Azvision.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidenti xanım Odil Reno-Bassonu və bankın rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edərkən bildirib.
“Əlbəttə ki, biz bu məsələlərdə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığa güvənirik. Mən işğaldan azad olunmuş torpaqları “yaşıl enerji” zonası elan etmişəm. Biz əsasən bərpa olunan enerji mənbələrindən, su, günəş və külək mənbələrindən istifadə etməyi planlaşdırırıq. Bizim böyük beynəlxalq enerji şirkətləri ilə yaxşı iş təcrübəmiz var. Yeri gəlmişkən, Avropa Yenidənqurma və İnkişaf Bankı bu investisiya layihələrinin maliyyələşdirməsində iştirak edir. Ümid edirik, eyni təcrübə azad edilmiş ərazilərdə də tətbiq olunacaqdır. Çünki bərpa olunan enerji mənbələri baxımından orada böyük potensial var. Başqa sözlə, bu, Azərbaycanın və regionun inkişafında yeni bir dövr və ya hətta yeni bir eradır. Demək olar ki, 30 il davam edən Dağlıq Qarabağ münaqişəsi öz həllini tapdıqdan sonra regional inkişaf, regional əməkdaşlıq, bağlılıq üçün yeni imkanlar var və Azərbaycan bunlara hazırdır. Mən artıq ictimaiyyətə bunu açıqlayaraq demişəm ki, biz əməkdaşlıq, düşmənçilik səhifəsini geridə qoymaq, regionda daha yaxşı vəziyyəti və daha da proqnozlaşdırıla bilən vəziyyəti təmin etmək üçün qonşularımızla dürüst şəkildə işləməyə hazırıq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Azvision.az