`Azersun` Qazaxıstana maraq göstərir

`Azersun` Qazaxıstana maraq göstərir
  20 Fevral 2014    Oxunub:4176
“Azersun Holding” şirkətlər qrupu Qazaxıstan ilə işləməyə maraq göstərir.
Prezident Nursultan Nazarbayevin sözləri Qazaxıstanla işgüzar əlaqələrin yaradılmasında bizə - biznes qruplarının nümayəndələrinə əminlik hissi bəxş edir. “Azersun Holding” şirkətlər qrupu Qazaxıstanla işləməyə maraq göstərir. İki mühüm göstəricini – sosial vektor və biznes tərəfdaşlığı uzlaşdıranda əməkdaşlığımız xüsusilə cəlbedici olur.

AzVision.az Kazinforma istinadla xəbər verir ki, bu fikri “Azersun Holding” şirkətlər qrupunun prezidenti Abdulbari Gozal Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin xalqa “Qazaxıstan yolu – 2050: vahid məqsəd, vahid maraqlar, vahid gələcək” adlı müraciəti ilə tanış olduqdan sonra səsləndirib. Qazaxıstan dövlətinin başçısı müraciətdə ölkəsinin dünyanın 30 ən inkişaf etmiş ölkəsi sırasına daxil olması konsepsiyasını irəli sürüb.

A.Gozal deyib ki, “Azersun Holding” şirkəti ərzaq malları istehsalı, ticarət və kənd təsərrüfatı ilə məşğul olur. Biz qazaxıstanlıların sosial təminatı ilə bağlı yüksək məqsədlərin əldə olunmasına kömək göstərməyə şad olardıq”.

Hər iki ölkənin prezidentinin tapşırığına əsasən birinci mərhələdə Aktau şəhərində “Azersun istehsalat və logistika mərkəzi” layihəsini həyata keçirmək planlaşdırılıb. “Azersun Holding”, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və “Aktau dəniz limanı” azad ticarət zonasının administrasiyası arasında qarşılıqlı anlaşma barədə Memorandum imzalanıb. Azərbaycan tərəfi Aktau dəniz limanının xüsusi iqtisadi zonasında 10 milyon ABŞ dolları dəyərində iri logistika mərkəzi inşa edəcək. Bu, Qazaxıstanın qərb regionlarını Azərbaycandan ixrac edilən meyvə-tərəvəz və digər məhsullarla təmin etməyə imkan verəcək, habelə regionun nəqliyyat infrastrukturunun inkişafında, beynəlxalq yük daşımalarının fəallaşmasında əhəmiyyətli rol oynayacaq. Azərbaycan malları ilə bərabər, başqa ölkələrdən gətirilən malların, habelə Qazaxıstanın öz məhsulunun qablaşdırılması və paylaşdırılması nəzərdə tutulub.

Tikintisinə 4 hektar torpaq sahəsinin ayrıldığı mərkəz anbarlar və dünya səviyyəli soyuducu qurğularla təchiz ediləcəkdir. İlkin mərhələdə məhsul Qazaxıstanın qərb vilayətlərinə paylaşdırılacaqdır. Gələcəkdə bütün Qazaxıstanı meyvə-tərəvəz məhsulu ilə təchiz etmək planlaşdırılır. Mərkəz təkcə meyvə-tərəvəzin saxlanması ilə deyil, həm də emalı ilə məşğul olacaq.

“Azersun Holding”in başçısı A.Gozal sonda deyib ki, “Qazaxıstanı rahat və keyfiyyətli məhsulla təmin etməklə biz Qazaxıstan Respublikasının inkişafına, Qazaxıstan və Azərbaycan arasında mövcud zəngin qarşılıqlı faydalı əməkdaşlıq potensialına, münasibətlərin yüksək səviyyəsinə müvafiq olaraq ölkələrimiz arasında əmtəə dövriyyəsinin genişlənməsinə öz töhfəmizi verməyə şadıq. Bu, Qazaxıstanın dünyanın ən inkişaf etmiş 30 ölkəsi sırasına daxil olması yolunda bizim birgə zəhmətimiz olacaq”.


Teqlər:





Xəbər lenti