“Əsgərlərimizin humanist davranışı xalqımızın böyüklüyünü göstərir”- Ceyhun Məmmədov
Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov Azvision.az –a açıqlamasında deyib ki, ermənilər digər bölgələrdə olduğu kimi Cəbrayılda da az vəhşiliklər törətməyiblər.
Daşbaşı hadisəsini xatırladan deputat erməni vandalizminin tarixinin bir əsr əvvələ gedib çıxdığını bildirib: “Ermənilərin terror, hərbi cinayətlər və soyqırımı törətmək siyasəti 91-ci ildən başlamır. 1905, 1918-ci illərdə, Şamaxı, Quba və digər ərazilərdə dinc əhaliyə qarşı vəhşiliklər törətdilər. Tarixdə məlum olan bütün bu soyqırımlarda ermənilərin əsas hədəfi yerli əhalinin, azərbaycanlıların qırılması olub. Onların siyasi ideologiyası mülki insanlarımıza qarşı daim xüsusi qəddarlığı ilə seçilib. 90-cı ildən bəri Qaradağlı, Xocalı, Ağdaban, hətta Cəbrayılda, Daşbaşıda olan hadisələr, vertolyotun vurulması və bu kimi onlarla nümunə göstərmək olar ki, Ermənistanda terror və soyqırım siyasətinin dövlət səviyyəsində saxlanıldığını görək. Qarabağ münaqişəsinə son qoyan 44 günlük Vətən müharibəsində isə ardıcıl olaraq Gəncə, Bərdə və Tərtərin vurulması, dinc sakinlərin öldürülməsinin soyqırım törətməyin İrəvanda dövlət siyasəti səviyyəsində qorunduğunu təsdiqlədi. Erməni hərbçiləri, əsgərləri ardıcıl olaraq mülki əhalini hərbi hədəf kimi seçdilər, İrəvanda oturanlar isə buna dəstək oldular. Yəni uşaq, qadın, qoca qatili olmaqdan sanki həzz alırlar”.
Ceyhun Məmmədov deyir ki, Azərbaycan soyqırım siyasətinin pik nöqtəsini Xocalıda görmüşdü. Ermənilər bütün konvensiyaları pozmaqdan, humanist dəyərləri tapdamaqdan bu gün də vaz keçmirlər. Başqasının torpağını zəbt etmək, yerli əhalini qırıb didərgin salmaq üzdəniraq qonşularımızda bir dövlət siyasətinə çevrilib ki, günümüzdə də erməni siyasi elitası həmin dəsti-xətti saxlayır:
“Baxın, bu millətin qəhrəman hesab etdiyi bütün ermənilər ya türk səfirlərini, Tələt Paşanı qətlə yetirən terrorçu, faşistlər olub, ya da, uşaq qatilləri. Njdedən tutmuş, müasir “qəhrəmanlara” kimi erməni vandalların hər biri hansısa xalqa, dinc əhaliyə qarşı soyqırım, terror törədən insanlar olublar. Biz hazırda bunu davamlı olaraq Ermənistanın siyasətində açıq şəkildə görürük ki, onlar terrorçu, faşist keçmişləri ilə fəxr edir, faşizmi əbədiləşdirməyə çalışaraq “qəhrəmanlarına” abidə qoyurlar. Bütün bunlar anormal Ermənistan ideologiyasından qaynaqlanır. Bu dövlətin, xalqın ideologiyası budur ki, terror, faşizm meylləri, silahsız şəxsləri öldürməklə özlərinə yeni qəhrəmanlar yaratsınlar. Ermənilər bunu düşmənlərinin, digər xalqların gözünü qorxutmaq üçün etdiklərini gizlətmirlər. Hətta Zori Balayanın öz xatirələri ilə bağlı yazdığı kitabında təəssüratlarını təsvir etməsi, azərbaycanlı uşağın başına hansı formada oyunlar açmalarını fəxrlə danışması bu xalqın hansı şəkildə xəstəliyə düçar olmasından xəbər verir”.
Deputat bildirib ki, ermənilərdən fərqli olaraq Azərbaycan əsgəri heç vaxt mülki əhalini hədəfə almayıb. Əksinə, azərbaycanlılar yüksək mənəvi keyfiyyətlərini ən çətin anlarda belə qoruyub saxlamağı bacarıblar:
“Dünən cənab Prezident də öz çıxışında bu məsələlərə toxundu. O vurğuladı ki, Azərbaycan xalqının bir mənəviyyat kodeksi var. Bizim insanlarımız öz prinsiplərinə sadiqdirlər. Bəlkə də azərbaycanlıların yerində başqa bir millət olsaydı, ermənilərə qarşı onların törətdiyi əməllərin daha artığını edərdi. Amma bizim bu yüksək mənəvi dəyərlərimiz, eyni zamanda Ali Baş Komandanın müharibə zamanı verdiyi xüsusi tapşırıqlar, təkidlə belə həssas məsələlərin üstündə durması ki, biz yalnız əsgərlərə qarşı mübarizə aparmalıyıq, bütün bunlar müharibədən alnıaçıq çıxmağımıza səbəb oldu. Yəni xalq olaraq, şərəfli Azərbaycan əsgəri olaraq hədəfimiz erməni silahlı birləşmələri, torpaqlarımızı işğalda saxlayan ordunu məhv etmək idi. Bunu bacardıq, ermənilər yaşayan və ya məskunlaşdırılan kəndi belə vurmadıq! Bu, yenə də bizim mənəvi kodeksimizdən qaynaqlandı, Azərbaycan xalqının malik olduğu yüksək mənəvi dəyərlərdən irəli gələn bir məsələ oldu ki, müharibəni yalnız erməni ordusu ilə apardıq, dinc ermənilərə qarşı sərt addımlar atmadıq.
Bir misalı xatırladım. Dünya gördü ki, Hadrutda iki yaşlı erməniylə rastlaşan Azərbaycan hərbçiləri onlara toxunmadılar. Hətta bu mülki şəxsləri xüsusi həkim nəzarəti altında saxlayaraq qarşı tərəfə sağ-salamat təhvil vermək istədik. Ermənilər isə əlacsız qalıb, öz vətəndaşlarından yalnız birinə sahib çıxdılar. Maraqlıdır ki, digər yaşlı ermənini qəbul etmədilər... Yaxud da, ermənilər Cəbrayılda bir qadını qoyub qaçmışdılar ki, bizim əsgərlər ona toxunmadılar. Ümumiyyətlə, belə nümunəvi hadisələr çox olub və əsgərlərimiz də həmişə humanist davranıblar”.
Ceyhun Məmmədovun sözlərinə görə, bizim əsgərlərin yerində erməni hərbçiləri olsaydı, onlar həmin anda əllərinə keçən dinc sakinləri xüsusi vəhşiliklə qətlə yetirərdilər. Yəni 90-cı illərdə olduğu kimi baxmazdılar ki, bu yaşlıdır, uşaqdır, yaxud da xəstə. Hamısını öldürüb əməllərindən həzz alar, sonra da bu haqda kitablar yazıb fəxr edərdilər. Bu baxımdan əsgərlərimizin son müharibədə humanist davranışı bir daha Azərbaycan xalqının böyüklüyünü, mənəvi zənginliyini göstərdi:
“Xalqımız ermənilərdən fərqli olaraq yüksək mənəvi xüsusiyyətlərə malikdir. Azərbaycanlıların hədəfi həmişə yalnız ona qarşı çıxan qüvvələr olub. Əsgərlərimizin də əsas məqsədi torpaqlarımızda bizə qarşı döyüşənləri məhv etmək idi. Bu cür nüanslar həqiqətən mənəvi üstünlüyümüzdür. Dünya xalqları belə amilləri müsbət qiymətləndirirlər. Xalqımızın bu cür mənəvi keyfiyyətlərə sahib olmasına dünya ölkələri tərəfindən çox yüksək dəyər verilməsinin dəfələrlə şahidi olmuşuq.
Bu gün mənəvi üstünlüklərimizin başqa nümunələri də mövcuddur. Bakının mərkəzində erməni kilsəsinin qorunub saxlanması, onun mühafizə olunması, ölkəmizdə başqa xalqların nümayəndələrinin sülh və qarşılıqlı anlaşma şəraitində yaşaması, paytaxtda 30 mindən çox erməninin rahat şəkildə yaşaması bizim millətin böyüklüyünü, humanistliyinin, tolerantlığının göstəricisidir. Başımıza gətirilən faciələrə rəğmən mənəvi zənginliyi qoruyub saxlamaq yalnız azərbaycanlılara baş ucalığı gətirir”.
Tural Tağıyev
Azvision.az
Teqlər: Soyqırımı Azərbaycan-əsgəri Deputat Ermənistan Terror







Vaxtında, Aydın, Lazımlı!


