Bu il bahalaşmaya hansı amillər səbəb ola bilər? - TƏHLİL

   Bu il bahalaşmaya hansı amillər səbəb ola bilər? -    TƏHLİL
  10 Fevral 2021    Oxunub:8930
Azərbaycanda keçən il istehlak qiymətləri indeksi 102,8 faiz təşkil edib, bu il isə 4±2 faiz səviyyəsində proqnozlaşdırılıb. Bu günlərdə Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında qeyd etdi ki, inflyasiya ilə bağlı proqnozların hazırlanması zamanı ərzaq və qeyri-ərzaq məhsulları üzrə alternativ monitorinqlər aparılır və bunun nəticələri nəzərə alınır.
Sual yarandı ki, bəs, bu monitorinq nəticələri keçən il nəyə görə 2,8 faiz səviyyəsində inflyasiyanın qeydə alıdığını da müəyyən etməyə imkan verdimi? Nəzərə almalıyıq ki, 2020-ci ildə dünyada, ölkəmizdə məlum səbəb üzündən iqtisadi fəaliyyət məhdudlaşdırılmışdı. Cari il ərzindəsə bunun aradan qaldırılmasına başlanıb və tədbiq olunan məhdudlaşdırıcı tədbirlər həyata keçirilməkdə olan vaksinləşdirmə prosesinin kəmiyyət və keyfiyyət nəticələrinə əsasən ilin ortasına doğru aradan qalxacaq. İqtisadi fəallıq özü isə infyasiya yaradıcı amillərdəndir.

Üstəlik, real olaraq dünya bazarlarında ərzaq da sürətlə bahalaşmaqdadır. Neftin qiyməti qalxır, qlobal iqtisadi vəziyyət düzəlmək əvəzinə bir sıra istiqamətlər üzrə bir az da mürəkkəbləşir... Halbuki, bu il əksər ölkələrdə artımın bərpa olunacağı proqnoz edilib. Ancaq artım bərpa edilərsə də bu il əksər sahələrdə bahalaşma mümkündür. Məsələ bundadır ki, keçən ildəki iqtisadi məhdudlaşdırıcı tədbirlər sözünü bu il deyəcək. Təsadüfi deyil ki, dünyada ən çox ərzaq idxal edən ölkələr hazırda daha çox ehtiyat yaratmaq üçün alış edirlər. Bunun əsasında isə ən mühüm ərzaq məhsulları istehsalçısı kimi tanınan ölkələrin bu il ərzində də az məhsul əldə edəcəkləri proqnozu dayanır.

Bütün qeyd olunanların fonunda ölkəmizdə hələ benzin ilə dizel yanacağı və suyun qiyməti artırılıb. Amma dünyadakı vəziyyət bahalaşmanın davam edə biləcəyi haqda siqnallar verir ki, bu da inflyasiyaya əlavə təkan olacaq.
Yeri gəlmişkən, maraqlıdır: AMB sədri E. Rüstəmov benzin ilə dizel yanacağının qiymətlərinin artmasının inflyasiyaya təsirini minimum qiymətləndirdiyi halda, Dövlət Statistika Komitəsi yanvarda təkcə qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksinin Aİ-92 markalı avtomobil benzininin, dizel yanacağının pərakəndə satış qiymətlərinin dəyişməsi ilə əlaqədar yüksəldiyini bildirib.
2021-ci ilin yanvarında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 2,5 faiz yüksəlib ki, bu rəqəm ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,6 faizə bərabər olub. Sözün qısası, bir tərəfdən iqtisadi fəallığın bərpa olunacağı, digər tərəfdən dünyada ərzaq məhsullarının bahalaşması, üçüncü tərəfdən isə ölkəmizdə tənzimlənən qiymətlər üzrə dəyişikliklərin həyata keçirilməsi prosesi cari ildə inflyasını əslində, ikirəqəmli edə bilər. Və bu, özünü ən çox ərzaqda göstərəcək.

Ancaq burada bir nüans var. İqtisadi fəallığın bərpasının inflyasıyaya təsiri məqbuldur. Hər necə təsir edirsə-etsin... Əsas odur ki, qiymətlərin artmasına məhz bu amil təsir göstərsin. Amma təəssüf ki, bizdə qiymətlərin artması ən çox xarici təsir, daxildə tənzimlənən qiymətlər üzrə tarif dəyişikliyi, qeyri-qənaətbəxş rəqabət şəraitilə bağlı olub.
Məsələn, götürək əməkhaqqı və pensiya artımlarını... Ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqları keçən il əvvəlki ilə nisbətən 11,4 faiz artıb. Bunun özü keçən il inflyasiya səviyyəsini 2,8 faizdən çox etməli idi. Üstəlik, iqtisadi fəaliyyət məhdudlaşdırıldığından təklif də enmişdi.

Ümumiyyətlə, gəlirlərin artması müəyyən həddə inflyasiya yaradırsa demək ki, artım baş verib və ya verir. İkirəqəmli inflyasiya isə "cızıqdan çıxma" sayılır və bu, normal iqtisadi proseslərin, yəni effektiv tendensiyanın nəticəsi hesab edilmir. Bu il Azərbaycanda qlobal iqtisadiyyatda baş verə biləcək bütün tendensiyalar fonunda ikirəqəmli bahalaşma göstəricisinin qeydə alınacağı hər halda, tam inandırıcı görünməsə də, qiymətlərin yüksələcəyi real sayılır.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Bahalaşma   İnflyasiya  





Xəbər lenti