Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub. Qeyd olunub ki, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var.

Tədbirdə aqrar sahədə inkişaf perspektivləri, dövlət və özəl sektor arasında əməkdaşlıq imkanları, əlverişli investisiya mühiti, birgə layihələrin həyata keçirilməsi, həmçinin işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının yenidən qurulması və inkişafı prosesində Türkiyənin iştirakı məsələləri ətrafında müzakirələr aparılıb.
Görüş çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyi arasında kənd təsərrüfatında müasir texnologiyaların ötürülməsi və aqrar təlim sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi imzalanıb. Sənədi Azərbaycan Kənd Təsərrüfatı naziri İnam Kərimov və Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli imzalayıb. Niyyət Bəyannaməsində Türkiyədə aqrar sahədə tətbiq olunan müasir texnologiyaların Azərbaycanda tətbiqi imkanlarının araşdırılması və təcrübə mübadiləsinin aparılması, Türkiyədə mövcud olan müasir təlim metodologiyaları əsasında yerli mütəxəssis və fermerlərə təlimin keçirilməsi sahəsində əməkdaşlıqla bağlı maddələr yer alıb. Bu məqsədlə birgə İşçi Qrupunun yaradılması və Fəaliyyət Planının işlənib hazırlanması nəzərdə tutulur.
Görüşün sonunda Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin 10-cu iclasının protokolu imzalanıb.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


