“İtaliyanın təhsil təcrübəsindən faydalana bilərik” - Ekspert
Təhsil eksperti Kamran Əsədov məsələ ilə bağlı Azvision.az -a açıqlamasında bildirib ki, İtaliya universitetlərinin əksəriyyəti dünya reytinqində öncül yerlərdədir və məzunları müasir standartlara, əmək bazarının tələblərinə tam şəkildə uyğun gəlir:
“Bundan başqa, hazırda İtaliyada 5 min azərbaycanlı gənc ali təhsil alır. Bütün sahələrdə Azərbaycanla əməkdaşlıq münasibətində olan ölkə ilə ortaq ali təhsil müəssisəsinin yaradılması müsbət tendensiyadır. Ona görə də İtaliya təcrübəsindən yararlanmağa böyük ehtiyac var. Mövcud qanunvericiliyə görə, Azərbaycan və İtaliya birgə universitet yarada bilər. Belə ali məktəbin yaradılması üçün iki ölkə arasında təhsil müqavilələri olmalıdır. Azərbaycan və İtaliya arasında bu sahədə kifayət qədər çox istiqamətli müqavilələr mövcuddur”.
Ekspert qeyd edib ki, İtaliya-Azərbaycan birgə universitetində dizayn, turizm, İKT kimi ixtisasların yaradılmasına ehtiyac var: “İtaliya universitetləri bu istiqamətdə çox inkişaf ediblər. Bir vacib məqamı da qeyd edim ki, Azərbaycanın birgə universitet təsis etmək təcrübəsi var. Belə ki, hazırda Azərbaycan - Fransa Universiteti – UFAZ fəaliyyət göstərir”.
K.Əsədovun sözlərinə görə, İtaliya və Azərbaycanda təhsil sahəsində son illər ciddi islahatlar həyata keçirilir:
“İnanıram ki, Azərbaycan-İtaliya birgə ali məktəbin yaradılmasına dair danışıqlar, nüfuzlu Boloniya, Milan kimi ali təhsil müəssisələri ilə birgə universitetin yaradılması məsələsi həll olunacaq. Xarici ölkə universitetlərinin Azərbaycanda olması ali təhsil müəssisələri arasında rəqabət mühitini formalaşdıra bilər. Eyni zamanda, xarici ölkə təcrübəsinin ölkəmizə gəlməsinə şərait yaradacaq”.
Aytən Zəhra
Azvision.az
Teqlər: İtaliya Azərbaycan Universitet