İnfeksionistdən “Britaniya ştammı” ilə bağlı xəbərdarlıq
Bunu Azvision.az -a açıqlamasında Azərbaycan Tibb Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə deyib.
Ölkəmizdə koronavirusun "Britaniya ştammı"nın aşkarlandığını xatırladan həkim-infeksionist bunun gözlənilən olduğunu vurğulayıb.
“Onsuz da qonşu ölkələrdə "Britaniya ştammı" aşkarlanmışdı. 2019-cu ildə Çində virus yayılanda hamı deyirdi ki, xəstəlik bura gəlib çıxmayacaq. Amma 1-2 aydan sonra ölkəmizdə müşahidə edildi. Artıq yeni ştamma yoluxanlar var. "Britaniya ştammı" deyiləndə insanlar qorxur, həyacan keçirir. Bu, COVID-19 virusunun mutasiya olunmuş formasıdır. Mutasiya mikroorqanizmlərin bioloji xüsusiyyətidir. Onlar daim bölünür, artır, yeni ştammlar əmələ gəlir. "Britaniya ştammı"nda COVID-19-la müqayisədə yoluxuculuq çoxdur. Ölüm halları yüksək deyil. İki ay əvvəl Britaniyada aşkar olunub, yoluxanların sayı artsa da, ölüm hallarında bir o qədər artım müşahidə edilmir”.
V.Cavadzadə hesab edir ki, "Britaniya ştammı"nın daha yoluxucu olması xəstəxanaların, təcili tibbi yardım və həkimlərin yüklənməsinə səbəb ola bilər.
“Yeni ştammdan müalicə və qorunma yolları COVID-19-da olduğu kimidir. Burada fərqli bir şey yoxdur. COVID-19 virusundan qorunmaq üçün mövcud olan qızıl qaydalara burada da riayət etməliyik. Bayram günlərində insanlar arasında təmaslar azalmalı, maska taxılmalı, sosial məsafə gözlənilməli, qapalı məkanlara ehtiyac olmadığı halda gedilməməlidir. Qapanmaların olmaması üçün bunlara əməl edilməsi vacibdir. Bu, bizdən asılıdır”.
Aytən Zəhra
Azvision.az
Teqlər: COVID-19 Britaniyaştammı







Vaxtında, Aydın, Lazımlı!


