3 medallı Hadrut fatehi: “Bədənimdə 100-dən çox qəlpə var” - FOTOLAR

  3 medallı Hadrut fatehi:  “Bədənimdə 100-dən çox qəlpə var” -  FOTOLAR
  01 Mart 2021    Oxunub:12371
Vətən müharibəsinə Xocalı qətliamının qisasını almaq arzusu ilə qatılan qəhrəmanlarımızdan biri də Daxili Qoşunların xüsusi təyinatlı çavuşu Pərvin Şahməmmədov olub. O, 1995-ci ildə Mingəçevir şəhərində doğulub. İbtidai və orta təhsilini Yevlaxın Kövər kəndində alıb. Hərbi xidmətini başa vurduqdan sonra könüllü müraciəti ilə 2016-cı ilin may ayından bu günə kimi Daxili Qoşunların xüsusi təyinatlılarında xidmət göstərir. Vətən müharibəsində Murov, Cəbrayıl, Hadrut və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. Qırmızı Bazar kəndində ağır yaralanaraq təxliyyə edilən çavuş “Şuşanın azad olunasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.
Azvision.az -a döyüş yolundan danışan hərbçi müharibəyə gedəndə ölümü gözə aldığını bildirib.

“Biz hərbçiyik, qadınlarımızın, uşaqlarımızın Xocalıda başına gətirilənləri unuda bilməzdik. Hamımız fikirləşirdik ki, uzağı öləcəyik, amma 1992-ci ildə yaşananlar bir daha təkrar olunmayacaq. Buna görə də qisas hissi ilə sentyabrın 27-də Murov istiqamətindən döyüşlərə başladıq. Kəşfiyyat üsulu ilə sakitcə irəliləyib gedirdik. Dörd tərəfimiz erməni olurdu. Onların danışığını yaxından eşidirdik. Koordinatları verirdik, bizim artilleriya vurandan sonra hərəkətə keçirdik.

Orada xüsusi tapşırığı yerinə yetirib geri qayıdarkən bizi minaatanla atəşə tutdular. Leysan necə yağırsa, mərmilər də elə tökülürdü. Məndən 30-40 metr aralıya atdılar. Həmin an döyüş yoldaşımın birinin göyə qalxdığını və partladığını gördüm. Çantamı tullayıb aşağı, digər yaralı yoldaşlarımın yanına qaçdım. Hər yer meyit idi. Bir nəfərin başı dağılmışdı, digərinin mərmi sağ gicgahından girib, sol gicgahından çıxmışdı. Elnur adında bir oğlanın oturduğunu gördüm. Tez ona yaxınlaşıb yaşayıb-yaşamadığını öyrənmək üçün maskasını qaldırdım, keçinmişdi. İbrahim Cəbrayılovu və adını unutduğum başqa bir yaralını oradan çıxardıq. İbrahimin ayaqları və qolları qırılmışdı. O, yolda şəhid oldu. Həmin atışma zamanı 14 nəfəri itirdik.

Ermənilərdə sona qədər dirəşib ölmək, şəhid olmaq anlayışı yox idi. Onlar bizi ən çox uzaq məsafədən minaatanla vururdular. Hara gəldi atırdılar, 10 nəfərlik postda 5 nəfər məhv ediləndən sonra digərləri silahı qoyub qaçırdılar.



Murovda 4-5 postu azad edib Füzuli istiqamətində hücuma keçdik. Oradan da Cəbrayıla, ardınca Hadruta doğru irəlilədik. Hadruta çatmağımız asan olmadı, amma tab gətirdik. Qəsəbəyə ermənilərin arxasından fırlanıb gəlmişdik. Çox çətin döyüşlər gedirdi. Orada xeyli ac qadıq. Təminat gətirən maşınları vururdular. Elə olurdu ki, bir balıq konservasını 8 nəfərin arasında bölüb yeyirdik, 4-5 gün susuz qalırdıq. Erməni postlarına girməyə can atırdıq, bilirdik ki, orada istədiyimizi tapa biləcəyik. Yaralıları gecə çox çətinliklə təxliyə edirdilər.

Qəsəbəyə girərkən azad etdiyimiz yüksəkliyi almaq üçün ermənilər neçə dəfə hücum etdilər. Ancaq oranı əldən vermədik, əksinə Hadrutun içinə enib, ön hissəsinə keçdik. Qırmızı Bazar tərəfdə bir-birinin ardınca 3 post var idi. İki postu azad edib, axrıncı posta girəndə meşədə mühasirəyə düşdük. Yuxarıdan durduğumuz yeri minaatanla vururdular. Bilmirdik ki, hansı tərəfdən gələn güllədən yayınaq. Birdən aşağıdan maşın səsi eşitdim, komandirə dedim, deyəsən, ermənilərin canlı qüvvəsi gəlir, postu gücləndirirlər. Sözümü yeni bitirmişdim ki, BMP atmağa başladı, meşəni darmadağın etdilər. Elə bir vəziyyətdə idik ki, başımızı qaldırıb, güllə də ata bilmirdik. Yaralımız, şəhidimiz oldu. Buna rəğmən oradan çıxmadıq. BMP bir az yol tərəfə enib bizi Hadrut istiqamətindən vurmaq üçün yerdəyişmə edəndə koordinatını ötürdük və onu vurdular. Daha sonra biz arxada olan qüvvələri məhv etdik və postda möhkəmləndik. Oranı milli orduya təhvil verib, irəliləyəndə bizdən belə bir çətin mövqedə yerləşən postu necə əldə saxladığımızı soruşdular. Cavabında onlara bildirdik ki, “biz buranı canımız bahasına qoruduq, siz də ölümü gözə alın, amma postu əldən verməyin”.



Təsəvvür edin, dumanlı, çiskinli, zülmət gecələrdə hərəkt edirdik. Bir metr sonranı görmək mükün deyildi, bir-birimizin bronjiletindən tutub gedirdik. Əlini yoldaşından çəkirdinsə, yoxa çıxırdı. Üstəlik də çox yorğun idik. Elə olurdu ki, 3-4 gün yatmırdıq. Hərəkət edəndə belə göz yumulurdu. Yorğunluq elə bir vəziyyətdə olurdu ki, yarım litrlik su qabını belə atırdıq ki, birdən ağırlıq edər, hərəkət edə bilmərik. İmkan olanda növbəli şəkildə 20-30 dəqiqə yuxulayırdıq”.

Həmsöhbətimiz deyir ki, Hadrut yolunu açandan sonra Xocavəndin Qırmızı Bazar qəsəbəsinə doğru irəliləyiblər.

“Bəzən 2-3 gün dərələrdə gizlənirdik, dörd bir tərəfimiz erməni olurdu. Bizim orada olduğumuzu bilsəydilər, həmin an vurardılar. Qırmızı Bazara girməyimizdən də xəbərləri yox idi. Orada müəyyən tapşırığı yerinə yetirdikdən sonra bizi vurdular. Döyüş yoldaşımla mənim arama minaatan mərmisi düşdü. O şəhid oldu, mən sağ çiynim üstə yıxıldım. Əynimdəki bronjlet qəlpələrin daxili orqanlarımı zədələməsinə imkan vermədi. Həmin an elə bildim ki, qəlpə sol ayağımı apardı. Nə qədər tərpətdimsə, hiss etmədim. Düşündüm ki, sürünə-sürnə aşağı gedim. Başımı qaldırıb gördüm ki, ayağım yerindədir. Bu, mənə ilahi tərfindən bir güc verdi. Dedim, ayağım qopmayıbsa, qalanları boş şeydir. Ancaq nə qədər çalışısam da qalxa bilmədim. Üstümdəki bronjileti, çantanı çıxarıb döyüş yoldaşım İdrisi çağırdım. O, qaça-qaça mənə tərəf gələnə qədər silaha söykənib ayağa durdum. Sol ayağımda şiddətli ağrı var idi, yerə basa bilmirdim. Dünya başıma fırlanırdı, sanki küt bir alətlə məni vurmuşdular. İdris mənə yaxınlaşanda onu digər yaralı yoldaşımız Elnurun yanına göndərib, söykənə-söykənə 20-30 metrə yaxın aşağı düşdüm. Əsgərlər məni görüb bir-birlərinə vəziyyətimin bir azdan ağırlaşacağını və vaxtında ərazidən çıxarılmasam, qan itirmədən öləcəm deyə pıçıldaşdılar. Onlara dedim, “qorxmayın, qanı kəsə biləcəyiniz qədər kəsin, ağrıkəsici iynə vurun. Yoldaşlarım sarğı qoyub iynə vuran an daha bir minaatan mərmisi yaxınlığımza düşdü. Mənə sarğı qoyan Elçin adlı oğlan ayaqlarından yaralandı.



Məni zülümlə oradan çıxarıb təxliyə edilə biləcək yerə gətirdilər. Orada maşının gəlməyini gözlədim. Susuzluqdan yanırdım. Qapaqda çox az miqdarda su verirdilər, çox içsəydim, qanaxmam güclənərdi. Ağzı üstə uzadılmışdım. Hiss edirdim ki, bədənim getdikcə soyuyur. Gecə saat 1-də bizi aparmaq üçün maşın gəldi. Tərpənə bilmirdim, məni xərəkdə gətirib maşına qoydular. Onda xəbər tutdum ki, Elnur şəhid olub, onun nəşini də bizimlə yolladılar. Həmin ərazidə 23-24 nəfər yaralanmışdı. İçlərində ən ağırı mən və Elnur idik. Şalvarımı elə bil qan vannasına salıb çıxarmışdılar. Xeyli yol getdikdən sonra səyyar çadıra gətirildim. Orada həkim baxıb dedi ki, bu qədər qan itirməyimə rəğmən sağ qalmağım Allahın bir möcüzəsidir. Yenidən sarğı qoyub məni Füzulinin Mərkəzi Xəstəxanasına göndərdilər. İki ayağım arxa nahiyyədən buddan yuxarı, böyrəyimin üstü istiqamətində sağ kürəyimdən zədələnmişəm. Sol ayağımı dizdən aşağı dalğa tutub, hissiyyat yoxdur. Yerə qoyanda elə bilirəm ki, şüşə qırığının üstünə basıram. Göynədir, şiddətli ağrı verir. 100-dən çox qəlpə hələ bədənimdədir. Həkimlər deyir ki, qəlpələr sümüyün üstündə dərindədirlər, indi çıxarsaq, daha çox fəsad verə bilər”.

















Şahanə Rəhimli
Azvision.az


Teqlər: Müharibə   Qəhrəman   Çavuş   Hadrut   Döyüş  





Xəbər lenti