının satışı ilə məşğul olan ticarət şəbəkələri quşçuluq məhsulları qəbul edərkən Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilən baytarlıq şəhadətnaməsi və ya arayış tələb etməlidirlər. Müvafiq sənəd olmadan qəbul edilən məhsul mənşəyi bilinməyən və dövlət baytarlıq nəzarətindən keçməyən məhsul hesab olunur və risk daşıyır. Belə hallar aşkarlanarsa, ticarət müəssisəsinin rəhbərliyi inzibati məsuliyyət daşıyır və elə halların qarşısı qətiyyətlə alınacaqdır.

AQTA bildirir ki, əhalinin sağlam qida məhsulları ilə təmin olunması üçün daxili bazarda istehlakçıların ehtiyaclarına cavab verən yüksək keyfiyyətli və təhlükəsiz məhsulların satışı əsas amillərdən biridir və bu sahədə nəzarət tədbirləri mütəmadi olaraq davam etdiriləcək.

Azvision.az


Teqlər: AQTA  






Xəbər lenti