“İtalyanlar Azərbaycan kimi güclü tərəfdaşa böyük ümidlərlə yanaşırlar”- Politoloq

 “İtalyanlar Azərbaycan kimi güclü tərəfdaşa böyük ümidlərlə yanaşırlar”-   Politoloq
  05 Fevral 2021    Oxunub:3144
Son illər Azərbaycanla İtaliyanın dostluq və əməkdaşlıq əlaqələri xeyli güclənib. Ölkələr arasında imzalanmış Strateji tərəfdaşlıq haqqında sənəd münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Bundan əlavə, Vətən müharibəsi dövründə İtaliyanın Azərbaycana mühüm siyasi dəstəyi, qlobal layihələrdə birgə iştirak strateji əlaqələrin yeni mərhələyə qədəm qoymasına əlverişli zəmin yaradır.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu günlərdə İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Vətən müharibəsindən sonra azad edilmiş ərazilərin bərpasına dost ölkələrin yaxından cəlb ediləcəyini və İtaliyanın da bu sırada olduğunu xüsusi vurğuladı.

Prezident İlham Əliyev deyib: “Artıq bərpa işləri və tikinti işləri ilə bağlı bir neçə italyan şirkəti dəvət olunub. Əminəm ki, onların sayı daha da artacaq. Çünki mən artıq dəfələrlə çıxışlarımda demişəm və bir daha qeyd etmək istəyirəm ki, biz yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik. Yaxşı ingilis deyimi var: yaxşı dost dar gündə tanınar. Bu çətin anda siz dostlarınızın həqiqətən kimin olduğunu anlayırsınız. Bu, çox vacib və dəyərli bir məsələdir”.

XXV Qış Olimpiadası başa çatıb
İtaliya-Azərbaycan dostluğunun və sıxlaşan əlaqələrinin gələcək perspektivlərini Azvision.az -a şərh edən politoloq Tofiq Abbasov deyib ki, hər iki ölkənin bir-birinə yüksək dəyər verməsi üçün kifayət qədər əsaslar var:

“Əvvəla onu qeyd edək ki, İtaliya bir sıra məqamlara görə Avropanın üçüncü böyük ölkəsi sayılır. İqtisadi potensialı və texnoloji hazırlığına görə, öndə gedən ölkələrdən biridir. Digər tərəfdən, Roma Avropa İttifaqının daxilində geosiyasi ab-havanı formalaşdıran əsas vacib seqmentlərdən birinə çevrilib. Düzdür, ölkə daxilində siyasi qüvvələr arasında sərt çəkişmələr hələ də davam edir, hökumət böhranının olacağı gözlənir. Ancaq bütün bunlara baxmayaraq, bu aparıcı Avropa ölkəsinin kifayət qədər güclü, işlək və çevik potensialı var. Bu baxımdan italyanlar Azərbaycan kimi güclü tərəfdaş olan ölkəyə böyük ümidlər və planlarla yanaşırlar. Bilirlər ki, Cənubi Qafqazın aparıcı ölkəsinə çevrilən Azərbaycanın çox ümidverici keyfiyyətləri üzə çıxır”.



Bu il "Böyük İyirmilik" sammitinin İtaliyada təşkil ediləcəyini xatırladan politoloq zirvə görüşünə sahiblik edən ölkənin həmişə özünə yaxın bildiyi bir neçə qonağı dəvət edə bildiyini söyləyib. İtaliya da özünə yaxın bildiyi ölkəyə- Azərbaycana belə bir dəvət göndərib:

“Təbii ki, Prezident İlham Əliyev ölkəmizi burada uğurlu şəkildə təmsil edərək, mühüm zirvə görüşündə iştirak edəcək. Bu nədən xəbər verir? İtaliya öz tərəfdaşına dəyər verir, bizim potensialımızı son dərəcə yüksək qiymətləndirir, Azərbaycanla münasibətlərin inkişafını önəmli sayır. Təbii ki, biz də mürəkkəb və baha başa gələn bir layihəni - Cənub Qaz Dəhlizini reallaşdırmaqla dəyərin qarşılıqlı olmasını göstərmişik. Xəzərin sahilindən Adriatik dənizinə, İtaliyaya qədər kəməri müvəffəqiyyətlə çəkdik və göstərdik ki, biz yalnız fantastik görünən planlarımızı bəyan etməklə durmuruq, həm də onların reallaşmasını təmin edə bilirik. Bu layihə dünya çapında çox böyük əks-səda doğurdu, yüksək qiymətlər alan təşəbbüs oldu. İdeyanı Azərbaycan rəhbərliyi gerçəkləşdirə bildi. Çünki bu, Prezident İlham Əliyevin ideyası idi. Layihə İtaliyada da çox böyük rezonansa səbəb oldu. Artan iqtisadiyyatların ən başlıca problemlərindən biri enerji təminatıdır. Qaz isə bir resurs kimi həm ekoloji cəhətdən əlverişlidir, həm də daha əlçatandır. Neftlə müqayisədə indi demək olar ki, artıq qaz önə çıxır. Bu mənada İtaliya sözügedən məsələyə çox böyük diqqət ayırmışdı. Düzdür, siyasi cəhətdən asan olmadı. Daxildə bəzi qüvvələr üçüncü ölkələrin təhriki ilə ekoloji problem və s. məsələləri qaldırırdılar. Ancaq onların da səyləri boşa çıxdı, İtaliyanın hakim dairələri qətiyyətlə Azərbaycanın bu təşəbbüsünü dəstəklədilər və artıq ötən ilin son günlərində qazımız bu ölkəyə çatdı. Bu baxımdan çox perspektivli layihələrimiz var, olub və postmüharibə dövründə də olacaq”.

Tofiq Abbasov hesab edir, dünyanın qədəm qoyduğu yeni dönəmdə aparıcı dövlətlər, lider ölkələr işlək, vədlərini vaxtında həyata keçirən oyunçulara önəm verirlər. Bu baxımdan Azərbaycan geosiyasi subyekt kimi son dərəcə yüksək nüfuz qazana bilib və bu, İtaliyada yüksək qiymətləndirilir:

“Əminəm ki, İtaliya şirkətləri hazırda bizim üçün daha vacib planlar sayılan Qarabağdakı bərpa və quruculuq işlərində öz sözlərini deyəcəklər. Azərbaycan İtaliya ilə “yaşıl kimya”, “yaşıl enerji”, “yaşıl enerji zonası”, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları əsasında sıx əməkdaşlıq edəcək. İndi bizi daha çox cəzb edən “Yaşıl enerji” ilə bağlı italyanların texnoloji hazırlıqları, bacarıqları yüksək səviyyədədir. İtalyanlar Azərbaycan şirkətləri ilə əl-ələ verərək həm ölkəmizdə yeni layihələri reallaşdıracaqlar, həm də xaricdə aktiv fəaliyyət göstərə bilərlər. Çünki şirkətlərin bir-biri ilə tanışlığı, sıx əməkdaşlığı imkanlar yaradacaq ki, onlar üçüncü, dördüncü dövlətlərdə də birgə konsensus təşkil edərək fəaliyyət göstərsinlər, ortaq formatda yaxşı mənfəət əldə etsinlər. Bu, həm də rəqabətin gərginliyi dövründə çox vacib amildir”

Tural Tağıyev
Azvision.az


Teqlər: İtaliya   Azərbaycan   Tərəfdaş   Dost  






Xəbər lenti