Ermənistanın mədəni irsinə qarşı terroru İspaniya jurnalında

Ermənistanın mədəni irsinə qarşı terroru İspaniya jurnalında
  25 Mart 2021    Oxunub:1459
Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal altında saxlanılması faktı sözügedən ərazilərin UNESCO-nun Mədəni İrs Siyahısına salınmasını imkansız etmişdir.
Azvision.az xəbər verir ki, bu fikirləri İspaniyanın böyük oxuyucu kütləsinə malik “Patrimonio Actual” elektron jurnalının direktoru Xose İqnasiyo Vesinoya müsahibəsində Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov bildirib.

Ermənistanın həyata keçirdiyi təcavüzkar siyasətin fəsadlarından danışan səfir qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsində çoxəsrlik tarixə malik dini və mədəniyyət abidələri 30 ilə yaxındır vandalizmə məruz qalıb, ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hərbi məqsədlərlə istifadə edilərək dağıdılıb. Həmçinin qədim Azərbaycan dövləti Qafqaz Albaniyasının yadigarı olan kilsələr, monastır komplekslərinin məqsədli şəkildə erməniləşdirilməsinə, həmin məbədlərdən Azərbaycanın izlərinin silinməsinə cəhd edilərək, ölkəmizin maddi-mədəni irsinə qarşı terror törədilib.

Təcavüzkar dövlətin törətdiyi cinayətlərin xalqımızın iradəsini sındıra bilmədiyini deyən A.Məhərrəmov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 44 gün davam edən döyüşlərdə - Vətən müharibəsində şanlı Qələbə qazanaraq, 28 ildir Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərini, o cümlədən Azərbaycan musiqisinin beşiyi - qədim Şuşa şəhərini işğaldan azad edib.

Müsahibə zamanı UNESCO-nun Dünya İrs Siyahısında yer alan Azərbaycan abidələri barədə də ətraflı məlumat verilərək, Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə İçərişəhər kompleksinin, Qobustan qayaüstü təsvirlərinin, Şəki Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzinin Azərbaycan memarlığında əhəmiyyətli rolundan bəhs olunub.

Azərbaycanın qədim adət-ənənələrindən söz açan səfirin xalqımızın çoxəsrlik tarixə malik dəyərlərini əks etdirən Novruz bayramı, Nar bayramı, habelə milli mətbəximizin əvəzolunmaz təamlarından olan dolma, lavaş, eyni zamanda, Dədə Qorqud dastanı, yallı rəqsi barədə geniş məlumatı “Patrimonio Actual” elektron jurnalının direktoru tərəfindən maraqla qarşılanıb.

Qeyd edilib ki, 30 ilə yaxındır Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinin azad edilməsi ilə regionda sülh və sabitlik bərqərar olunub, Ermənistan tərəfindən vandalizmə məruz qalmış Azərbaycan torpaqları yeni quruculuq və inkişaf dövrünə qədəm qoyub.

Anar Məhərrəmov xüsusi olaraq vurğulayıb ki, işğaldan azad olunmuş Azərbaycan ərazilərinin gözoxşayan təbiətə, o cümlədən əlverişli coğrafi mövqeyə, iqlimə, zəngin balneoloji və mineral resurslara, flora və faunaya, mədəniyyətə, mədəni və qeyri-maddi mədəni irsə malik olması ölkədə bütün sahələrin, həmçinin turizm sektorunun daha da inkişaf etməsinə təkan verəcək.

Azvision.az



Teqlər: UNESCO   İspaniya  





Xəbər lenti