Qeyri-ciddi və ədalətsiz yanaşma: COVAX etibarını itirir

  Qeyri-ciddi və ədalətsiz yanaşma:    COVAX etibarını itirir
  25 Mart 2021    Oxunub:8515
COVID-19 pandemiyası başlayandan bəri Azərbaycan dünyanı cənginə alan xəstəliklə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. İndiyədək Azərbaycan bu istiqamətdə bir sıra vacib və dəyərli təşəbbüslərlə çıxış edib, dünya güclərini həmrəyliyə çağırıb.
Xatırladaq ki, keçən ilin dekabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Videokonfrans formatında baş tutan sessiyada çıxış edən dövlət başçısı bütün dünyanı gücləri səfərbər etməyə və COVID-19-la mübarizədə ədalətli siyasət yürütməyə səsləyib. Prezidentin təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanıb və ölkəmizin pandemiya ilə mübarizədə verdiyi töhfələr yüksək qiymətləndirilib.

Azərbaycan pandemiyaya qarşı ölkə daxilində ardıcıl mübarizə tədbirləri gördüyü kimi, beynəlxalq miqyasda da özünü məsuliyyətli dövlət kimi aparması ilə böyük rəğbət qazanıb, qlobal həmrəyliyin möhkəmlənməsinə fəal dəstək nümayiş etdirib.

Təsadüfi deyil ki, Azərbaycan COVID-19-la mübarizə məqsədilə indiyədək qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü ianə ayırıb, 30-dan artıq dövlətə humanitar yardım göstərib. Bundan əlavə, Azərbaycan vaksinlərin ədalətli bölgüsü və əlçatanlığı məqsədilə yaradılmış COVAX beynəlxalq təşəbbüsünə ilk qoşulan və dəstək verən ölkələrdən biri olub. Lakin vaksinin dünyada bərabər və ədalətli formada paylanması ilə bağlı problemlər nədənsə bu gün də qalmaqdadır.

Təəssüflər olsun ki, COVAX (Vaccines Global Access Facility) təşəbbüsü üzv ölkələrin vaxtında vaksinlərlə təmin olunmasına, vaksinlərin ölkələr arasında ədalətlilik və əlçatanlıq prinsiplərinə əsasən bölüşdürülməsinə görə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmir. COVAX-ın qeyri-ciddi və ədalətsiz yanaşması dünyanın əksər ölkələri tərəfindən etirazla qarşılanır.

Məlumat üçün bildirək ki, COVAX təşəbbüsü ötən ilin yay aylarında irəli sürülüb. ÜST və digər təşkilatlar tərəfindən ortaya atılan təşəbbüsdə məqsəd COVID-19-a qarşı vaksinlərin ədalətli bölgüsünü təmin etmək idi. Qısa müddətdə dünyanın 100-dən çox ölkəsi bu təşəbbüsə qoşulub. Ancaq dünyanın bir çox ölkələrində koronavirus əleyhinə peyvəndlərin kütləvi istehsal olunmasına baxmayaraq, COVAX-a qoşulan dövlətlərin əksəriyyəti hələ də vaksin əldə edə bilməyib.

Belə məqamda Azərbaycan vaksinasiya prosesinə başlayan ilk ölkələrdən biri kimi bu məsələyə çox həssas yanaşır. Prezident İlham Əliyev dəfələrlə bununla bağlı narahatlığını ifadə edib.

Azərbaycan Prezideni çıxışlarında vaksinlərin ədalətli və bərabər bölgüsü barədə fikirlərini bölüşüb və bu istiqamətdə birgə səylərin önəmini qeyd edib. Ölkə başçısı diqqətə çatdırıb ki, bəzi dövlətlər öz tələbatlarından bir neçə dəfə çox vaksin alır və nəticədə inkişaf etməkdə olan dövlətlər vaksin çatışmazlığı problemi ilə üzləşir.

“Bu vəziyyət bir daha göstərir ki, həmrəylik barədə, bu bəlaya qarşı birgə mübarizə barədə bütün bəyanatlara baxmayaraq, praktikada tamamilə əks vəziyyət görürük”, - deyə dövlət başçısı fevralın 26-da yerli və beynəlxalq mətbuat nümyəndələrinin iştirakilə keçirilən və dörd saatdan çox davam edən mətbuat konfransında vaksin məsələsini yenidən gündəmə gətirmişdi:

“Məsələn, bəzi ölkələr onlara lazım olandan 3-4 dəfə çox vaksin alıblar. Misal üçün, Kanada. Mən bu barədə demişəm. Belə çıxır ki, kiməsə çatmayacaq. Amma bu, onlara maraqlı deyil. Onlar sözdə bərabərlik, insan haqları, demokratiya tərəfdarları kimi çıxış edir, praktikada isə milyonlarla insanın, yoxsul ölkələrdə yaşayan və buna imkanı olmayan insanların hüquqlarını tapdalayırlar".

Məhz bu çıxışlardan sonra Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli və bərabər bölgüsü ilə bağlı Qoşulmama Hərəkatı adından qətnamə irəli sürülüb və bu ilin 23 mart tarixində qəbul edilib.

“COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında peyvəndlərin ədalətsiz və qeyri-bərabər bölüşdürülməsinin insan hüquqlarından istifadəyə mənfi təsiri məsələsini önə çəkib və bunun pandemiyanın tamamilə aradan qaldırılmasında, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Gündəliyində nəzərdə tutulan məqsədlərə nail olunmasında başlıca əngəllərdən biri olduğunu dünyanın diqqətinə çatdırıb.

Göründüyü kimi, dünyada 3 milyona yaxın insanın koronavirus pandemiyasından həyatını itirməsinə rəğmən, vaksinlərin bölüşdürülməsində ədalətsizlik, qeyri-insani rəftar hökm sürür və belə problemlə üzləşən ölkələr sırasında COVAX təşəbbüsünə qoşulanlara da rast gəlmək olar. Bu isə onu göstərir ki, COVAX öhdəliyindən irəli gələrək üzv ölkələrin vaksinlərlə təminatı vaxtında və yetərincə həyata keçirilmir, nəticədə beynəlxalq təşəbbüs öz əhəmiyyətini getdikcə itirir.

Aylar öncə Azərbaycan COVAX-a qoşulanda bildirilmişdi ki, öncədən razılaşdırılmış qaydada vaksinlər ölkəmizə təhvil veriləcək. Lakin müəyyən qədər vaxt keçməsinə baxmayaraq, COVAX tərəfindən Azərbaycana vaksin təqdim edilməyib. Son günlər COVAX tərəfindən ölkəmizə məlumat verilib ki, vəd ediləndən daha az sayda vaksin veriləcək və hətta bunun da verilmə vaxtı qeyri-müəyyəndir.

Maraqlıdır ki, COVAX tərəfindən dost Gürcüstana artıq ilk partiya vaksinlər çatdırılıb. Bu zaman ortaya haqlı olaraq suallar çıxır: Azərbaycana qarşı ədalətsiz yanaşma nədər xəbər verir? COVAX üzərinə götürdüyü öhdəliklərə niyə əməl etmir?

Nədənsə, bu suallara indiyədək dolğun cavab verilməyib və COVAX müxtəlif bəhanələrə əl ataraq riyakar mövqe tutmaqda davam edir. Bu cür yanaşma qeyri-ciddidir və nəticədə COVAX-a olan etibarı heçə endirir. Pandemiya ilə mübarizədə qlobal səyləri səfərbər edən, önəmli təşəbbüslərlə çıxış edən və 30 ölkəyə yardım göstərən Azərbaycana qarşı ikili standartlara yol verilməsi birmənalı şəkildə qəbuledilməzdir və buna görə COVAX mütləq cavab verməlidir. Ümid edək ki, COVAX ən qısa zamanda səhvini anlayacaq və yol verdiyi nöqsanları aradan qaldıracaq.

Əlbəttə, Azərbaycan dövləti COVAX-ın ilkin vədlərinə baxmayaraq, öz işini vaxtında sığortalayıb və Çindən lazımi sayda keyfiyyətli vaksinin tədarükünü təmin edib. Beləliklə, ölkəmizdə yanvarın 18-dən başlayanan vaksinasiya prosesi hazırda uğurla davam etdirilir. indiyədək yarım milyondan çox vətəndaşa vaksin vurulub.

Xatırlatmaq yerinə düşər ki, regionda ilk vaksinasiya kampaniyasına başlayan ölkə məhz Azərbaycan olub. Bu isə onu göstərir ki, dünyada hökm sürən haqsızlıqlara və ədalətsiz yanaşmalara baxmayaraq, Azərbaycan dövləti istənilən şəraitdə öz vətəndaşlarını düşünür, onların sağlamlığı və təhlükəsizliyi üçün lazım olan bütün işləri zamanında görür.

Azvision.az


Teqlər: Peyvənd   COVAX  





Xəbər lenti