“COVAX ikili standartlara yol açan fəaliyyətinə son verməlidir” - Deputat

   “COVAX ikili standartlara yol açan fəaliyyətinə son verməlidir” -    Deputat
  27 Mart 2021    Oxunub:2038
Bəşəriyyətin insanlıq üçün yeni olan koronavirus bəlasından xilas olmaq üçün mübarizəyə qalxdığı, qlobal həmrəyliyə, əməkdaşlığa üsünlük verdiyi bir vaxtda COVAX çərçivəsində vaksinlər qeyri-bərabər şəkildə paylanılır.
Bunu Azvision.az -a Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Millət vəkili qeyd edib ki, müxtəlif məsələlərdə ikili standartlara məruz qalan Azərbaycan da koronavirusa qarşı peyvəndlərin alınmasında böyük ayrı-seçkiliklə qarşılaşan ölkələr sırasındadır.

"Koronavirusun yayıldığı ilk gündən Azərbaycanın bu bəla ilə mübarizədə həm ölkə daxilində, həm də beynəlxalq miqyasda gerçəkləşdirdiyi layihələr, irəli sürdüyü təşəbbüslər dünya ölkələri tərəfindən təqdir olunub, ümumbəşəri bəla ilə mübarizədə Azərbaycan modeli dünyaya nümunə kimi təqdim edilib. 2020-ci ilin aprel ayından başlayaraq Prezident İlham Əliyevin dünya dövlətlərinə və beynəlxalq təşkilatlara ünvanlanan “Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir” çağırışı dünyanın biri-birinə əks olan qütblərini bir araya gətirdi, həmrəyliyin və əməkdaşlığın dəhşətli virusla mübarizədə əhəmiyyətli rol oynadığını əsaslı şəkildə diqqətə çatdırdı. Prezident İlham Əliyevin 2020-ci ilin aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə uzaqgörənliklə söylədiyi “Pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı var” - sözləri bu gün də aktuallığını saxlayır.

Təsssüflər olsun ki, beynəlxalq aləmə qlobal bəlanın qarşısını almaq üçün birgə səylərin göstərilməsinin, təcrübə mübadiləsinin aparılmasının vacibliyi barədə çağırışlar edən Azərbaycan COVAX platforması çərçivəsində “Pfizer-BioNTech” vaksinlərini əldə edəcək 18 ölkə siyahısına daxil edilməyib. Halbuki Azərbaycan vaksinlərin ədalətli bölgüsü və əlçatanlığı məqsədilə yaradılmış COVAX beynəlxalq təşəbbüsünə ilk qoşulan və dəstək verən ölkələrdən biri olub. Azərbaycan vaksinlərin dünya ölkələri arasında ədalətlilik və həmrəylik prinsipləri ilə bölgüsünün tərəfdarıdır.

BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul edilməsi də bunun bariz nümunəsidir".



Millət vəkili vurğulayıb ki, bütün bunlara rəğmən, COVAX ikili standartlara yol verir, Azərbaycan qarşısında götürdüyü öhdəlikləri layiqincə və zamanında yerinə yetirmir:

"Artıq müəyyən qədər vaxtın keçməyinə baxmayaraq, hələ də COVAX tərəfindən Azərbaycana vaksin təqdim edilməyib. Vaksinlərin dünya ölkələri arasında bərabər və ədaləti bölgüsünü aparmaq məqsəd ilə yaradılan COVAX tərəfindən verilən məlumatda deyilir ki, Azərbaycana vəd edilən vaksin nəzərdə tutulan dozadan az sayda və qeyri-müəyyən tarixdə çatdırıla bilər.

Göründüyü kimi, nə vaksinin sayı, nə də çatdırılma tarixi açıqlanmır. Bu da COVAX-ın ikili standartlara yol verdiyinin, Azərbaycan qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinin təsdiqidir. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar COVAX-ın ikili standartlara yol açan fəaliyyətinə öz münasibətini bildirməli, gec olmadan bəşəri dəyərlərin pozulmasının qarşısı alınmalıdır".

Aytən Zəhra
Azvision.az


Teqlər: COVAX   Vaksin  






Xəbər lenti