Hakimliyə namizədlərlə şifahi imtahanlar keçiriləcək

Hakimliyə namizədlərlə şifahi imtahanlar keçiriləcək
  12 Fevral 2021    Oxunub:1292
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” dövlət başçısı İlham Əliyevin 2019-cu il 3 aprel tarixli Fərmanı ilə hakimlərin yüksək iş yükünün azaldılması, işlərə daha tez və keyfiyyətlə baxılması məqsədilə hakim ştatlarının sayı 200 vahid artırılıb.
Hakimlərin Seçki Komitəsindən Azvision.az -a bildiriblər ki, həmin ştatların yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına və çevik komplektləşdirilməsi məqsədilə Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin seçilməsi qaydaları təkmilləşdirilib. İmtahanlarda müasir texnologiyaların tətbiq olunması, sualların kompüter vasitəsilə cavablandırılması və nəticələrin dərhal elanı müəyyən edilib. Həmçinin hakimliyə namizədlərin sənədlərinin qəbulu davamlı xarakter alıb.

Hakimlərin Seçki Komitəsi tərəfindən yeni qaydalarla keçirilmiş müsabiqə nəticəsində 200-dən çox namizəddən 44 nəfər bütün imtahanlarda müvəffəqiyyət qazanıb, hakim vəzifəsinə hazırlanmaları üçün uzunmüddətli tədris kursunu uğurla başa vurub və Azərbaycan Prezidentinin 2021-ci il 3 fevral tarixli Sərəncamı ilə müxtəlif hakim vəzifələrinə təyin ediliblər.

Eyni zamanda test və yazılı imtahandan uğurla keçmiş növbəti qrup hakimliyə namizədlərlə şifahi imtahanlar keçiriləcək. 300-dən çox hüquqşünas isə test imtahanında iştirak etmək üçün sənədlərini təqdim ediblər.

Hakimlərin Seçki Komitəsi bildirir ki, karantin rejiminin yumşaldılması ilə əlaqədar həmin namizədlərlə test imtahanı cari il martın 3-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək. Növbəti test imtahanı üçün sənədlərin qəbulu isə fasiləsiz davam etdiriləcək.

COVID-19 pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla və müasir İKT tətbiq edilməklə keçiriləcək test imtahanının yeri, başlanma vaxtı və sair barədə namizədlərə əlavə məlumat veriləcək.

Eyni zamanda namizədlərə xatırladılır ki, test imtahanı DİM tərəfindən qanunvericiliyə uyğun olaraq ödənişli keçirilir.

Namizədlərin rahatlığı üçün imtahana görə ödənişin aparılması və “İmtahana buraxılış vərəqəsi”nin əldə olunması DİM tərəfindən fevralın 15-dən etibarən dim.gov.az saytı vasitəsilə həyata keçiriləcək. Müsabiqə ilə bağlı “Yaddaş Kitabçası” isə jlc.gov.az saytından əldə edilə bilər.

Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62.

Azvision.az



Teqlər: Hakim  





Xəbər lenti