“Hər bir insana virus daşıyıcısı gözü ilə baxmalıyıq” - TƏBİB rəsmisi

 “Hər bir insana virus daşıyıcısı gözü ilə baxmalıyıq” -  TƏBİB rəsmisi
  18 Mart 2021    Oxunub:2331
Artıq bir ildir ki, COVID pandemiyası ilə mübarizə aparırıq. Koronavirusla mübarizədə bir sıra qayda-qanunlar, məhdudiyyətlər tətbiq olunurdu. Qapanmalar olan dövrdə koronavirusa yoluxma sayında bir müddətdən sonra azalma baş verirdi. Yumşalamalardan sonra rəqəmlər artdı. Hazırda biz bunu müşahidə edirik. Təmaslar artdığı üçün virusun ötürücülük qabiliyyəti də artır.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib.

Onun sözlərinə görə, koronavirusdan sağalan insanların təkrar yoluxması baş verə bilər və bu səbəbdən rəqəmlər artması təəccüblü deyil.

"Burada insan faktoru rol oynayır. Biz yumşalamalara gedəndə insanları qayda-qanunlara əməl etməyə çağırırıq. Lakin səylərə baxmayaraq, yenidən yüksəlməni müşahidə edirik. Yoluxma sayının azaldılması üçün ara məsafəsinin gözlənilməsi, maska taxılması, gigiyena qaydalarına əməl edilməsi və ən əsası peyvəndin vurulması vacibdir. Artıq 600 mindən çox insan peyvənd olunub. Bu yüksək rəqəmdir. Hələ bir çox ölkələr prosesə başlamayıb. Qonşu Gürcüstanda vaksinasiyaya yeni başlanılıb. Biz peyvənd prosesinə zamanında başlamışıq. Peyvənd olmasaydı, yoluxma saylarında daha yüksək rəqəmləri görərdik. Lakin əhalinin üçdə ikisi peyvənd olunmalıdır ki, kütləvi immunitet yaransın".

Həkim infeksionistin fikrincə, peyvəndləmə prosesi sürətlənməlidir:

"Biz gərək doğru məlumatları çatdıraq ki, insanlar da peyvənd olunmaqdan qorxmasınlar. Vaksinə insanlar əvvəllər də şübhə ilə yanaşıblar. Bu təkcə koronavirus əleyhinə vaksində belə deyil. Yeni doğulan uşaqlara vaksin vurdurmayan ailələr var. Vaksinlərin faydaları yan təsirlərindən dəfələrlə çoxdur. Özəlliklə Azərbaycanın istifadə etdiyi "CoronaVac" vaksin tam zərərsizdir. Qolda ağrı, qızdırma, vaksin vurulan yerdə şişkinlik hər bir vaksində müşahidə edilə bilər. "AstraZeneca" peyvəndi hazırda Azərbaycanda yoxdur. Bu peyvənd kimi digər peyvəndlər gələcəkdə gətirilə bilər. Avropa ölkələrinin əksəriyyəti bu peyvəndi tətbiq etməkdən imtina edir və Azərbaycan da bu məlumatları yaxından izləyir. Biz ÜST-ün tövsiyələri əsasında hərəkət edəcəyik. Əgər peyvəndin təhlükəli olması araşdırmalarda təsdiq olunarsa, Azərbaycan dövləti bunun istifadəsinə imkan verməz".

V.Əliyev qeyd edib ki, Britaniya ştammının Azərbaycanda aşkarlanması barədə əsaslı məlumat yoxdur.

"Viruslar mutasiya olunur. Bizdə bu ştammın görülməsi ehtimalı ola bilər. Adı bir insan özündə bu ştammın olub-olmadığını müəyyən edə bilməz. Əlamətlər eynidir, sadəcə yoluxduruculuq qabiliyyəti yüksəkdir. Azərbaycanda yoluxma saylarının artmasını bu ştammla əlaqələndirmək doğru deyil. Düşünürəm ki, insanlar arasında təmas yüksək olanda bu ştammın olub-olmamasından asılı olmayaraq, yoluxduruculuq artacaq".

Digər önləyici tədbir kimi qapanmaların olmasına gəlincə, V.Əliyev bunun Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətində olan məsələ olduğunu bildirib.

"Lazım olan tədbirləri görəcəyik. Risk insanlar arasındadır. Biz özümüzü xəstə və ehtimal olunan insanlardan qorumalıyıq. Hər bir insana virus daşıyıcısı gözü ilə baxmalıyıq. Qarşıdan bayram günləri gəlir və yaxşı olardı ki, insanlar bir-birləri ilə çox təmas etməsinlər. Təmas nə qədər çox olarsa, xəstəlik sayı artır. Virusun qarşısını almaq üçün qızıl qaydalara əməl etməliyik".

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Vaksin  






Xəbər lenti