“Peyvənd olunmadan normal həyatımıza qayıda bilməyəcəyik” - İnfeksionist

 “Peyvənd olunmadan normal həyatımıza qayıda bilməyəcəyik” -  İnfeksionist
  13 Fevral 2021    Oxunub:2335
Pandemiya bir ilə yaxın dövrdə dünyanı zəbt edib. Peyvəndlərlə bağlı sualların və tərəddüdlərin olması normaldır. Yanvarın 18-dən ölkəmizdə vaksinasiya başlayıb və ilk növbədə tibb işçiləri peyvənd olunub. Bu proses uğurla icra edilir.
Azvision.az xəbər verir ki, bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Natiq Əliyev deyib. O bildirib ki, vaksinasiya koronavirus bəlasından qurtulmağımız üçün yeganə çıxış yoludur.

“Fevralın 8-dən 65 və daha yuxarı yaşda şəxslərin vaksinasiyasına başlanılıb. Bu yaşda olanlar bəzən qeyd edirlər ki, onların xroniki xəstəlikləri var, peyvənd oluna bilərlər? Onlara risk qrupunda olduqlarını və peyvəndin vacibliyini qeyd edirik. Xroniki xəstəliyi, yanaşı xəstəliyi, təzyiqi, şəkəri olanlar da vaksin vurdurmalıdır. Onlar risk qrupuna daxildir”.

N.Əliyev qeyd edib ki, mart ayında pandemiya başlayanda insanların ən böyük arzusu tezliklə vaksinin hazırlanması və normal həyata qayıdış idi.

“İndi isə vaksin gələndən sonra suallar yaranır. Azərbaycan ilk ölkələrdəndir ki, bəzi dövlətlərlə vaksinin birinci faza sınaqları zamanı artıq müqavilələr bağlamışdı. Bununla ölkəmiz vaksini ilk əldə edən ölkələrdən oldu. Kütləvi immunitetin yaranması bəladan qurtulmağımız üçün vacibdir. Hər bir şəxs yanaşı xəstəliklərin olub-olmamasından asılı olmayaraq peyvənd edilməlidir. Xroniki xəstəliklərin aktivləşmə fazasında, temperaturu olanda və ya hansısa xəstəliyi keçirən zaman insanlar həkim tərəfindən dəyərləndirilir. Uyğun bilinməsə, peyvənd olunmurlar”.

Həkim vətəndaşları vaksinasiyada aktiv iştirak etməyə çağırıb. Qeyd edib ki, kütləvi immun sisteminin yaranması bir gün ərzində mümkün deyil.

“Peyvəndləmə mərhələli şəkildə aparılır. Vaksin vurdurmadan prosesi bir il uzada bilərik və həyatımız tamamilə iflic olacaq, normal həyatımıza qayıda bilməyəcəyik. 4 min yoluxmadan 100 rəqəminə qədər düşmüşüksə, bu aparılan tədbirlər və qaydalara əməl edilməsi nəticəsində mümkün olub. Pandemiya ümumi bəla olduğu üçün digər ölkələrdə də vaksinasiya mərhələli şəkildə gedir. Normal həyatımıza qayıtmaq üçün virus kütləvi şəkildə bitməlidir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Peyvənd  





Xəbər lenti