Dövlət qulluğuna test imtahanının nəticələri açıqlanıb

Dövlət qulluğuna test imtahanının nəticələri açıqlanıb
  19 Fevral 2021    Oxunub:2621
Fevralın 19-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə aid qruplar üzrə test imtahanları keçirilib.
Mərkəzdən Azvision.az-a bildirilib ki, imtahanın nəticələri saat 18:10-dan etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qalibiyyət imtahanları üzrə qeydiyyat başlayır
İmtahanda iştirak üçün qeydiyyatdan keçən 1999 namizəddən 56 nəfər imtahana gəlməyib. İmtahan nəticələrinə əsasən, BA2 altqrupu üzrə 2 nəfər, BA3 altqrupu üzrə 6 nəfər, BA4 altqrupu üzrə 36 nəfər, BB1 altqrupu üzrə 124 nəfər, BB2 altqrupu üzrə 144 nəfər olmaqla, BB3 altqrupu üzrə 191 nəfər, BB4 altqrupu üzrə 229 nəfər - ümumilikdə 732 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanlarından müvəffəqiyyətlə keçən namizədlər sertifikatı əldə etmək üçün fevralın 22-dən martın 5-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

-ali təhsil haqqında sənədin surəti;

-əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələrilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikatı olan orada nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Əks halda o, müsahibədə iştirak edə bilməz.

İmtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyası fevralın 22-24-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası).

Azvision.az


Teqlər: İmtahan  





Xəbər lenti