“Müharibədə psixoloji travma alanların əsas müalicə yolu sevgidir”

“Müharibədə psixoloji travma alanların əsas müalicə yolu sevgidir”
  29 Mart 2021    Oxunub:5797
“Bu müharibə gənclərimizi çox böyütdü. Biz müharibədə gördük ki, bu uşaqların içində necə bir ruh, cəsarət var imiş. İnsan məəttəl qalır, yanımıza necə bir vəziyyətdə gəlirlər, amma deyirlər ki, lazım olsa, yenə də müharibəyə gedəcəyik. “Torpaq bizimdirsə, getməliyik, analarımızı, bacılarımızı qorumaq üçün getməliyik” deyirlər. Biz həmişə müəllimlərdən şikayət edirdik, amma indi görürük ki, onların belə vətənpərvər yetişməsində müəllimin nə qədər rolu olub. Bu uşaqları yetişdirən məktəb var”.
Bunu Azvision.az -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt Reabilitasiya Mərkəzinin sosial-psixoloji reabilitasiya şöbəsinin müdiri Elmira Hüseynova deyib. Onun sözlərinə görə, Vətən müharibəsində fiziki travma almayan iştirakçılar da sosial-psixoloji müalicə almalıdırlar.

"Çünki insanlarda psixoloji travmalar çox güclü olub. Müharibədə iştirak edən gənclər yaxınlarını, dostlarını, bir yerdə döyüşən insanları itiriblər. Elə hal olub ki, 150 nəfər döyüşüb, onlardan 3-ü sağ qalıb. Onlar çoxlu qan görüblər, elə hal olub ki, məzara qoymağa bir şey tapmaq üçün dostlarının, döyüş yoldaşlarının əlini-ayağını yerlərdən yığıblar. Mən istəyirəm ki, xalqa müraciət edim. Müharibə vaxtı hamı bir yumruq ətrafında birləşdi, müharibədən sonra da hamı bir yumruq ətrafında birləşməlidir. Torpaqlarımız geri alınıb, bu zülmü görən qazilərimizi diqqətdən kənarda qoymamalıyıq, onlara qayğı göstərməliyik”.

E.Hüseynova qeyd edib ki, sosial-psixoloji reabilitasiyaya ehtiyacı olan insanlar bu prosesdən keçdikdən sonra onların vəziyyətində yaxşılaşma olur.

"Psixoloji travma alan insanların əsas müalicə yolu sevgidir. Hər bir şeyi dərmanla aradan qaldırmaq olmur. Onları daha yaxşı anlamaq, onlara qulaq asmaq, dərdinə şərik olmaq lazımdır. Burada sevginin göstərilməsi çox önəmlidir. Bu insanlar çox həssasdırlar. Onlar çox yaxşı başa düşürlər ki, sən bunları maraq üçün soruşursan, yoxsa onunla birgə bu ağrını yaşayırsan. Biz gərək o ağrını bir yerdə çəkək. Onların ağrısını hiss edə-edə, onları o ağrı məngənəsindən çəkib çıxaraq. Onlara imkan verək ki, bu hadisələri yaddan çıxarsınlar. Bunları yalnız xalqımızın sevgisi həyata geri qaytaracaq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Müharibə   Travma  





Xəbər lenti