Məcburi köçkünlərin qayıdışı ilə bağlı tədqiqatın yeni mərhələsi başladı
Müsahibə-sorğu qarışıq üsulla - statistik məlumatların təhlili və təsadüfi seçim əsasında müəyyənləşdirilən və əksəriyyəti ailə başçılarından ibarət olan 1100 məcburi köçkün arasında keçirilir. Reprezentativlik bütün mümkün parametrlər üzrə təmin edilir.
Müsahibəçilər (sorğu aparanlar) ölkənin müxtəlif elm və təhsil müəssisələrini təmsil edən yüksək hazırlıqlı gənc mütəxəssislərdir. İşə başlamazdan əvvəl onlar üçün xüsusi təlimlər təşkil olunmuş və bu təlimlərin sonunda hər bir müsahibəçi test sınağından keçib.
Tədqiqat qrupu bir daha bildirir ki, sorğuda iştirak edən məcburi köçkünlər haqqında şəxsi məlumatlar qapalı saxlanılır və yalnız repatriasiyanın səmərəli təşkili üzrə dövlət orqanları üçün nəzərdə tutulan analitik sənədlərin hazırlanması üçün istifadə ediləcəkdir.
Bununla yanaşı, ümumi tədqiqat çərçivəsində məcburi köçkünlər arasında fevral ayının 22-dən etibarən internet üzərindən keçirilən onlayn-sorğu da uğurla davam etməkdədir. Onlayn-sorğuda iştirak etmək üçün https://sorgu.ada.edu.az saytına daxil olmaq lazımdır.
Tədqiqat qrupu həm onlayn, həm də müsahibə sorğulara yüksək maraq göstərən, müsahibəçiləri məmnuniyyətlə qəbul edən məcburi köçkünlərə əməkdaşlığa görə minnətdarlığını bildirir.
Azvision.az
Teqlər: ADA Köçkün Qarabağ Qayıdış







Vaxtında, Aydın, Lazımlı!


