“Azərbaycanda məhkum olunmuş şəxslərin Prezident İlham Əliyev tərəfindən əfv edilməsi artıq bir ənənə halını alb. 2003-cü ildən bu günə qədər Prezident tərəfindən 36 əfv sərəncamı imzalanıb ki, bu da hər ildə ən azı iki əfv sərəncamının imzalanması deməkdir. Bu humanitar akt sayəsində indiyədək ümumilikdə minlərlə məhkum edilmiş vətəndaşımız bu və ya digər səviyyədə əfv aktının əhatə dairəsinə düşüb və azadlığına qovuşub. Bu il martın 18-də imzalanan sərəncam 625 məhkuma şamil edildi ki, bu da yalnız 2018-ci ildə əfv edilənlərlə müqayisədə bir qədər azdır. Xatırladım ki, 2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar imzalanan əfv sərəncamı 634 məhkuma şamil edilmişdi. Yəni indiki əfv məhkumları əhatə etmə miqyasına görə ikinci ən böyük humanitar aktdır. Nəzərə almaq lazımdır ki, əfv edilənlərin böyük əksəriyyətinin, yəni 475 məhkumun cəzasının çəkilməmiş hissəsinə xitam verilib və onlar birbaşa azadlığa çıxıblar”.
Deputat ikinci ən mühüm məsələ kimi onu qeyd edib ki, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 3 şəxsin cəzası 25 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib. Bu isə özlüyündə ayrıca bir humanist aktdır. Digər məsələlərə gəldikdə, Hikmət Babaoğlu əfv olunan məhkumların sırasında 2015-ci ildə Nardaran hadisələri ilə əlaqədar məhkum edilmiş 30 nəfər şəxsin, İslam Partiyası sədr müavininin, AXCP-dən olan 5 siyasi fəalın və 2018-ci ildə Gəncədə baş vermiş kütləvi iğtişaşla bağlı məhkum edilmiş 3 nəfərin adının olmasını xüsusi olaraq qeyd edib:
“Onların hər birinin törətdiyi cinayət əməlləri qanunla sübuta yetirilmiş hal sayılmaqla cəza tədbirləri görülsə də, indi əfv edilmələri yenə də cinayət törədənlərə qarşı dövlətin humanist siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Qeyd etmək lazımdır ki, məhkum olunmuş şəxslərin əfv edilməsi onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq həyata keçirilir. Burada məqsəd təkcə dövlətin humanizm siyasətini nümayiş etdirmək deyil, eyni zamanda məhkumların öz törətdikləri əməllərindən peşman olaraq onu bir daha təkrar etməməsi üçün onlara verilən şansın həmin şəxslər tərəfindən düzgün qiymətləndirilməsidir. Azadlıq çox qiymətli nemətdir və hər hansı səbəbə, yaxud hər hansı emosional davranışa görə onun qanun tərəfindən məhdudlaşdırılmasına səbəbiyyət verən hərəkətləri əsla etmək olmaz.”
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


