Ermənistanda `Maydan` baş verə bilərmi? – TƏHLİL

Ermənistanda `Maydan` baş verə bilərmi? – TƏHLİL
  22 Fevral 2014    Oxunub:1532
Ukraynada hakimiyyətin Avropaya assosiativ üzvlükdən imtina etməsi ictimayyətin ciddi etirazları ilə qarşılandı. Hakimiyyət inqilabi vəziyyətlə üzləşdi və son nəticədə ölkə başçısı Yanukoviç növbədənkənar prezident seçkilərinə getmək məcburiyyətində qaldı. Avropaya assosiativ üzvlükdən imtina edən digər postsovet ölkəsi isə Ermənistandır. Hətta Ermənistan Ukraynadan fərqli olaraq Gömrük İttifaqına daxil olacağını da bəyan edib. Bəs Yerevanda analoji hadisələrin baş qaldırması ehtimalı nə dərəcədə realdır?

`Maydan`ın Yerevanda da baş qaldıracağını deməyə əsas yaradan faktorlarla yanaşı, bu ehtimalların baş tutmayacağını təsdiq edən bir sıra amillər də mövcuddur.

Ermənistanda hakimiyyətə qarşı kütləvi etirazların baş qaldırması üçün kifayət qədər sosial narazılıqlar toplanıb. Məsələn, yaşayış səviyyəsinin aşağı olması və get-gedə daha da pisləşməsi. Ermənistandan kütləvi miqrasiya və aparılan sorğular da sübut edir ki, artıq əhali, əsasən isə nisbətən gənc və ziyalı sinifdə ölkələrinin gələcək inkişaf perspektivləri ilə bağlı müsbət dəyişikliyin baş verməsinə inanmırlar. Gömrük İttifaqına üzvlük isə bu fikirləri daha da möhkəmləndirdi.

Əlavə olaraq, əmək haqlarından 5 faiz kəsilərək pensiya fonduna toplanmasını nəzərdə tutan yeni islahatlar ciddi narazılıq yaradıb. Ermənistanda qaz satışı və paylanmasını həyata keçirən “Armqazprom” şirkətinin sonuncu 20 faizinin də Rusiyanın alması ermənilərin qüruruna toxunur və belə bir fikir formalaşır ki, hakimiyyət Ermənistanın suverenliyini Kremlə satır. Keçmiş prezident Robert Koçaryandan fərqli olaraq, liderlik xarizması ilə o qədər də seçilməyən Serj Sarkisyanın hakimiyyət başında olması etirazların baş qaldırma ehtimalını artırır.

Xatırlamaq yerinə düşər ki, Ermənistanda hələ 2008-ci ildə Ukrayna olaylarına bənzər etirazlar yaşanmışdı. Lakin həmin vaxt nümayişlər amansızca dağıdılmış və 10 nəfər etirazçı qətlə yetirilmişdi. Miqyasına görə, 2008-ci il olaylarından kiçik olan analoji etirazlar Sarkisyanın prezident seçilməsindən sonra müxalifətçi “İrs” partiyasının rəhbəri Ovanesyanın başçılığı ilə həyata keçirilmişdi. Bu onu göstərir ki, ermənistanlı müxalifətçilər müəyyən təcrübəyə malikdirlər və əvvəlki illərdə yol verdikləri səhvləri bu dəfə təkrarlamayacaqlar.

Diqqət çəkən digər məqam ondan ibarətdir ki, Ermənistanın aktiv əhalisi və KİV-i Ukraynadakı hadisələrə digər post sovet ölkələri ilə müqayisədə daha fəal münasibət bildirirlər. Ermənistan ictimayyətinin bəzi nümayəndələri həm sosial şəbəkələr vasitəsilə, həm də bir başa aksiya təşkil edərək “Maydan”ı dəstəklədiklərini bildirir, Putinə qarşı şüarlar səsləndirir, ondan Ukraynadan əl çəkməsini tələb edirlər. Ukraynada qətllərin baş verməsi və Rusiyanın qətlləri həyata keçirən hakimiyyəti dəstəkləməsi ermənilərdə də Kremlə qarşı antipatiya yaranmasına səbəb olub.

Lakin post sovet ölkələrində - yəni Ukrayna və Gürcüstanda baş vermiş inqilabların bir sıra vacib hərəkətverici ortaq cəhətləri var ki, bu vəziyyət Ermənistanda mövcud deyil.

Birincisi- Ermənistanda xalqı arxasınca aparacaq kifayət qədər populyar müxalifət lideri yoxdur. Keçmiş prezident Ter-Petrosyan 2008-ci il mitinqindən sonra, “İrs” partiyasının sədri Ovanesyan isə Sarkisyana yenildikdən sonra ictimayyətə təsir etmə gücünü itirdilər. Müşahidələr göstərir ki, “ərəb baharı”ndan fərqli olaraq Gürcüstan və Ukraynada Saakaşvilli, Yasenyuk, Kliçko kimi parlaq müxalifət liderlərinin olması inqilabın əsas mühərriki olub. Məhz belə liderlərin meydana çıxması Qərbin olaylara daha fəal müdaxiləsinə səbəb olur. Ter-Petrosyanın fikrincə, Qərb Ermənistanda inqilabın baş verməsində maraqlı deyil və bu səbəbdən Yerevanda “Maydan” təkrarlanmayacaq.

Ukrayna və Gürcüstandan fərqli olaraq Ermənistan hakimiyyəti tamamilə Rusiyadan asılıdır. Nə Yanukoviç, nə də Şevardnadze birbaşa Rusiyanın adamı hesab oluna bilməzdi. Odur ki, qərbdən fərqli olaraq Rusiyanın Ermənistanda stavka edəcəyi siyasi fiquru mövcuddur. Ancaq nə Ukrayna, nə də Gürcüstanda Kreml üçün əlverişli, tam mənasıyla bel bağlayacağı siyasi fiqur yox idi. “Maydan”ın Ermənistanda reallaşmasına əngəl ola biləcək səbəblərdən biri də budur.

Nəhayət post sovet ölkələrində inqilabi əhval-ruhiyyəni yaradan, əsas həvəs oyadan faktor rusofobiyadır. Əhalidə rusara olan nifrət, Rusiya İmperializmindən qurtulma istəyi etirazlara qatılma faizini artırır. “Maydan” xaraktercə daha çox Rusiyadan azadlıq almaq istəyən, rusların əsarətindən nəhayət ki, çıxmaq istəyən ukraynalının etiraz mitinqidir. “Maydan” göstərdi ki, Ukraynada rusiyayönümlü addım atan siyasətçi xalqın nifrətinə məhkumdur. Hətta bu addım dövlətin mənafeyi naminə olsa belə.

Lakin Ermənistanda rusofobiya anlayışı mövcud deyil və ermənilər əksinə rusları özlərinin mühafizəçısı və böyük qardaşları qismində görürlər. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan da öz fikirlərində bu faktoru önə çəkmiş və ermənilərin ruslara qarşı nifrətinin olmadığını bildirib. Ter-Petrosyanın bəyanatından belə çıxır ki, ermənilər SSRİ dağıldıqdan sonra da öz dövlətlərinin qalmasına və hətta Azərbaycan ərazilərinin işğal edilməsinə (Təbii ki, Ter-Petrosyan bunu Artsaxın azad edilməsi kimi qələmə verir) görə Rusiyaya borcludurlar. Odur ki, ermənilər anlayırlar ki, Rusiyaya qarşı çıxmaları onların işğal etdikləri Azərbaycan ərazilərində qurduqları Ermənistan və Artsax adlandırdıqları dövlətlərinin əllərindən çıxması ilə nəticələnə bilər. Ermənistan sərhəddindəki Azərbaycan, və Türkiyənin erməniləri darmadağın etməkdən çəkindirən yeganə qüvvə Rusiyadır.

Qeyd olunanları nəzərə alaraq demək olar ki, Ermənistanda “Maydan”ın təkrarlanması ehtimalı inandırıcı deyil. Ancaq bu ölkənin “Maydan”dan ilhamlanıb martda “erməni baharı” etməyəcəyinə də heç kim təminat verə bilməz.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti