“Peyvənd olunan xəstələrdə əməliyyat sonrası ölüm halları azalıb”- Cərrah

 “Peyvənd olunan xəstələrdə əməliyyat sonrası ölüm halları azalıb”-  Cərrah
  01 Aprel 2021    Oxunub:2463
Dünyanı bürüyən COVID-19 pandemiyası dövründə təxirə salınan planlı cərrahi əməliyyatlara qoyulan qadağalar aradan götürülə bilər.
Bunu Azvision.az -a açıqlamasında cərrah Elgün Səmədov deyib. Onun sözlərinə görə, bu ilin 25 mart tarixində "British Journal of Surgery" jurnalında dərc edilən elmi məqalədə qeyd olunub ki, dünyada COVID-19 əleyhinə peyvənddən sonra əməliyyat olunan xəstələrdə virusla bağlı ölüm hallarının sayında azalma olub:

“Daha öncə dərc edilən məqalələrdə göstərilirdi ki, 70 yaşdan yuxarı xəstələrin əməliyyatdan sonrakı ağırlaşma ehtimalı 3% idisə, pandemiya dövründə koronavirusa yoluxmuş xəstələrin əməliyyatdan sonrakı ölüm ehtimalı 18,6% olmuşdu. "British Journal of Surgery" jurnalında dərc olunan sonuncu məqalədə Azərbaycanın da qatıldığı 116 ölkənin mütəxəssislərinin iştirak etdiyi araşdırmanın nəticələri qeyd olunub. Bu nəticələrdən aydın olub ki, 70 yaşdan yuxarı və xərçəng xəstəliyi səbəbilə əməliyyat düşünən xəstələr əməliyyat öncəsi peyvəndləmə olunursa, əməliyyatdan sonra COVID-ə bağlı ölüm ehtimalı əhəmiyyətli dərəcədə azalıb”.

Tədqiqat qrupunda yer alan cərrah Elgün Səmədov qeyd edib ki, dünyada COVID-19 pandemiyası dövründə xeyli sayda planlı cərrahi əməliyyatlar təxirə salınıb:

“İndi isə deyilir ki, peyvəndləmə olduğu halda xəstənin yaşı 70-dən yuxarı olarsa, 1 il ərzində statistik olaraq 60 min insanın koronavirusa bağlı ölümünün qarşısı alına bilər. Bu tədqiqatın böyük nəticəsidir və dünya üzrə kifayət qədər böyük rəqəmdir. Pandemiya başlayanda bəzi məlumatlar yayılmışdı ki, ümumi anesteziya ilə cərrahi əməliyyatdan sonra COVID tutan xəstələrdə ölüm faizi 20% ola bilər. Bu xəstəlik tam araşdırılmadığı üçün dəqiq məlumat yox idi. Biz də öz xəstəxanamızda planlı əməliyyatları saxlamışdıq. Xəstələrdə də təşviş vardı. Amma bu gün əminliklə deyə bilərik ki, peyvənd olunan xəstələrdə əməliyyatlar riskli hesab olunmur. Mənim tərəfimdən də tövsiyə olunur ki, onlar cərrahi əməliyyatdan öncə peyvənd olunsunlar”.

Həkim-cərrah onu da vurğulayıb ki, araşdırmanı həyata keçirən “Birmingham” Universitetinin tədqiqatçılarından olan cərrah Dmitri Nepoqodiyev planlı cərrahiyyə düşünən xəstələr üçün COVID öncəsi peyvəndə önəm verilməli olduğunu deyib:

“Bu tədqiqat “Birmingham” Universiteti tərəfindən idarə olunub. Tədqiqatda bir çox ölkələrin - Türkiyə, Azərbaycan, Avstraliya, Braziliya Çin, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə və ABŞ-ın da daxil olduğu 116 ölkədəki 1667 xəstəxanadan 141.582 xəstənin dataları araşdırılıb”.

Qeyd edək ki, beynəlxalq elm adamlarının araşdırmalarına əsasən, pandemiya dövründə təcili olmadığı halda əməliyyatları təxirə düşən xəstələrdə əməliyyat öncəsi COVID-19 peyvəndinin virusa bağlı ölüm riskini azaltdığı məlum olub.

“Birmingham” Universitetindəki mütəxəssislər tərəfindən idarə olunan “COVIDSurg Collaborative” beynəlxalq araşdırma heyəti “Cərrahiyyə əməliyyatı planlaşdırılan xəstələrə COVID-19 peyvəndi vurulmasına önəm verilməlidirmi?” mövzusunda araşdırma aparıb. Araşdırmanın nəticələri bu ilin 25 mart tarixində dünyanın ən prestijli elmi nəşrlərindən olan "British Journal of Surgery"də yayımlanıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Sərrah   Peyvənd   Covid  






Xəbər lenti