Yanvar-fevral aylarına dair neft-qaz göstəriciləri açıqlanıb

Yanvar-fevral aylarına dair neft-qaz göstəriciləri açıqlanıb
  20 Mart 2021    Oxunub:1414
Yanvar-fevral ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 5,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 342 min ton az olub.
Energetika Nazirliyindən Azvision.az -a bildirilib ki, respublika üzrə neft hasilatının 3,9 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin (AÇG), 628 min tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,3 milyon ton təşkil edib.

Hesabat dövründə 4,8 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 4,6 milyon tonu konsorsium, 255 min tonu isə SOCAR-in payına düşür. Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq ayına nisbətən, təxminən 182 min ton, yəni 4 faiz azdır.

Cari ilin iki ayında ölkədə 6,8 milyard kubmetr qaz hasil edilib. Qazın 2,2 milyard kubmetri AÇG-dən, 3,4 milyard kubmetri “Şahdəniz”dən, 1,2 milyard kubmetri SOCAR-dan hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 3 faiz, yəni 196 milyon kubmetr artımla qaz hasil edilib.

Hesabat dövründə xaricə qaz satışı 3,3 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 32 faiz çoxdur. Cari ilin yanvar-fevral aylarında 2020-ci ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 15,6 faiz çox, yəni 2 milyard kubmetr, Avropaya təqribən 783 milyon kubmetr, Gürcüstana isə 497 milyon kubmetr qaz ixrac edilib. Bu dövrdə Bakı-Tbilisi-Ceyhan boru kəməri sisteminə 18 milyon kubmetr qaz verilib.

Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 919 milyon kubmetr qaz nəql olunub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu il martın 1-dək təqribən 558,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. AÇG-dən 527,8 milyon ton xam neft, “Şahdəniz”dən isə 30,9 milyon ton kondensat çıxarılıb. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari il martın 1-dək təqribən 558 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.

Yataqlar istismara veriləndən cari il martın 1-dək “Azəri-Çıraq-Günəşli”dən 178,9 milyard kubmetr, “Şahdəniz”dən isə 138,2 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 93 milyard kubmetri ixraca nəql edilib.

Ölkədə neft emalı yanvar-fevral aylarında 1 milyon ton təşkil edib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 61,5 min ton az olub.

Azvision.az


Teqlər:





Xəbər lenti