“Tale – başımıza gəlməli olmayan, amma gələn işlərdir”

“Tale – başımıza gəlməli olmayan, amma gələn işlərdir”
  27 Mart 2013    Oxunub:1870
Bu gün məşhur rejissor Kventin Tarantinonun 50 yaşı tamam olur. “Quduz köpəklər”, “Kriminal qiraət”, “Billi öldürməli”, “Şərəfsiz vələdüznalar”, “Azad edilmiş Canqo” kimi şedevr filmlərin müəllifi bu gün haqlı olaraq canlı klassik hesab edilir.
Tarantino təkcə rejissor kimi yox, insan kimi də çox maraqlı şəxsiyyətdir. Bunu nəzərə alaraq, bu gün yubileyini qeyd edən rejissorun maraqlı fikirlərini sizinlə paylaşırıq.

- Mən məktəbə nifrət edirdim. Çünki fikrimi heç cür dərslərdə cəmləşdirə bilmirdim. Bacarmadığım işlərdən isə acığım gəlir. Mən həmişə kitab oxumağı və tarixi sevmişəm. Çünki tarix kino kimidir. Riyaziyyatdan isə acığım gəlib. Altıncı sinfə qədər saatı öyrənə bilməmişəm.

- Yeni ssenari yazmağa başlayanda mənim üçün işin ən çətin hissəsi mağazaya gedib bloknot almaqdır. Sonrası asandır.

- İnsanlar düşünürlər ki, tale – bizim başımıza gəlməli olan işlərdir. Əslində isə tale – başımıza gəlməli olmayan, amma gələn işlərdir.

- Mən videomağazada işləyəndə görürdüm ki, valideynlər artıq baxdıqları filmlərə bir də baxmaq istəyən uşaqları danlayırlar. Amma uşağın məntiqi başqadır. Uşaq düşünür ki, naməlum olan filmi niyə götürsün?.. Elə baxdığı, tanıdığı filmə bir də baxar da... Məndə də uşaq psixologiyası var, belə yanaşmanı düzgün hesab edirəm...

- Böyük ideyalar kinonu korlayır. Kinoda əsas məsələ yaxşı kino çəkməkdir. Əgər kino çəkəndə ağlına yaxşı ideya gəlirsə, bu, əladır. Amma bu, böyük ideya olmalı deyil. Məsələn, əgər sən müharibənin pis olmasını göstərən film çəkmək istəyirsənsə, bu, düz deyil. Müharibə pisdirsə, onun haqqında kino da çəkmə! Bunu sadəcə, de: müharibə - pisdir. Cəmi iki söz! Bu iki sözü demək üçün kino çəkməyə dəyməz.

- Əgər bir il ərzində 10 həqiqətən yaxşı filmə baxa bilmisənsə, demək, il uğurlu olub.

- Yolun əvvəlində heç kim bizə inanmır.

- Çoxdandır ki, kinoda məni qorxudan heç nə görməmişəm. Mən siçovullardan qorxuram. Tam ciddi deyirəm. Fobiyam var.

- Mən filmlərimlə heç kimə mənəviyyat aşılamağa çalışmıram. Çünki tərbiyəçi deyiləm, nağılçıyam.

- Qalibləri əslində heç kim sevmir, elə deyilmi?

- Kinoda və həyatda zorakılığa münasibət fərqli olmalıdır. Kinoda zorakılıq güclü və maraqlı hisslər doğurur. Həyatda isə iyrənclik və ürəkbulanması.

- Mən kinonu məktəblərdə öyrənməmişəm, kinoteatrda öyrənmişəm.


Teqlər:  





Xəbər lenti