“Ağdama başımızı dik tutaraq qayıda bildik” - Partiya sədri

 “Ağdama başımızı dik tutaraq qayıda bildik” -   Partiya sədri
  18 Mart 2021    Oxunub:2724
Ötən gün Azərbaycan Prezidentinin tapşırığı ilə ölkəmizdəki siyasi partiyaların rəhbərləri və bir sıra politoloqların işğaldan azad olunmuş Ağdam rayonuna səfəri təşkil olunub.
Ağ Partiyasının sədri Tural Abbaslı səfərlə bağlı təəssüratlarını Azvision.az -la bölüşüb. Partiya rəhbəri deyir ki, işğaldan azad edilən torpaqları erməni vandalları tərəfindən tamamilə viran edilmiş vəziyyətdə görmək onu kədərləndirib:

“Səfərin müxtəlif məqamları oldu ki, həmin vaxt fərqli hisslər keçirirdim. Qürur hissi duyursan ki, torpaqlarımızı geri almışıq və artıq tarixi, əzəli ərazilərimiz bizim nəzarətimizdədir. Fəxr edirsən ki, biz 30 ildən sonra bu doğma yurdumuza başımızı dik tutaraq qayıda bilmişik. Kədərlənirsən ki, torpaqlar uğrunda şəhidlər verdik. Bizim 3 minə yaxın igidimiz bu dünyadan vaxtsız köçdü, qazilərimiz, əlillərimiz oldu. Həmin vətənpərvər oğulların hesabına işğaldan azad edilmiş ərazilərin hazırkı vəziyyətinin acınacaqlı olduğunu görəndə qəzəb hissi keçirirsən. Dağıdılmış, talan və yerlə-yeksan edilmiş kəndlər, binalar, sosial obyektlər, hətta yollar belə buradan hansı vandalların keçdiyini göstərir. Ağdamda qarışıq hisslər keçirdim”

Tural Abbaslı düşmənin Ağdamda qurduğu müdafiə sədlərinin bir sıra mətləblərdən xəbər verdiyini söyləyib:

“Ağdama ayaq basanda bizim kiminlə, hansı insanlıqdan uzaq toplumla yanaşı yaşadığımızı anlayırsan. Heç olmasa nümunə üçün hər kənddən bir ev saxlamaq olardı. O boyda Ağdam şəhərində bir daxma, ev, salamat tikili yoxdur. Xarabalıqlardan bilinirdi ki, bura zamanında necə böyük və gözəl şəhər olub. Amma baxırsan ki, faşistlər atəşkəs dövründə də iş başında olublar. İnsan nə qədər vəhşi olar ki, müharibədən sonra məqsədli şəkildə hər bir evi darmadağın edə, yaxud söküb daşıya? Şəhidsiz, qurbansız torpaq azad edə bilməzdik. Keçmiş təmas xəttini keçdikcə anlayırsan ki, işğalçı qüvvələr, vəhşilər uzun illər başlaya biləcək yeni müharibəyə güclü şəkildə hazırlaşıblar. Öz gözümüzlə gördük ki, ermənilər torpaqları verməmək üçün Ağdamda necə müdafiə xətləri qurublarmış. Hər yeri qazıb, saysız-hesabsız səngərlər, atış nöqtələri, bunkerlər hazırlayıblar. Xarabalıqlara çevrilmiş o ərazilərə gedəndə bir daha şahidi olduq ki, ermənilərin danışıqlar yolu ilə torpaqları qaytaracaqları barədə vədləri vaxt keçirmək olub”.

Vətən müharibəsində qardaşı şəhid olan partiya sədri işğalçılardan azad edilən torpaqlara ayaq basanda qəribə hisslər keçirdiyini, qürurla və fəxrlə şəhidlərimizin qanının yerdə qalmadığını düşündüyünü söyləyib:

“Biri var Bakıda oturasan və deyəsən ki, mənim qardaşım, ailəmiz bu xalq, millət üçün mübarək davada öz töhfəsini verdi, biri də var gedib işğaldan azad edilmiş ərazilərə ayaq basaraq reallıqları öz gözünlə görəsən. Artıq o torpaqlarda olanda birmənalı şəkildə şəhidlərimizin qanının yerdə qalmadığını düşünürsən. Əmin olursan ki, doğrudan da bu qədər fədakarlıqlara, qurbana dəyərmiş. Yenə qeyd edirəm ki, həmin dəhşətli mənzərələri, genişmiqyaslı vandalizm aktlarını müşahidə edəndə, hər bir insan özünə "bu əraziləri çoxdan azad etmək lazım idi" deyir. Ağdamda sanki təbiət də dil açıb söyləyir ki, indiyə kimi harada idiniz? Yəni bütün bunları gördükcə düşünürsən ki, bu qədər fədakarlıqlar boşuna deyilmiş. Şəhidlərimizin, hərbçilərimizin qəhrəmanlıqları olmasaydı, heç kim torpaqları bizə asanlıqla qaytaran deyildi. Hesab edirəm ki, böyük qəhrəmanlıqlarla azad edilən torpaqlara şəhid ailələrinin də səfərləri təşkil edilə bilər. Düzdür, bu, bir qədər çətin görünür. Amma hansısa formada zaman-zaman onların da bu müqəddəs torpaqlara səfərlərini təşkil etmək olar. Həmin ərazilərdə döyüşmüş şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində fərqli addımlar atmaq lazımdır ki, ailələr bir daha əmin olsunlar ki, onların övladları əbəs yerə bu dünyadan vaxtsız köçmədilər, əbəs yerə onları gözüyaşlı qoymadılar”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ağdam   Tural-Abbaslı   Partiya   Səfər   Vətən-Müharibəsi  






Xəbər lenti