Nazirlikdən ovçulara sərt xəbərdarlıq
maddi-maliyyə maraqları güdən və ovçular cəmiyyətinin başında duran bir qrup şəxs guya insanların “istirahət həzzi”ni, “əyləncə” maraqlarını müdafiə etmək adıyla dövlət orqanlarına qarşı saxta təbliğat həyata keçirir. “Azərovçu” adlanan cəmiyyətin rəhbərliyi öz üzvlərini mütəmadi olaraq itaətsizliyə və pozuculuq fəaliyyətinə sürükləməkdə davam edir. Halbuki quş ovuna qoyulmuş qadağa Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası ərazisində quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə aidiyyəti qurumların birgə fəaliyyətinin əlaqələndirilməsinə dair Dövlət Komissiyasının yaradılması” haqqında 2006-cı il 16 fevral tarixli Sərəncamından sonra həmin Dövlət Komissiyasının rəyi ilə tətbiq edilib. Yəni “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin rəhbərliyində təmsil olunan şəxslər bunu bilə-bilə maliyyə maraqları naminə ictimai fikri çaşdırmaqdan, pozucu kampaniya aparmaqdan çəkinmir.
Faktlar təsdiq edir ki, “Azərovçu” rəhbərliyinin ictimai fikri çaşdırmağa yönələn canfəşanlığının səbəbi guya ovçuların maraqlarının müdafiəçisi rolunda çıxış etmək adıyla dövlət qurumlarının səlahiyyətlərinin mənimsənilməsi və bununla qanunsuz maliyyə qaynaqlarından yararlanmaqdır. Belə ki, 2004-cü ildə “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsindən sonra Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 69 nömrəli Fərmanının 2.2-ci bəndi ilə ölkədə ovçuluğun təşkili, ovçuluq fəaliyyətinin tənzimlənməsi, ovçuluq təsərrüfatlarının idarə olunması, habelə ovçuluq biletinin verilməsi kimi səlahiyyətlər müstəsna olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilib. Bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Ovçuluq Təsərrüfatlarının cari vəziyyətinin öyrənilməsi üçün Komissiya yaradılaraq yerində araşdırmalar aparılıb və “Azərovçu” tərəfindən saysızhesabsız qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən 2006-cı ildə ETSN ilə “Azərovçu” arasında ovçuluq təsərrüfatlarının idarə olunmasına dair bağlanmış müqavilələr ləğv edilib. Bütün ovçuluq təsərrüfatları Nazirliyin balansına keçib.
Lakin “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin rəhbərliyi bir neçə ildir ki, ovçuluq sahəsində dövlətin müəyyən etdiyi siyasəti pozmağa yönəlmiş fəaliyyət göstərir, yerlərdə ovçuluq təsərrüfatlarının idarə olunması, orada yoxlamaların aparılması, ovçuluq biletlərinin verilməsi kimi qanunsuz fəaliyyətlərini davam etdirərək Nazirliyin qanuni səlahiyyətlərini mənimsəməyə cəhd göstərir. Bu tipli qanunsuz müdaxilələrə hüquqi qiymət verilməsi və aidiyyəti qurumlar qarşısında məsələ qaldırılması üçün ETSN-də 2012-ci ildən etibarən müvafiq Komissiya yaradılıb.Komissiyanın son bir il yarım ərzində apardığı araşdırma nəticəsində məlum
olub ki, “Azərovçu” öz işçiləri və ölkə ərazisində fəaliyyət göstərən ovçuluq dükanlarının sahibləri vasitəsilə saxta ovçuluq biletləri satır (silahla adi davranma qaydalarını bilməyən şəxslərə imtahan keçirmədən saxta ovçuluq biletlərinin verilməsi, ov silahı ilə ehtiyatsız davranma nəticəsində baş verən hadisələrin sayının artmasına səbəb olub), təsərrüfatlara qanunsuz əmrlərlə işçilər götürür, Nazirliyin balansında olan dövlət mülkiyyətindən qanunsuz istifadə etməyə və onu özününküləşdirməyə cəhdlər göstərir, qeyri-qanuni təyin edilən “qondarma müfəttişlər” vasitəsilə ərazilərdə özbaşına reydlər keçirir. İctimai Birliyin Beyləqan rayon şöbəsinin sədri və həmin şöbə əməkdaşları belə bir qanunsuz reyd keçirən zaman, 21 oktyabr 2012-ci il tarixində insident baş verib və Cəmiyyətin Beyləqan rayon şöbəsinin sədri Allahyar Süleymanov ovçular tərəfindən qətlə yetirilib. Bildiririk ki, “Azərovçu”nun bu gün üzvlərinə verdiyi üzvlük bileti də qanunsuzdur. Çünki “Ovçuluq haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən “üzvlük biletinin forması müvafiq icra hakimiyyəti orqanı (Ekologiya və Təbii Sərvətlər Nazirliyi) ilə razılaşdırılmalıdır”. Lakin bu günədək Cəmiyyətin üzvlük biletlərinin formasının razılaşdırılması barədə Nazirliyə hər hansı müraciət daxil olmayıb. Ümumiyyətlə isə ovçular cəmiyyətinə üzv olmaq proseduru şəffaf və aydın olmalı, yəni müraciət edənin lazımi biliklərə malik olması təsdiqlənməlidir (treninq, imtahan və s. vasitəsi ilə).
“Azərovçu” ictimai təşkilat olsa da, özünü səlahiyyətli dövlət orqanı kimi aparmaqla ovçuluq təsərrüfatlarının guya Cəmiyyətin tabeçiliyində olması görüntüsü yaratmaq üçün qanunsuz cəhdlər edir. Belə ki, Cəmiyyət rəhbərliyi Quba rayonunun Dərk kəndində saxta yığıncaq keçirərək yerli nümayəndəsinə saxta vəsiqə təqdim edib və “Babadağ” Ovçuluq Təsərrüfatının bütün səlahiyyətlərini özbaşına olaraq həmin şəxsə verib. Digər bu tipli fakt Xızı rayonunun inzibati ərazisində yerləşən “Yaşma” Ovçuluq Təsərrüfatında qeydə alınıb. “Azərovçu”nun nümayəndəsi Aydın Məhərrəmov adlı şəxs cəmiyyətin köhnə dayaq məntəqəsinin bərpa edilməsinə cəhd göstərib.
“Azərovçu” rəhbərliyi açıq-açığına qanunsuz hərəkətlər edir, inanılmaz fırıldaqçılıq faktları törədir, ETSN şantaj olunur. Özbaşınalıq o həddə çatıb ki, Cəmiyyətin sədri F.Əşrəfov qanunsuz əmrlə Nazirliyin balansında olan “Zəvvar” Ovçuluq Təsərrüfatının daxilində yeni “Zəvvar-2” adlı Ovçuluq Təsərrüfatı yaradıb, təsərrüfatın daxilində qeyri-qanuni olaraq ayrı-ayrı şəxslər üçün heç bir hüquqi sənədi olmayan 5 ovçu sığınacağı (vaqon) düzəldib. Bunun qarşısını almaq istəyən Nazirliyin işçilərinə isə açıq müqavimət göstərilib. Lakin “Azərovçu”nun bütün qanunsuz cəhdləri ETSN-nin və hüquq-mühafizə orqanlarının birgə səyi ilə ifşa edilib.
Daha bir fakt: İmişli rayonu, Mirhəsənli kənd sakini Vahid Məmmədov ərizə ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək bildirib ki, “Azərovçu”nun rəhbəri onu aldadaraq pulunu mənimsəyib. Araşdırma zamanı məlum olub ki, F.Əşrəfov fırıldaqçılığa əl ataraq “Şərbət-Qobu” Ovçuluq Təsərrüfatındakı 3 otaqdan ibarət birmərtəbəli ovçu evinin əmlakı ilə birlikdə 2006-2012-ci illər ərzində şikayətçinin istifadəsinə verilməsi üçün saxta icarə müqaviləsi bağlayıb, bunun müqabilində ondan 7670 manat məbləğində vəsaitgötürüb. Eyni zamanda müəyyənləşdirilib ki, o, formal və saxta əmrlərlə bir neçə şəxsi Nazirliyin idarəçiliyində olan ovçuluq təsərrüfatlarında müxtəlif vəzifələrə təyin edərək onlardan müxtəlif məbləğdə pullar alıb. Bununla yanaşı, şikayətçi V.Məmmədov bildirib ki, “Azərovçu”nun rəhbəri ölkə ərazisində vətəndaşlara 30 manatın müqabilində çoxlu sayda ovçuluq və fəxri ovçu bileti satıb.
Cəmiyyətin sədrinin törətdiyi daha bir qanunsuz əməlin üstü açılıb. O, özbaşına olaraq ETSN-nin idarəçiliyində olan “Daşgil” Ovçuluq Təsərrüfatına Salman Babayev adlı şəxsi təyin edib (S.Babayevin dediyinə görə baza direktorudur). Burada dəniz sahilində 20 ədəd xüsusi balıqçı sığınacağı yerləşdirilib, dənizdə balıqçı oturacaqları düzəldilərək brakonyerliyə şərait yaradılıb. Buna görə də balıqçılardan müntəzəm olaraq pul toplanılıb. Bu və digər özbaşınalıqları əks etdirən toplanmış sənədlər ETSN tərəfindən 17 aprel 2013-cü il tarixində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib. Cəmiyyətin vəzifəli şəxslərinin hərəkətlərində vəzifə səlahiyyətlərinin aşılması nəticəsində dövlət mənafeyinə mühüm zərər vurulması faktları müəyyənləşdirildiyindən material üzrə 2013-cü il 29 iyul tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1-ci maddəsi ilə cinayət işi başlanıb. Azərbaycan təbiətinin flora və faunasının antropogen təsirlərdən qorunması, bu cür müdaxilələrin minimuma endirilməsi, bütövlükdə ölkədə bioloji müxtəlifləyin qorunub inkişaf etdirilməsi də daxil olmaqla ekologiya sahəsində dövlətimizin strategiyası, dövlət başçısının bu yöndə həyata keçirdiyi ardıcıl siyasət ETSN tərəfindən müntəzəm olaraq icra olunur, görülən və görüləcək işlər vaxtaşırı təbliğ edilir. Sözsüz ki, icra olunan və icrası nəzərdə tutulan dövlət tapşırıqlarının təbliğ olunması, həm də əhalinin ekoloji cəhətdən maarifləndirilməsinə xidmət edir və bütövlükdə ETSN-nin fəaliyyət prinsiplərinin tərkib hissəsi sayılır.
AzVision.az