Arxeoloq alim: “Azıx dünyanın ən unikal mağarasıdır” - VİDEO

  Arxeoloq alim:  “Azıx dünyanın ən unikal mağarasıdır” -  VİDEO
  17 Mart 2021    Oxunub:8711
Azıx mağarası 1960-cı ildə Azərbaycanda qədim daş dövrü elminin banisi olmuş Məmmədəli Hüseynov tərəfindən aşkar edilib. Mağarada 1960-ci ildən 1980-ci ilə qədər Məmmədəli Hüseynovun rəhbərliyi altında tədqiqatlar aparılıb. Nəticədə 6 mindən artıq daş əmək alətləri və 100 minlərlə heyvan sümüklərinin qalıqları aşkarlanıb. Ən mühüm tapıntı 1968-ci ildə mağaranın 5-ci təbəqəsində yaşı 300 min il olan insan qalığının aşkarlanması idi.
Bu barədə Azvision.az -a açıqlamasımnda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Azad Zeynalov deyib. Onun sözlərinə görə, Azıx mağarası unikallığı və qeyri-adiliyi ilə diqqət çəkir.



“Azıx dünyanın ən unikal mağarasıdır. Doğrudur, Azıxdan qədim yaşayış məskənləri də olub. Bu mağaranın unikallığı orada bir milyon il ərzində insan təkamülünün 3 mərhələsinin izlənilməsinin mümkün olmasıdır. Mağarada 14 metr dərinlikdə qazıntı aparılıb. İlk dəfə insanlar bir milyon iki yüz min il əvvəl orada məskən salıb. 600 min ildən sonra digər insanlar həmin yerdə yaşayıblar. Axtarışlar zamanı 300 min il əvvəl yaşayışın fraqmenti tapılıb. Sonuncu dəfə 150-200 min il bundan əvvəl neondertal tipli insan yaşayıb. Bunları bir mağarada izləmək mümkün olduğu üçün Azıx unikaldır".



Alim bildirib ki, işğaldan sonra ermənilər orada Qərb alimlərinin iştirakı ilə qeyri-qanuni tədqiqatlar aparıblar.

"Onlar həmin dövrün iqlimini, heyvanat aləmini öyrəniblər. Onların apardığı tədqiqatın nəticəsi Azərbaycan alimlərinin əldə etdiyi maddi-mədəniyyət nümunələrinin heç 4 faizini təşkil etmir. Onlar haradasa 400-ə yaxın daş əmək alətləri aşkarlayıblar. Bizdə isə bu rəqəm 6 mindən artıqdır. Bizim tədqiqatlar keçən əsrin 60-80-ci illərində aparılıb. İndi bunu yeni üsullarla edirlər, lakin nəticələr elə də fərqlənmir. Azərbaycan alimlərinin Azıx mağarasının yaşı barədə gəldiyi nəticəni onlar təsdiqləyir".

A.Zeynalovun sözlərinə görə, ermənilər işğal dövründə mağaraya ziyan vurublar:

"Orada qeyri-qanuni tədqiqatlar aparılıb, qanunsuz səfərlər təşkil edilib. İşğaldan azad ediləndən sonra iki dəfə noyabrın 20-si və 23-də Azıx mağarasına səfərim olub. Azıx kəndində evlərin birində çox güman ki, Qərb alimlərinin bazası olub və orada qalmaqla yanaşı, əldə etdikləri materialları saxlayıblar. Əsgərlərimizdən biri onları tapıb, daha sonra bizim İnstituta zəng etmişdilər. Mən kəndə ezam olundum. Evdə 100-ə yaxın qutu var idi, onları gətirib İnstitutun Elmi Fonduna verdim. Hazırda orada saxlanılır. Qutuların əksəriyyətində daş əmək alətləri və heyvan sümükləri var. Bunlarla bağlı araşdırma aparılacaq. Artıq torpaqlarımız işğaldan azad olunduğu üçün bizim Azıx mağarasında tədqiqat aparmağımıza imkanlar yaranacaq. Nəinki mağara, onun ətrafında da tədqiqatlar aparacağıq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Azıx-mağarası   Tədqiqat  






Xəbər lenti