Müdafiə Nazirliyindən Ohanyana sərt cavab

Müdafiə Nazirliyindən Ohanyana sərt cavab
  20 Fevral 2014    Oxunub:1115
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Azərbaycanın tarixi və ordusu haqqında söylədiyi təhqiramiz fikirlərə sərt cavab verib.
AzVision.az-ın məlumatına görə, bununla bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Vaqif Dərgahlı Trend-ə açıqlamasında bildirib:

"Son günlər Ermənistan Respublikasının müdafiə naziri Seyran Ohanyanın qədim tarixə və ənənəyə malik Azərbaycan dövləti haqqında söylədiyi cəfəng fikirlərə münasibət olaraq qeyd edirik ki, eramızdan əvvəl I minillikdə - bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, İskit (Skit, Skif) şahlığı, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olub. Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin və tarixi ənənələrinin daha da yüksəldilməsində, ölkənin iqtisadi-mədəni tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynayıb. Azərbaycan xalqı bu ərazidə - tarixi Azərbaycan torpaqlarında zəngin və özünəməxsus mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaradıb".

V.Dəgahlı hesab edir ki, Ermənistanın müdafiə naziri qədim Azərbaycan dövləti və onun tarixi ənənələri barədə danışmaqdansa, erməni milləti və Ermənistan haqqında tarixi şəxsiyyətlərin - A.S.Puşkin, A.S.Qriboyedov, Musa Xorenatsi, gürcü yazıçı və mütəfəkkir İ.Çavçavadze, fransız səyyah qraf De-Şolye, rus diplomatlar Mayevski, Paskeviçin və digərlərinin fikirlərinə diqqət yetirməsi daha məsləhətdir.

Mətbuat xidmətinin rəhbəri buna misal olaraq A.S.Qriboyedovun Rusiya imperatoruna yazdığı məktubdan bir sitatı xatırladıb: "Ermənistan bir dövlət kimi bəşəriyyət tarixində heç bir mühüm rol oynamamış, onun adı hayların səpələndiyi coğrafi termin olub güclü dövlətlərin - assuriyalıların, midiyalıların, iranlıların, yunanların, monqalların, rusların öz mübahisələrini həll etdikləri yer olmuşdur. Onlar ermənilərlə heç zaman dil tapa bilmədiklərini daim bildirmişlər. Ermənilərin hiyləgərliyi olduqca iyrənc, alçaqlığı olduqca dözülməz, əclaflığı olduqca təəssüfləndiricidir".

Ermənistan rəhbərliyinə ismarıc yollayan Müdafiə Nazirliyinin sözçüsü əlavə olaraq bəyan edib ki, Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını hər an azad etməyə və tarixi həqiqəti bərpa etməyə hazırdır: "Böyük Ermənistan" dövləti ideyası ilə yaşayan erməni hərbi-siyasi rejimi anlamalıdır ki, Azərbaycan hərbi, iqtisadi və siyasi imkanlarına, beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qərarlara, o cümlədən Azərbaycan xalqının möhkəm iradəsinə və Silahlı Qüvvələrin gücünə güvənərək tarixi həqiqəti bərpa etməyə hər an hazırdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı cənab İlham Əliyevin "Azərbaycan öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək" fikri dövlətimizin Dağlıq Qarabağ münaqişəsində mövqeyini birmənalı olaraq ortaya qoyur. Azərbaycanın bu istəyi tarixi ədalətə, beynəlxalq hüquq normalarına söykənir və Silahlı Qüvvələrimiz dövlət rəhbərliyinin ərazi bütövlüyümüzü bərpa etmək haqqında verəcəyi hər bir tapşırığı qısa müddətdə yerinə yetirməyə həmişə hazırdır".

Qeyd edək ki, bir neçə gün öncə Ermənistanın müdafiə naziri Seyran Ohanyan "Erkrap" könüllülər ittifaqının 10-cu yubiley qurultayında Azərbaycana, onun tarixi və ordusuna qarşı təhqiramiz ifadələr işlədib.


Teqlər:





Xəbər lenti