“İkinci dəfə virusa yoluxanlar xəstəliyi yüngül keçirir” - Təyyar Eyvazov

 “İkinci dəfə virusa yoluxanlar xəstəliyi yüngül keçirir” -  Təyyar Eyvazov
  17 Mart 2021    Oxunub:2228
Keçən ilin mart ayından koronavirus infeksiyası təmasların sıxlığı ilə bağlı artıb-azalır. Bu, hava damcı infeksiyasıdır. Sonuncu yumşalmalar ona gətirib çıxardı ki, insanların təması artdı. Bəzi insanlarda arxayınçılıq yarandı ki, təhlükə keçdi. Havaların istiləşməsi, yazın gəlməsi insanların aktivləşməsinə gətirib çıxardı, sıx təmasda oldular. Belə olan halda yoluxma saylarının artması müşahidə edilir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Təyyar Eyvazov deyib.

“Hazırda insanların peyvənd olunması o qədər kütləvi deyil ki, ümumi prosesə təsir göstərsin. Pandemiyanın əvvəlki dövrlərini götürsək, insanların hamısı həssas idi və o zaman epidemiyanın yayılmasını əngəlləyən faktorlar yox idi. Bu gün o faktorlar virusu tam yox etməsə də var. Ötən ildən bu günə qədər müəyyən qism insanlar koronavirusa yoluxub, onlarda antitellər yaranıb. Həmin şəxslər ikinci dəfə virusa yoluxsa da, xəstəliyi yüngül keçirəcək. Bu günə qədər yarım milyon nəfərə yaxın şəxs peyvənd olunub. Onların xeyli hissəsi II dozanı almayıb. Lakin vaxt keçdikdə onlar da ikinci dozanı vurduracaq, suni immunitet yaranan insanların sayı artacaq. Amma hazırda bu faktorlar hələ tam deyil. Ona görə də özümüzü qorumalıyıq”, - deyə baş infeksionist qeyd edib.

Aytən Zəhra
Azvision.az



Teqlər: Koronavirus  






Xəbər lenti