Nəriman Həsənzadə: “Hara gedəcəyimi bilmirdim, axşama kimi ağladım” - MÜSAHİBƏ

  Nəriman Həsənzadə:  “Hara gedəcəyimi bilmirdim, axşama kimi ağladım” -  MÜSAHİBƏ
  19 Fevral 2021    Oxunub:16114
“Orduda xidmətimin bitdiyi gün Salyan kazarmasının qarşısında oturub axşama kimi ağladım. Anam rəhmətə getmişdi, kimin evinə gedəcəyimi bilmirdim. Hərdən geri boylananda deyirəm, ilhahi, mən necə sağ-salamat qalıb, bu yaşa çatmışam?!”.
Bunu Azvision.az -a ötən gün 90 yaşını qeyd edən və ölkə başçısı tərəfindən “İstiqlal” ordeni ilə təltif olunan Xalq şairi Nəriman Həsənzadə ömür yolundan danışarkən deyib. Yazıçı illər əvvələ boylanıb, həyatı ilə bağlı bir sıra xatirələri dilə gətirib.

- Nəriman müəllim, 90 illik yubileyinizdə “İstiqlal” ordeni ilə təltif olundunuz. Belə bir mükafatı gözləyirdinizmi? Təəssüratlarınızı bilmək istərdik.

- Mən yaşadım, cənab Prezident də qiymətləndirdi. Çox sevindim, Allah onun canını sağ etsin. Yubileyimlə bağlı mənə məktub da yazıb, ona cavab məktubu haqqında fikirləşirəm.

- Deyirlər, yaş kişinin var-dövlətidir. Bu haqda siz nə düşünürsünüz?

- Doğrusu bilmirəm, yaşdan var-dövlət olarmı? Çox gözəl sualdır, amma cavab verməyə çətinlik çəkirəm. Mənim var-dövlətim ədəbiyyat, əsərlərimdir. Bundan o tərəfə nə ola bilər?!

- “90”dan geri boylanıb illəri kitab kimi vərəqləyəndə ən çox hansı xatirənizdə əl saxlayırsınız?

- Mən o illərdə qarşıma çıxan yaxşı insanlara minnətdaram. Hərbi xidmətdə olanda anam rəhmətə getmişdi. Onu sonuncu dəfə görmək və dəfninə çatmaq üçün icazəsiz hərbi hissəni tərk etmişdim. Qayıdanda məni hərbi tribunala verdilər. Nigar Rəfibəyli və Rəsul Rza generaldan xahiş etdilər və məni tribunaldan xilas etdilər. Təsəvvür edin, xidmətlə birlikdə 9 il cəza çəkməli idim.

Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alanda Nazim Hikmətlə tanış oldum. İlk dəfə onun xahişi ilə mənə ev verdilər. Tale daha sonra məni alim, yazıçı Mir Cəlal Paşayevlə qarşılaşdırdı. O, öz oğlunun evini mənə bağışladı. 1964-cü ildən indiyə kimi o evdə yaşayıram. “Kimin sualı var?” poemama görə məhkəməm qurulanda məni akademik Həsən Əliyev qorudu.

Taleyim Heydər Əliyevlə çox bağlıdır. Daima mənə dəstək oldu, “Ədəbiyyat” qəzetinə baş redaktor təyin etdi. Hər nömrəni oxuyurdu, tövsiyyələr edirdi. SSRİ dağılandan sonra Arif Paşayev məni Milli Aviasiya Akademiyasına apardı. Orada 23 ildir ki, dərs deyirəm. Mən bu cür gözəl insanların hesabına yaşadım. Onlar məni qorudu.

Bu dünyada yaşamaq çox çətindir. Bu yaşa qədər başım nələr çəkib. Bir də dünyaya gələrsənmi, yenidən yaşamaq istərsənmi deyə soruşsan, cavabım “yox” olar. Hətta kobud formada desək “qələt edib, bir də yaşayaram” deyə sualı cavablayaram. Bu həyatda çəkdiklərimi ikinci dəfə çəkə bilmərəm. Mübarizələrdə çox olmuşam, çox vuruşmuşam.

Orduda xidmətimin bitdiyi gün Salyan kazarmasının qarşısında oturub axşama kimi ağladım. Anam 23 yaşım olanda rəhmətə getmişdi, kimin evinə gedəcəyimi bilmirdim. Moskvada oxuyanda gəlib-gedərkən məni qarşılayan yox idi. Evlənəndə də tək idim. Hərdən geri boylananda deyirəm, ilhahi, mən necə sağ-salamat qalıb bu yaşa çatmışam?!” Həyat zahirən parıldıyır, amma mürəkkəbdir. Bir məsələ də var ki, bu müqavimət həmişə məni gücləndirib.

- İndi ömrün hansı fəslini yaşayırsınız?

- Çox tələskən, qarışıq, frtınalı bir fəsildir. Çox fikir edirəm. 90 yaşı haqlamışam, amma görəcək işlərim hələ çoxdur. 44 günlük müharibəmizlə bağlı əsərlər yazmalıyam. Şah İsmayıl Xətaidən bu yana heç vaxt torpaq almamışıq, həmişə itirmişik. Bu müharibə olduqca böyük tarixdir. Xalq birliyini, Azərbaycan gəncliyinin qeyrətini göstərdi. Bunların hər biri haqqında ayrıca yazılmalıdır. Ordumuzun və Prezidentimizin yazdığı tarixi gərək ədəbiyyata gətirək. İşimiz çoxdur. Yaş isə tələsir. Buna görə də ömürdən möhlət istəyirəm. Bir şair həyatdan başqa nə istəyə bilər?!

- 90 yaşlı bir şair aynanın qarşısında dayanıb özü-özündən nə istəyər?

- Mən xeyli vaxtdır özümə aynada baxmıram. Yuxudan durub əl-üzümü yuyuram və işlərimlə məşğul oluram. İnsan hər gün yenidən doğulur. Nazim Hikmət deyirdi ki, “bu gün yaşadıq, buna da şükür”. Gərək hər günün qiymətini bilim, itirməyim. Çoxlu şeirlər, pyes yazmışam. Gənc Tamaşaçılar Teatrında pyesim səhnələşdirilir. Azərbaycan televiziyasında “Qarabağ Azərbaycandır, Qarabağnaməm İlhamdır” adlı əsərim əsasında layihə hazırlanır. Düşünürəm ki, bundan sonra Azərbaycanın intibah dövrü başlayacaq.

- Nə baş versə ürəyinizin sarı simi tərpənər?

- 90 yaşlı bir insan ancaq Vətən sevgisindən ya kədərlənər, ya da fərəhlənər. Şuşanı mədəniyyətin paytaxtı elan etdilər. Təsəvvür edin, orada yenidən Vaqif poeziya günləri başlayacaq. Həm də nəvəm böyüyür, o, belə mənim sevincimdir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: NərimanHəsənzadə   Şair   Yubiley  





Xəbər lenti