AzVision: Neokolonializm, yaxud, Cökə yarpağında demokratiya dolması - VİDEO

      AzVision:    Neokolonializm, yaxud, Cökə yarpağında demokratiya dolması -    VİDEO
  04 Fevral 2021    Oxunub:14542
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
Həftənin düz ortasına çatdıq, demək, mən və sosial şəbəkə fəalı, influenser Demə Qoq çərşənbənin nöqtələrini qoymağa çalşacağıq. Bu da əsas mövzularımız:

- Yasamaldakı yeni park ilə Şuşa şəhərini nə birləşdirir?
- Cökə yarpağında demokratiya dolması. Müasir neokolonializm niyə məhz Kanadının simasında ifşa olundu?
- Çoxgedişli oyunda qambit: Navalnı kimi güclü fiqur niyə qurban verildi?
- Rusiyanın getdiyi Türkiyə yolu: Hər iki qonşumuz sosial şəbəkələri təxminən eyni qaydada nizamlayacaqlar



1. Daxili "işğalçı"larla mübarizə

Bu həftə prezidentlə birinci xanımın Yasamalda açılışına getdikləri yeni parkın tərcümeyi-halında maraqlı bir detal var: Əgər dövlət başçısı vaxtında bəzi məsələlərdən xəbər tutmasaydı, indi həmin park orada olmaya da bilərdi. Yadınızdadırsa, avqustun əvvəlində biz bu haqda danışmışdıq. Gəlin, xatırlayaq, o vaxt cənab prezident həmin parkda görülən işlərlə tanış olanda nə demişdi: "Məlumat aldım ki, burada böyük bir sahə var, artıq hasarlanıb, hissələrə bölünüb və satışa çıxarılır. Maraqlandım, məlumat verdilər ki, bu, kim tərəfindən zəbt olunub, bunun heç sənədləri də yoxdur. Ona görə dərhal göstəriş verdim ki, bu qanunsuzluqlara yol verən insanlar müəyyən edilsin, onlar məsuliyyətə cəlb olunsun, bütün hasarlar sökülsün və vətəndaşların sərəncamına gözəl bir park verilsin".

Yəni prezident müdaxilə etməsə, indi bu parkın ərazisi bölünüb satılaraq, puluna və mövqeyinə güvənən bəziləri tərəfindən faktiki zəbt olunacaqdı. Amma dövlət başçısı vətəndaşlara gözəl bir park, həmin şəxslərə isə eyni dərəcədə gözəl dərs verdi. Qəribə də olsa, bu, Yasamaldakı park ilə Şuşa şəhərini birləşdirən ümumi cəhətdir: İkisinin də ərazisi zəbt edilə, Şuşa ikinci dəfə, bu dəfə məcazi mənada işğal altına düşə bilərdi, amma cənab Prezident bunun qabağını aldı.
- Mən müvəqqəti idarəetmə strukturu yaratmışam. Nəyə görə? Çünki mən görürəm, bilirəm, artıq gözlər dikilib oraya. İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu. O torpaq mənim, o torpaq sənin, oranı mənə, buranı sənə. Amma mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır. Otursun hərə öz yerində öz işi ilə məşğul olsun. Bütün torpaqlar planlı şəkildə bərpa ediləcək. Orada insanlar üçün şərait yaradılacaq, elə şərait ki, dünya üçün nümunə olacaq. Heç bir qanunsuz hərəkət ola bilməz. Heç bir torpaq zəbt oluna bilməz.

Demə Qoq: - Bilirsən, yadıma nə düşdü?! Qarabağ hələ işğalda olan vaxtlarda bəzi demaqoqlar danışırdılar ki, biz gedib vuruşacağıq, amma məmurlar gedib Şuşada kef eləyəcəklər... Görürsən ki! Haqlı imişlər...

Onlar məmurların təbiətilə bağlı haqlı idilərsə belə, Azərbaycan dövlətinin təbiəti, onun başçısının isə prinsipiallığı ilə bağlı yanılmışdılar. Prezidentin dediklərindən təxminən belə anlamaq mümkün idi ki, Şuşa haradasa Qarabağın İçərişəhəri kimi bir yer olacaq – açıq səma altında tarix və mədəniyyət muzeyi. Bir növ qoruq. İçərişəhər kimi Şuşanı da böyütmək mümkün deyil – o, 300 hektardır və bu ərazinin hər santimetri bir neçə baxımdan qiymətlidir, daha doğrusu, qiymətsizdir. Amma onun daşıdığı məzmun və önəm təbii ki, daha artıqdır. Əgər qarşıdakı illərdə - 2030-cu ilə qədərki dövrdə,- Qarabağın yenidən qurulması və ora Böyük Qayıdış Azərbaycan xalqının əsas milli proyekti olacaqsa, Şuşa bu layihənin ən həssas, zərif, incə istiqamətidir. Müzəffər Ali Baş Komandan onu bir dəfə Azərbaycan xalqına qaytarıb, indi isə xalqa bəxş etmək haqqında düşünür.

Demə Qoq: - Bunların hamısı çox gözəl. Əladır. Alqışlayırıq. Amma mənə maraqlı gələn bilirsənmi, nədir?! Əgər cənab prezident o məmurların nə tip olduqlarını görürsə, bilirsə, niyə axı onları çıxartmır, cəzalandırmır?!

İki məqam var. Birincisi, çıxardır da, cəzalandırır da. Azərbaycanın 2019-cu ilin əvvəlindəki və indi – 2021-ci ilin əvvəlindəki məmur mənzərəsini, hakim komandanın tərkibini gözünüzün qabağına gətirin. O qədər fərq var ki, elə bil, iki tamam ayrı-ayrı komandadırlar. İrili-xırdalı nə qədər fiqurlar dəyişdirilib. Cəzalandırmağa gəlincə, bu sözlərdən artıq cəza olarmı?! Özünə hörmət qoyan bir məmur onun işinə qiymət verməli olan Şəxsin dilindən bu sözləri eşidirsə, daha ağır nə ola bilər?!

- Mən bəzən bu şeyləri demirəm vətəndaşlara ki, onları iyrəndirməyim, bağışlayın sözümə görə, ifadəmə görə. Amma mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da bilsinlər, bu məmurlar da bilsinlər. Məmurlar öz yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar. Bir də ki, mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm! Ona görə hər kəs otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin.

Hiss olunur ki, söhbət təkcə kimlərinsə Şuşada yer qamarlamaq niyyətindən getmir. Prezident bəzi məmurların təfəkkür tərzinə, dövlətçilik düşüncəsinə, hətta həyat fəlsəfəsinə münasibətini ifadə edirdi bu sözlərlə. O, göstərirdi ki, bu tip məmur mentalitetinə qarşı müxalifətdədir. Prezidentin müxalif olduğu məmur mentalitetinin isə, aydındır ki, ömrü uzun ola bilməz. Onun daşıyıcısı olan məmurların da həmçinin.
Cənab Əliyevin dediyi "Ucuz populyarlıq dalınca qaçanların axırı pis olur" sözlərinin üzərində də ciddi düşünməyə dəyər. Məmur siyasətçi deyil, o, özünün populyarlığı yox, dövlətin imici, mənsub olduğu hakimiyyət komandasının ümumi reytinqi, əhalinin bütövlükdə iqtidardan məmnunluq əmsalı haqqında fikirləşməlidir. Əks halda anlaşılmaz bir vəziyyət yaranır. Tutaq ki, məmur nələrinsə hesabına şəxsi populyarlığına xallar əlavə etdi. Amma onun digər istiqamətlərdəki fəaliyyəti ümumilikdə hökumətin xalqın gözündəki nüfuzunu aşağı salırsa, bu, siyasi sabotaja daha çox bənzəyir. Yaxşı məmur özünün deyil, xidmət etdiyi sahənin populyarlığının qayğısına qalmalıdır. Xoşbəxtlikdən gənc məmurların arasında belələri var – onların rəhbərlik etdikləri sahənin cəmiyyət arasındakı nüfuzu özlərinin şəxsi reytinqindən geri qalmır, bəzən hətta üstələyir də. Bu, düzgün qurulmuş işin göstəricisidir. Amma təəssüf ki, əksi də var və bu, prezidentin səsləndirdiyi mesajlarla birlikdə ondan xəbər verir ki, kadr islahatları hələ xeyli davam edəcək – həm eninə-uzununa, həm də dərinliyə doğru.

2. İmperializmin “sonuncu və ən yüksək mərhələsi”

Dünyada vaksinasiyanın vəziyyətindən danışarkən İlham Əliyev çox maraqlı və ağrılı bir məqama toxundu. Vaksinin inkişaf etmiş ölkələrlə etməkdə olan, varlı dövlətlərlə kasıblar üçün eyni dərəcədə əlçatan olmaması. Belə ki, inkişaf etmiş ölkələr hazırda istehsal olunan bütün vaksini iri həcmlərdə aldıqları halda, digərləri hələ gözləyirlər. Dövlət başçımız rəqəmlər də səsləndirdi: "...İnkişaf etmiş ölkələr dünya əhalisinin 14 faizini təşkil edir. Halbuki inkişaf etmiş ölkələr bu günə qədər dünya vaksinlərinin 53 faizini sifariş ediblər".
Halbuki, kasıb dövlətlərdə səhiyyə daha pis vəziyyətdə olduğundan, yoluxanların arasında ölüm faizi də daha yüksəkdir. İlk baxışdan, texniki problem kimi də görünə bilər, amma məsələ əslində daha dərindir.
- Bu, sadəcə olaraq, bu xəstəliklə bağlı olan məsələ deyil. Bunun çox dərin kökləri var və bu, təsadüfi deyil. Çünki bu dərin köklər bizi müstəmləkəçilik dövrünə aparır. Amma elə bil ki, biz neomüstəmləkəçilik dövrünü qeyri-rəsmi müşahidə edirik, yaxud da ki, elan edilməmiş müstəmləkəçilik, bunun başqa adı yoxdur. Belə olan halda bu ölkələrin mənəvi haqqı varmı kiməsə nəsə desin, kimisə nədəsə ittiham etsin? Bu, eqoizmdir, vicdansızlıqdır.

Bu mövqedən cənab İlham Əliyev əsl qlobal siyasətçi, “üçüncü dünya” deyilən ölkələrin əhalisinin hüquqlarını qoruyan lider kimi çıxış edir. O, böyük suallar qoyur və dünyada yürüdülən gizli neokolonializm siyasətini tənqid edir.

Demə Qoq:
- Neo... nə kolonializm? Yəni sadə dildə desək, varlılar kasıbları istismarda davam edirlər də, hə?! Bu, elə hər yerdə belədir.

Neomüstəmləkəçilik nə deməkdir? Yadımıza salırıq müstəmləkəçilik dövrünü – məsələn, 1900-cü ili. Bir afrikalı ilə bir ingilisin hüquqları bərabər idimi? Xeyr. Bu gün hüquqi olaraq həmin sistem çöküb, heç bir metropoliya-müstəmləkə münasibəti yoxdur, amma keçən əsrin ortalarında bəziləri artıq anlamağa başladılar ki, düzdür, guya müstəmləkəçilik yoxdur, amma var kimidir axı. Yəni olanda necə idisə, indi vəziyyət formaca dəyişsə də, mahiyyətcə yenə təxminən o cürdür.
Bu fikirləri konseptual hala salmaq üçün 1965-ci ildə Qananın o vaxtkı prezidenti, özü Amerikada təhsil almış, Britaniyada yaşamış Kvame Nkruma “İmperializmin sonuncu mərhələsi - Neokolinilzm” adlı kitab yazır.

Demə Qoq:
- Deyəsən, adını Lenindən oğurlayıbmış axı. Proletariatın dahi öndəri imperializmin haqqında yazmışdi ki, o, “Kapitalizmin ən yüksək və sonuncu mərhələsi”dir.

Hə. Lenin imperializmi kapitalizmin sonuncu mərhələsi sayırdısa, Nkruma da neokolonializmi imperializmin sonuncu mərhələsi kimi göstərmişdi. O, ümumiyyətlə, maraqlı tarixi fiqur olub: Afrika Birləşmiş Ştatlarının yaradılması ideyasını irəli sürmüşdü, Afrika Ölkələri Birliyini yaratmışdı və hətta bizim yaxşı tanıdığımız Qoşulmama Hərəkatının da yaranmasına onun ideyalarının, fəaliyyətinin ciddi təsiri olmuşdu. Nkruma kitabında yazırdı ki, “Neokolonializm – kapitalist ölkələrin daxilindəki sosial problemlərin dünya siyasətinə daşınmasıdır”. Yəni sadə dillə desək, hansısa inkişaf etmiş ölkə özünün daxilindəki sosial problemi azaltmaq üçün onu dünyanın zəif ölkələrinin belinə yükləyir. Bu gün vaksin mövzusunda inkişaf etmiş ölkələr məhz elə belə də davranırlar. Məsələn, Kanada kimi.

3. Cökə yarpağına bükülən demokratiya

İlham Əliyev: - Kanada 154 milyon əhali üçün vaksinlər sifariş edib. Kanadanın əhalisi 38 milyondur. Yəni, bu ölkə, bu ölkənin hökuməti, hansı ki, Vətən müharibəsi zamanı sırf ermənipərəst mövqe sərgiləyirdi, işğalçıları dəstəkləyirdi, bizim haqq işimizə kölgə salmaq istəyirdi və hətta “Bayrakdar” pilotsuz uçuş aparatlarının kameralarının Türkiyəyə ixrac edilməsi ilə bağlı əsassız embarqo qoymuşdu. Həmin bu ermənipərəst ölkə 154 milyon vaksin sifariş edir, onun pulunu verir, öz ölkə əhalisinin sayı 38 milyondur. Yəni, dörd dəfə çox. Deməli, 120 milyona bu vaksin çatmayacaq. Onlar almayacaqlar, onlar xəstələnəcəklər, öləcəklər. Bunların vecinə deyil. Bunlar ancaq eqoist hisslərə qapılaraq öz maraqlarını təmin etmək istəyirlər. Belə olan halda hansı demokratiyadan söhbət gedə bilər? Hansı ədalətdən, mərhəmətdən, insan haqlarından söhbət gedə bilər? Deməli, kasıb ölkələrin insanlarının haqları tapdalanır, onların səhhəti, sağlamlığı risk altına düşür. Amma zəngin ölkələr öz maraqlarını artıqlaması ilə, o maraqların 4-5 mislini təmin etməklə, necə deyərlər, öz maraqlarını təmin edirlər.

Demokratiya və insan haqları prinsiplərinə görə bir kanadalı və ya bir ingilislə məsələn, bir hindistanlının heç bir fərqi yoxdur. Amma real işə gələndə məlum olur ki, var, həm də necə. Neokolonializm bax, bu deməkdir: Bir afrikalı ilə bir ingilis praktikada bərabər hüquqlu deyillər. Və ya, Qərb dövlətləri digər ölkələrin əhalisinin siyasi hüquqları, söz azadlığı uğrunda guya mübarizə aparır, fəqət, ən fundamental hüququnu – yaşamaq hüququnu elə özləri pozurlar.
Qoşulmama Hərəkatının əsas məqsədlərindən biri həm də neokolianlizmə qarşı mübarizə aparmaq olub. Və bu gün biz görürük ki, Azərbaycanın dövlət başçısı həmin siyasəti cəsarətlə, çəkinmədən davam etdirir. O, faktik qobal bir insan hüquqlarının müdafiəçisi kimi çıxış edir. Amma burada söhbət qurama, manipulyativ haqlardan yox, real, həqiqi, fundamental haqlardan – yaşamaq haqqından gedir.

Demə Qoq:
- Nə gizlədim, məhz Kanadanın ifşa olunması mənə xüsusən ləzzət elədi. Onlara elə lazımdır. İkiüzlülər.

Məhz Kanadanın neokolonialist məğzinin ifşa olunması həqiqətən maraqlı gediş idi. Onun qardaş Türkiyəyə qarşı davranışı – yəni “məndə texnologiya var, amma sənə vermirəm”,- demək tipik neokolonializm örnəyidir. Kanada heç bir vəchlə Azərbaycan-Ermənistan münaqişəsində hakim kəsilə, kimin haqlı, kimin haqsız olması haqda verdikt çıxara, buna əsasən haqsız saydığı tərəfi cəzalandıra bilməz, onun belə bir ixtiyarı yoxdur. Amma əgər bunu edirsə, onda bəli, Azərbaycanın prezidenti heç nədən çəkinmədən göstərir ki, 120 milyon insanın yaşamaq hüququnu pozan Kanada 3 milyon erməninin hüquqlarını qoruduğunu iddia edərək, Türkiyəyə kamera satmaqdan imtina edəndə, yumşaq desək, səmimi görünmür.
Ümumiyyətlə, bir halda ki, vaksin mübarizəsi gəlib bu həddə qədər qəlizləşib, dünyada hüquqları pozulan yüz milyonlarla insanın haqlarını kimsə qorumalı, onların maraqlarını kimsə ucadan səsləndirməlidir. Azərbaycanın dövlət başçısı bu missiyanı öz üzərinə götürür: "Azərbaycan - Qoşulmama Hərəkatına sədrlik edən ölkə burada səssiz qalmır və qalmayacaq. Bu gün mən bu imkandan istifadə edərək Qoşulmama Hərəkatının üzvlərinə də çağırış edirəm ki, onlar da bizim səsimizə qoşulsunlar və biz bu məsələni beynəlxalq kürsülərdə, BMT kürsüsündə qaldırmalıyıq. Ümumdünya Səhiyyə Təşkilatına müraciət etməliyik, şirkətlərə müraciət etməliyik, zəngin ölkələrə müraciət etməliyik ki, bu ölkələr bu praktikadan əl çəksinlər. Bu, ədalətsizlikdir. Buna göz yummaq olmaz. Bunun üstünü örtmək olmaz. Bu barədə Azərbaycan BMT-dən sonra ikinci böyük təsisatın lideri kimi, öz sözünü bundan sonra da deyəcək".

Bax, bu, real insan hüquqlarının həqiqi müdafiəsi örnəyidir. Bu anlayışdan manipulyativ istifadənin örnəyini isə biz Rusiyada baş verən hadisələrdə gördük. Dünən Moskva şəhər məhkəməsi müxalif bloger Aleksey Navalnının 3.5 illik şərti həbs cəzasını real həbslə əvəzləyəndən sonra dərhal Qərb ölkələri bir ağızdan onun buraxılmasını tələb etməyə başladılar. Maraqlıdır: Niyə yüz milyonların hüququnu rahatlıqla pozan Qərb bir nəfərin hüquqlarına belə həssaslıqla yanaşır?! Bu vacib suala cavab vermək üçün gəlin, məsələnin bir qədər dərinliklərinə enək.

4. Çoxgedişli oyunda qambit

Navalnının müəmmalı zəhərlənməsi Rusiyaya təzyiqlər üçün Qərb dövlətlərinə yaxşı əsaslar yaratmışdısa, onun həbsi prosesi sadəcə olaraq, apogeyə çatdırdı. Və maraqlı odur ki, Navalnı Putinin guya sarayı haqqında çəkdiyi videonu məhz Rusiyaya qayıdandan sonra yayımlamışdı. Sanki bilərəkdən tutulmaq üçün.

Navalnı: – Biz bu araşdırmanı hələ mən reanimasiyada olarkən düşünmüşdük. Amma belə şərtləşdik ki, onu yalnız mən evə - Rusiyaya qayıdandan sonra yayımlayacağıq. Çünki istəmirik ki, bu filmin baş qəhrəmanı bizim ondan qorxduğumuzu düşünsün. Və mən onun ən qorxulu sirri haqqında xaricdə ola-ola danışmış olmayım.

Demə Qoq: - Mənim bu qaqaşa hörmətim yarandı e. Bizim o özünə mühacir deyənlər Avropada oturub, internetdə söyürlər, realda isə bu tərəfə heç addım da atmırlar. Bunun heç olmasa onlara baxanda kişiliyi var imiş…

Bizimkilərdən ümumiyyətlə, danışmağa dəyməz. Navalnıya gəlincə, bu davranışı şərtləndirən o idi ki, həm özünə, həm də arxasında duranlara məhz tutulması lazım idi. Ki, həm Rusiyaya qarşı sanksiyalar yeni səviyyəyə qaldırılsın, həm də ölkədə aksiyalar dalğası başlasın. Buna görə Navalnı sadəcə olaraq, fiqur kimi qurban verildi. Onun Putinin sarayı haqqındakı araşdırması o qədər biabırçı bir yalan çıxdı ki, bundan sonra buraxılsa da, “araşdırmaları” ən yaxşı halda memə çevriləcək. Necə ki, Putinin sarayı ilə bağlı artıq yüzlərlə mem dolaşır sosial şəbəkələrin Rusiya seqmentində. İnsafən deməliyik ki, burada Kremlin siyasi və informasiya texnoloqları çox yaxşı işləyərək, blogeri blogerlə - Mash telegram kanalı ilə çıxardılar.

Demə Qoq: - Eyyyyy… Bir dəqiqə dayan görüm a! Bloger paz-zaddır ki bəyəm?! Hələ buradayam a, özünü yığışdır!...

Məlum oldu ki, Navalnının göstərdiyi kompüter qrafikası ilə düzəldilmiş 3D sarayın reallıqla heç bir əlaqəsi yoxdur, reallıqda orada otel tikilir, içində də nə akvadiskoteka, nə qızıl unitazlar, nə qəlyanxana – yeri gəlmişkən, Putin çəkən deyil,- nə fərdi teatr, nə palçıq otağı var, ümumiyyətlə, qara betondan başqa heç nə mövcud deyil. Heç divarlara mala da vurulmayıb. Real çəkiliş kadrlarındakı obyektlərin isə - məsələn, kitabxananın,- əslində Çexiyada olduğu aydınlaşdı. Ən maraqlısı qapının üstündəki gerb idi. Bəlli oldu ki, Navalnının videoda göstərdiyi qapı heç yerli-dibli yoxdur, üstündəki gerb isə Rusiya İmperiyasının deyil, Çernoqoriyanın gerbidir.
O da məlum oldu ki, bu filmi hazırlamaqda Navalnıya Almaniyanın “Blackforest Studios” kino studiyası və Los-Ancelosın prodüser studiyası kömək göstərib.
Beləliklə, Navalnının bütün dünyaya səs salan və 100 milyon baxış yığan videosu faktlarla darmadağın edildi. Dolayısı ilə, elə özü və gördüyü, görəcəyi bütün işlər də.
Amma ən maraqlısı nədir: Axı Navalnı niyə bu qədər yalanı deyərək, özünü, indiyə qədər gördüyü işləri, əvvəlki araşdırmaları və siyasi gələcəyini yandırsın?
Msələ ondadır ki, Navalnıya diqqətlə baxanda görmək çətin deyil: Onun özü dediklərinə inanır. İnanıb ki, ona verilən kadrlar, şəkillər, çertyojlar, interyerlər, 3D-qrafika hamısı həqiqətdir. Saray da həqiqətən Putinindir, buna görə, heç bir halda heç kimi ora buraxmayacaqlar, deyilənləri də yoxlamaq mümkün olmayacaq. Halbuki, bu materialları ona verənlər soyuqqanlıqla və vicdansızcasına aldadıblar. Onun yoxlamaq imkanı olmayıb. O, işlədiyi qüvvəyə ancaq inana bilərdi. Həmin qüvvə isə asanlıqla Navalnını yalan məlumatlarla gen-bol təchiz edib.

Demə Qoq: - Yadıma bilirsən, nə düşdü?! Bizdə də biri var idi, qaşını da çapmışdı, gedib məmurların villalarını çəkirdi. Sosial şəbəkədəkilər də küyə düşüb, onu Mikayıl Müşfiqə tay tutmuşdular. Sonra da aradan çıxdı… Deyəsən, elə bunların hamısı eyni yerə işləyirlər axı?!

O, sənin həmkarın idi, sən bilərsən. Navalnı məsələsinə isə çoxgedişli kombinasiya kimi baxanda aydın olur ki, o, xeyli əvvəldən qurban verilmək üçün hazırlanırdı. “Putinin sarayı” əslində bir əməliyyat idi və bu, çoxgedişli oyunda qambit olmalı idi. Şahmatda qambit odur ki, daha yaxşı mövqe qazanmaq üçün bilərəkdən piyadanı qurban verirsən. Navalnı həmin piyada idi. Amma... niyə?! Qərb illərdir yetişdirdiyi bu çox bacarıqlı, üstəlik, müəyyən siyasi və təşkilatçılıq, yüksək bloggerlik istedadı və o cümlədən, xarizması da olan fiquru niyə qurban verdi? Nəyin qarşılığında? Axı ondan hələ çox istifadə etmək olardı...

5. Rusiyanın getdiyi Türkiyə yolu

Navalnının qurban verilməsi ondan xəbər verir ki, Rusiyaya qarşı planlar yeni mərhələyə keçir. Bu, ölkəyə xaricdən sanksiyaları gücləndirmək, daxildən isə sabitliyi pozmaq üçün aksiyalar təşkil etmək mərhələsidir. Faktik olaraq, 2011-2013-cü illərdəki Bolotnaya hərəkatından sonra keçən müddətdə heç nə rusları küçəyə çıxara bilməmişdi. Bu mənada, Navalnının qurban verilməsi düzgün gediş idi. Məqsədin “Şimal axını-2” layihəsini əngəlləməklə bağlı olduğunu iddia edənlər var. Digər versiyaya görə, məsələ verilişin əvvəlində danşdığımız mövzu - vaksin bazarı uğrunda gedən dava ilə bağlıdır.
Amma məqsədin nə olmasından asılı olmayaraq, Navalnı hadisəsi növbəti dəfə göstərdi ki, sosial şəbəkələr necə dağıdıcı amilə çevrilə bilirlər. Ona görə də, bu həftə Putinin müəllimlərlə onlayn görüşü zamanı sosial şəbəkələr, xüsusilə, onların gənclərin şüuruna təsir imkanları mövzusunun üzərində xüsusi dayanılması təsadüfi deyildi.

Putin: - İnformasiya mənbələri həddindən artıq çoxdur. Onlar nə qədər etibarlıdırlar - bu, başqa məsələdir. Amma bir qayda olaraq, çatdırmaq istədiklərini çox parlaq şəkildə, istedadla çatdıra bilirlər. Bu, əsla o demək deyil ki, məzmun doğrudur; yox. Amma hansısa informasiyanı yaymaq istəyənlər bunu çox bacarıqla edirlər...

Bax bu, bütün dünyada radikal mövqedə olanların əsas üstünlüyüdür. Çünki onların durduğu yerdə cazibəli görünmək qat-qat asandır və xüsusi bir istedad, savad tələb etmir. Konkret sosial şəbəkələrlə bağlı isə Putin bunları dedi:

Putin: – Bu platfomalar, əlbəttə, ilk növbədə biznesdir. Biz bunu heç vaxt unutmalı deyilik. Bu fəaliyyət növünün təşkilatçıları üçün bu, biznesdir. Biznes nə deməkdir? Biznesdə ən başda nə gəlir? Gəlir götürmək! Və əksər hallarda bunu bütün mümkün yollarla edirlər. Hansısa kontentin yönəldildiyi insanlara zərər vurmasını isə bu adamlar heç veclərinə də almırlar. Zərər çəkənlərə tüpürmək belə istəmirlər. Müasir informasiya platformaları getdikcə şüurları daha çox idarə edir. Sadəcə, özlərinin şərti müştərilərini öyrənir və onun qabağına özlərinin lazımlı hesab etdiklərini tullayırlar. Və insan hətta idarə olunduğunun fərqinə də varmadan, qərarlar verməyə başlayır.

Fevralın 1-dən Rusiyada sosial şəbəkədə yalan və qanunsuz informasiyaların yayılması ilə bağlı qanun qüvvəyə mindi. Eynilə Türkiyədəki kimi, bu qanun da publik şəbəkənin təşkilatçısı anlayışını müəyyən edir və tələb qoyur ki, onun ölkədə təmsilçiliyi olmalıdır. Həmin təmsilçilik istifadəçilərin və rəsmi qurumların şikayətlərinə cavab verməlidir. Beləliklə, artıq iki qonşumuz eyni istiqamətdə təxminən eyni addımlar atıblar. Bu təcrübəni nəzərə almaq bizim üçün də getdikcə zərurətə çevrilir.
Biz hadisələri izləyərək, sizin üçün təhlil etməyə çalışacağıq. Şənbə günü AzVisionda görüşərik. Ona qədər isə möhkəm olun.



Teqlər: AzVision   Real-TV  





Xəbər lenti