Məktəblərdə mütəmadi monitorinqlər aparılacaq

Məktəblərdə mütəmadi monitorinqlər aparılacaq
  04 Fevral 2021    Oxunub:2364
Fevralın 15-dən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) və xüsusi məktəblərdə (I-IX siniflərdə) əyani tədrisə start verilməsi nəzərdə tutulur. Ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə, xüsusi məktəblərdə (I-IX siniflərdə) isə həftədə 5 dəfə olmaqla əyani tədrisin bərpası planlaşdırılır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azvision.az -a verilən məlumata görə, fevralın 1-dən BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində ibtidai siniflər və məktəbəhazırlıq qrupları üzrə ənənəvi təhsilə start verilib. Bakıda ibtidai siniflərdə əyani təhsil həftədə 3 dəfə, məktəbəhazırlıq qruplarda isə həftədə 2 dəfə təşkil olunur.

Məktəblərə istilik verilir
Əyani tədris zamanı şagird sayı çox olan siniflər qruplara bölünür. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar təhsil müəssisələrinə daxil olan zaman müəllim və şagirdlərin hərarəti ölçülür, şagirdlər arasında sosial məsafənin qorunması təmin olunur.

Onu da qeyd edək ki, təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”, həmçinin Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planları əsasında təşkil edilir.

Əyani tədris forması təşkil edilən təhsil müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılacaq.

Azvision.az


Teqlər: BŞTİ   Əyani   Tədris  





Xəbər lenti