DİM buraxılış imtahanı keçirdi - YENİLƏNİB
İlkin məlumatlara əsasən ,2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.
Martın 9-dan etibarən Dövlət İmtahan Mərkəzində imtahan materiallarının emalına başlanılacaq.
İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili fənni üzrə 30, riyaziyyat fənni üzrə 25, xarici dil fənləri üzrə 30 tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim edilir.
Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi respublikada keçirilən sosial izolyasiya tədbirlərinə uyğun olaraq onlayn şəkildə həyata keçiriləcək. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayır. Onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilir və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" prosesinin (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunur.
Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Xatırladaq ki, hər bir yazı işi 2 marker tərəfindən qiymətləndirilir (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir). Yoxlama zamanı markerin kompüterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) verilmir. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir.
Bundan əlavə imtahanda şagirdlərə təqdim olunan hər bir tapşırıq üçün ayrıca qiymətləndirmə meyarı hazırlanıb və markerlər hər hansı bir tapşırığa aid yazı işini yoxladıqda məhz həmin tapşırığın qiymətləndirmə meyarına əsaslanırlar. Qiymətləndirmə meyarlarında tapşırığın mümkün həll üsulları və ehtimal olunan (gözlənilən) cavablar nəzərə alınır. Qiymətləndirmə meyarı tapşırığın qiymətləndirilməsi üçün dolğun təlimatdır və marker yazı işini qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından kənara çıxmır.
İmtahanda istifadə olunan yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 10 gün ərzində elan olunması nəzərdə tutulur.
Azvision.az