Tuğ sakini erməni vəhşiliyindən danışır: “Bir gecədə bütün evləri yandırdılar” - FOTO

 Tuğ sakini erməni vəhşiliyindən danışır:  “Bir gecədə bütün evləri yandırdılar” -  FOTO
  31 Mart 2021    Oxunub:7415
“Ermənilərin Tuğda ən böyük cinayəti azərbaycanlı uşağı ürəyindən bıçaqlamaqla başladı”.
Bunu Azvision.az -a Xocavənd rayonunun Tuğ kənd sakini Rövşən Vəliyev doğma yurdunda ermənilərin törətdiyi cinayətlərdən danışarkən deyib.

1962-ci ildə Tuğda anadan olan və ömrünün 30 ilini orada keçirən həmsöhbətimiz kənddən ən son çıxanlardan olub. O, üç övladı ilə birgə yenidən Tuğa qayıtmaq və orada yaşamaq arzusundadır:

“Köhnə Tuğ kəndi düz dağın başında yerləşirdi. Sonradan kənd əhalisini nisbətən aşağı hissədə yerləşdiriblər. Tuğun əhalisi, mədəniyyəti, dünya görüşü də fərqli olub. Tuğdan 11 kilometr yuxarıda Xocavəndin Binə kəndi yerləşirdi. Orada hərbi hazırlıq üzrə müəllim kimi çalışırdım. Sonralar Hadrut komsomol təşkilatında katib kimi fəaliyyət göstərmişəm. Sonuncu günə kimi Tuğda oldum. Oradan oktyabrın 29-da çıxmışıq. Mən öz məhəlləmizin komandiri idim. Kəndimizi müdafiə etmək üçün 98 ədəd beşatılan gülləmiz var idi.



Ermənilər Tuğda bir gecədə bütün evləri yandırdılar. İnsanlar müqavimət göstərə bilmədi, məcbur qalıb kəndi tərk etdik. Atamla bacım girov düşmüşdü, biz sonra onları təhvil aldıq. Ermənilər Tuğda çox vəhşiliklər ediblər. Onların ən böyük vəhşiliyi azərbaycanlı uşağı ürəyindən bıçaqlamaqla başlamışdı. Məktəbdə 9-cu sinif şagirdi Süleymanov Teyyub Fərrux oğlunu ürəyindən vurmuşdular. Bunu təşkil edən erməni müəllim idi. Həmin cinayətə görə heç kimi həbs etmədilər, qatillər cəzasız qaldı. Onların hər bir cinayəti uşaqla başlayırdı. Ondan sonra davamlı olaraq bizdən bir neçə nəfəri öldürdülər. Məcbur qalıb özünü müdafiəyə keçdik. Biz Xocalıda yaşanan faciələri gördük. Xocalı qatili Zori Balayan hadisələrdən əvvəl Tuğa gəlirdi. Orada ermənilərin təbliğatını aparırdı”.


Tuğ məktəbliləri

Müsahibimiz ermənilərin azərbaycanlılara qarşı düşmənçilik münasibətini işğaldan öncə də hiss etdiyini deyib:

“1987-ci ildə Binə kəndində müəllim işləyəndə erməni iş yoldaşım məni evinə qonaq çağırmışdı. Dəvəti qəbul edib getdim. İçəri girib onun ailəsi ilə tanış olanda bir də gördüm qoca bir erməni qarısı əlində balta içəri girdi. Ətrafa baxdım ki, ailə üzvləri pərt olub və məni süzürlər. Onlardan nə baş verdiyini soruşdum. Mənə izah etdilər ki, bu qadın “türk” sözü eşidən kimi əlini baltaya atır və həmin adamın başını kəsmək istəyir. Mən onların evinə hansı ürəklə getmişdim, onlar isə məni necə qarşıladılar. Ermənilərin əxlaqı belə idi. İşğaldan azad ediləndən sonra hələ də evlərimizin yerinə baxmamışıq. Bizim evin yerində bir ağac bitib. Xarabalığı qalıb. Mənə Tuğda ev lazım deyil. Çadırım hazırdır. Gedib kəndimdə çadırda, xarabağlığın içində yatacağam”.

Qeyd edək ki, 1991-ci il oktyabrın 30-dan 31-nə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Tuğ 2020-ci il noyabrın 9-da Müzəffər Azərbaycan Ordusu tərəfindən azad olunub.




Tuğda toy məclisi





Şahanə Rəhimli
Azvision.az


Teqlər: Xocavənd   Tuğ  






Xəbər lenti