Natəvanın “Gül dəftəri” beynəlxalq reyestrə daxil edilə bilər
Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova əlyazmaların UNESCO-nun Dünya Yaddaşı Beynəlxalq Qeydiyyat Siyahısına daxil edilməsi sahəsində qurumlararası əlaqələrin genişləndirilməsi və sözügedən proqram çərçivəsində səmərəli fəaliyyətin təmin edilməsi istiqamətində elmi müəssisədə görülən işləri nəzərə çatdırıb. Bu istiqamətdə akademik Teymur Kərimlinin rəhbərliyi ilə institutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, professor Paşa Kərimov, elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfovun da üzv olduğu komissiyanın yaradıldığını və birgə fəaliyyət nəticəsində səmərəli addımlar atıldığını deyib. Alim Xurşidbanu Natəvanın “Gül dəftəri” albomunun UNESCO-nun Dünya Yaddaşı Beynəlxalq Qeydiyyat Siyahısına daxil edilməsi ilə əlaqədar görülən işlər haqqında ətraflı məlumat verib. Beynəlxalq təşkilatın Cənubi Koreya Milli Komitəsi tərəfindən təşkil olunan təlimlərdə iştirakı zamanı reyestrə daxil edilmək üçün təqdim olunmuş “Gül dəftəri” albomu haqqında çıxışlarında əlyazmanın unikallığı, elmi, tarixi, bədii əhəmiyyəti ilə bağlı mövqeyi və obyektiv qiymətləndirməyə yardım edəcək mötəbər arxiv sənədlərini UNESCO ekspertlərinin diqqətinə çatdırdığını vurğulayıb. Alim məsələ ilə bağlı digər təfərrüatları da nəzərə çatdırıb.
Tədbirdə Novruz bayramı ərəfəsində Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan və UNESCO-nun Dünya Yaddaşı Beynəlxalq Qeydiyyat Siyahısına daxil edilən əlyazmaların sərgisinin təşkilinə dair məlumat verilib. İclasda qeyd olunan məsələ ilə bağlı virtual sərgi hazırlanması haqqında qərar qəbul edilib. Həmçinin UNESCO-nun Dünya Yaddaşı Proqramı üzrə Azərbaycan Milli Komitəsinin Əsasnaməsində və tərkibində qismən dəyişiklik edilməsi, Dünya Yaddaşı Proqramının Bakıda keçirilməsi təklif edilən 3-cü regionlararası konfransın təşkili ilə bağlı məsələlərə baxılıb.
Azvision.az
Teqlər: Nətavan Güldəftəri