COVAX-ın peyvənd oyunu

COVAX-ın peyvənd oyunu
  25 Mart 2021    Oxunub:2112
Yeni növ koronavirus infeksiyası son iki ildə insanlar arasında yaxın məsafəni unutdurmaqla yanaşı, dövlətlərin bir-birini məsafədə saxlamasına səbəb oldu. Dünyanı bürüyən problemin həlli üçün vaksinin yaradılması mühüm idi.
Çin alimləri COVID-19-un genomunu açıqladıqdan sonra əczaçılıq şirkətləri, laboratoriyalar, alimlər və həkimlər koronavirusa qarşı peyvənd axtarışına başladılar. Müxtəlif qorunma və qabaqlayıcı tədbirlərə, məhdudiyyətlərə baxmayaraq, infeksiyanın sürətlə bütün planetə yayılması hər kəsin diqqətini və ümidini daha çox istehsal olunacaq peyvəndə yönləndirdi.

Daha sonra yoluxma sayında artım və əhəmiyyətli vəsaitin əldə edilməsi vaksin yaratmaq istəyən dövlətlərin sayını çoxaltdı. Ancaq ən böyük problem vaksinlərin bərabər paylanılması idi ki, nəticədə dövlətlər arasında məsafə daha da genişləndi.

Son aylar ərzində görünən mənzərə odur ki, bir sıra inkişaf etmiş dövlətlər peyvəndin əldə edilməsi üçün “nümayiş” etdirdikləri demokratik dəyərləri belə qorumurlar. Bunun ən bariz nümunəsi Avropa İttifaqı ilə Böyük Britaniya arasında mövcud olan problemdir. Hətta Britaniyanın Baş naziri Boris Conson Avropa İttifaqı ilə yaşanan peyvənd problemini açıq şəkildə bəyan etmişdi.

Bu cür hadisələr fonunda imkansız dövlətlərin gələcək taleyi heç düşünülmür. İndiki şəraitdə, xüsusilə zəngin ölkələr arasında olan ixtilaflar istehsalçılara da mənfi təsir göstərir, bir çox ölkələrin vətəndaşlarını vaksinlərdən məhrum edir. Bundan başqa, vaksin münaqişəsi ölkələr arasındakı inamsızlığı getdikcə alovlandırır.

Pandemiya ilə mübarizədə Azərbaycan nümunəsi

Azərbaycan dövləti vətəndaşlarını pandemiyanın təsirlərindən qorumaq üçün ilk gündən təxirəsalınmaz tədbirlər gördü. Qısa müddət ərzində xəstəxanalar açıldı, tibbi personalın sayı artırıldı. Bəzi xarici ölkələrdən həkimlərin Azərbaycana gətirilməsi təmin olundu.

Bütün bunların fonunda peyvənd pandemiyanın qarşısının alınmasında vacib şərt olaraq önə çıxır. Belə məqamda, vaksinlərin alınmması və ədalətli bölüşdürülməsi üçün dünya dövlətləri arasında sıx əməkdaşlıq və birgə mübarizə olduqca əhəmiyyətə malikdir.

Azərbaycan öz növbəsində bu istiqamətdə vacib addımlar atıb. Ölkəmizin təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli və bərabər bölgüsü ilə bağlı qətnamə Qoşulmama Hərəkatı adından irəli sürülüb və bu il martın 23-də qəbul edilib.

Digər ölkələrdən fərqli olaraq Azərbaycan tərəfi vaksinlərin dünya dövlətləri arasında ədalətli bölgüsünün pandemiya ilə mübarizə istiqamətində səmərəli əməkdaşlıq üçün vacib komponent olduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyev öz çıxışlarında vaksinlərin ədalətli və bərabər bölgüsü ilə bağlı fikirlərini bölüşüb və birgə səylərin önəmini qeyd edib. Hətta pandemiya başlayandan bəri Azərbaycan xəstəliyə qarşı qlobal mübarizəyə əhəmiyyətli töhfələr verib və Ümumdünya Səhiyyə Təşkilatına maliyyə yardımı edib, 30-dan çox ölkəyə köməklik göstərib.

Prezident dəfələrlə çıxışlarında qeyd edib ki, bəzi dövlətlər öz tələbatlarından bir neçə dəfə çox vaksin alır, nəticədə inkişaf etməkdə olan dövlətlər vaksin çatışmazlığı problemi ilə üzləşəcək.

Gözlənildiyi kimi, Azərbaycan bu dəfə də öz işini sığortalayıb və Çindən lazımi sayda keyfiyyətli vaksinin vaxtında tədarükünü təmin edib. Artıq ölkəmizdə yarım milyondan çox vətəndaşa vaksin vurulub, hazırda proses uğurla davam edir. Regionumuzda ilk vaksinasiya kampaniyasına başlayan ölkə məhz Azərbaycan olub.

COVAX adı altında peyvənd oyunu

Yanvarın 18-dən bu günə kimi ölkəmizdə 502 174 nəfər peyvəndlənmə prosesində iştirak edib. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır. Buna baxmayaraq, əhali sayını nəzərə alaraq dövlət digər vaksinlərin də Azərbaycana gətirilməsi üçün müəyyən addımlar atır. Eyni zamanda, Azərbaycan COVAX platformasında iştirak edərək vaksinlərin əldə edilməsi üçün ikitərəfli razılaşmalara qoşulub. Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI təşkilatı arasında imzalanmış sazişə əsasən, ÜST tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər, Azərbaycan da təsdiqlənmiş peyvəndlə təmin ediləcəkdi. Sazişə görə, ÜST-ün prekvalifikasiya mərhələsindən keçmiş COVID-19 əleyhinə peyvənd istehsal olunduqda Azərbaycan peyvəndi ilk əldə edən ölkələrdən biri olmalı idi. Lakin COVAX öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır.

Bundan əvvəl, COVAX Azərbaycan tərəfinə öncədən razılaşdırılmış qaydada vaksinlərin ölkəmizə təhvil veriləcəyini bildirsə də, artıq müəyyən qədər vaxtın keçməyinə baxmayaraq, COVAX tərəfindən Azərbaycana vaksin təqdim edilməyib. Daha sonra COVAX-dan Azərbaycana məlumat verilib ki, vəd ediləndən daha az sayda vaksin veriləcək və hətta bunun da verilmə vaxtı qeyri-müəyyəndir.

Nədənsə Azərbaycan COVAX platforması çərçivəsində “Pfizer-BioNTech” vaksinlərini əldə edəcək 18 ölkə siyahısına daxil edilməyib. Nəticədə görürük ki, bəzi ölkələr onlara lazım olandan 3-4 dəfə çox vaksin alırlar. Bu isə ədalətli yanaşma deyil. İlk növbədə pandemiyaya qarşı mübarizədə müxtəlif protokollar və təcrübələri tərtib edərək ölkələrə göndərən Ümumdünya Səhiyyə Təşkilatı bu məsələdə ayrı-ayrı peyvənd istehsalçılarını məsuliyyətli olmağa səsləməli və vaksinin hər kəs üçün əlçatanlığını, ədalətli bölüşdürülməsini təmin etməyə çağırmalıdır.

Əlbəttə, COVAX-ın yanaşması qeyri-ciddidir və bu təşəbbüsə olan etibarı heçə endirir. Baxmayaraq ki, COVAX-ın yaradılmasında məqsəd vaksinlərin dünya ölkələri arasında bərabər və ədaləti bölgüsü idi, ancaq COVAX ikili standartlara yol verir, hələ də bəzi ölkələr, o cümlədən Azərbaycan qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir.

Azvision.az


Teqlər: COVAX   Peyvənd  





Xəbər lenti