“Azərbaycan-Britaniya əməkdaşlığı etibarlı tərəfdaşlığa əsaslanır”

  09 Fevral 2021    Oxunub : 1234
“Azərbaycan-Britaniya əməkdaşlığı etibarlı tərəfdaşlığa əsaslanır”
90-cı illərin əvvəllərindən yaranan Azərbaycanla Böyük Britaniya arasında tərəfdaşlıq əlaqələri zəngin tarixə malikdir. Müxtəlif sahələri əhatə edən əlaqələrin inkişaf etdirilməsində, uğur qazanmasında ulu öndər Heydər Əliyevin zəngin siyasi təcrübəsinin, regionda cərəyan edən prosesləri dəqiq qiymətləndirmək bacarığının xüsusi rolu olub.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev bildirib.

Millət vəkili qeyd edib ki, Ümummilli Lider tərəfindən uğurla inkişaf etdirilən iki ölkə arasındakı əlaqələr Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Dövlətimizin başçısının Böyük Britaniyaya səfəri, ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi diqqət göstərməsi iki ölkə arasında əlaqələrin yeni mərhələyə qədəm qoymasına zəmin yaradıb.

“Siyasi partiyaların YAP-a qoşulması milli birliyimizin nümunəsidir”
BP-nin Azərbaycanın neft-qaz sektorunun inkişafı və modernləşdirilməsinə verdiyi mühüm töhfələr vasitəsilə Böyük Britaniya enerji sənayesində ölkəmizin əsas tərəfdaşıdır. BP şirkəti ilə sıx əməkdaşlıq Azərbaycanın neft strategiyasının həyata keçirilməsində başlıca rol oynayıb. BP və digər şirkətlərlə birgə həyata keçirilən enerji layihələri ölkəmizin iqtisadi müstəqilliyinin təməlində dayanan əsas amildir. Bütün bunlar Böyük Britaniyanın Azərbaycanın inkişafında oynadığı aparıcı roldan xəbər verir.

Birləşmiş Krallığın Avropa Qonşuluğu və Amerika üzrə dövlət naziri Vendi Mortonun ölkəmizə iki günlük səfəri Azərbaycan-Böyük Britaniya dostluğunun, əlaqələrinin yüksək səviyyədə olmasına nümunədir. Ölkəmizə səfərinin məqsədini özünün tvitter səhifəsində paylaşan Vendi Morton yazır: “Salam Bakı, Azərbaycan! Azərbaycana ilk səfər edən Birləşmiş Krallığın Avropa Qonşuluğu və Amerika üzrə dövlət naziri olaraq qadınların hüquqlarını inkişaf etdirmək üçün onların biznes və siyasətdə daha çox imkanlara sahib olmasını və zorakılıqdan qorunmasını təmin etmək məqsədilə Azərbaycanın Xarici İşlər Nazirliyi ilə yaxından əməkdaşlıq edəcəyəm”.

Müxtəlif sahələri əhatə edən səfər çərçivəsində “yaşıl energetika”nın inkişafı və iqlim dəyişikliyinə qarşı tədbirlər də yer alacaq. Ölkə Prezidenti İlham Əliyev 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasını hədəf kimi müəyyənləşdirib. Dövlətimizin başçısının imzaladığı sərəncamlar nəticəsində Azərbaycanda energetikanın digər sahələrində olduğu kimi, bərpaolunan enerji mənbələrindən istifadə sahəsində də əlverişli investisiya mühiti yaradılıb, özəl sərmayələrin cəlb edilməsi və irimiqyaslı layihələrin icrası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Qarşıdakı 10 il ərzində təqribən 1500 meqavat həcmində yeni gücün istifadəyə verilməsi nəzərdə tutulur. Bu vəzifənin məhz özəl investisiyalar hesabına reallaşdırılması planlaşdırılır.

Böyük Britaniya bərpa oluna bilən enerji sektorunda və təmiz enerji istehsalında dünya lideridir. Külək enerjisi, yaşıl maliyyə və tullantıların idarəolunması üzrə aparıcı ölkə olan Birləşmiş Krallıqla Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları, həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalından azad olunmuş ərazilərdə yaşıl enerji zonalarının yaradılması istiqamətində öz sözünü deyəcək, yetərincə günəş və külək enerjisi ilə zəngin Qarabağı və ətraf rayonları “yaşıl enerji” zonalarına çevirəcək.

Azvision.az

Teqlər: NaqifHəmzəyev