AzVision: Bağlanıb-açılan bir il - VİDEO

      AzVision:    Bağlanıb-açılan bir il -    VİDEO
  01 Aprel 2021    Oxunub:10047
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
Azərbaycanda ilk karantinin tətbiqinin düz bir ili tamam oldu. Keçən ilin martin 31-də ölkədə birinci qapanma tətbiq edildi və vətəndaşlar aprelin 20-nə qədər evdə qaldılar. O gün ölkədə koronovirusa 24 yoluxma və 5 ölüm qeydə alınmışdı. Bu gün yoluxma 2000-in, ölüm halları 20-nin üstündədir. Bu bir ildə Azərbaycanda 260 min insan yoluxub, 3550 nəfər dünyasını dəyişib. Amma bu gün biz hələ də cəmiyyət olaraq mübahisə edirik ki, hansı addımları atmaq lazımdır. Daha doğrusu, təkcə biz yox, bütün dünya. Ona görə də, sosial şəbəkə fəalı, influenser Demə Qoq ilə birlikdə belə qərar gəlmişik ki, ilk karantinin ildönümü günündə pandemiya ilə bağlı bütün sualları, fikirləri, variantları, ssenariləri saf-çürük edək və çərşənbənin nöqtələrini qoymağa çalışaq.



1. Nazik qırmızı xətt

Gündəlik 2000-dən çox yoluxma və 20-dən çox ölüm Azərbaycan kimi balaca ölkə üçün kifayət qədər ciddi rəqəmdir. Amma cəmiyyətdə bununla bağlı heç bir narahatçılıq yoxdur. Açıq danışaq: İnsanlar pandemiyaya, yoluxma və ölüm hallarının artmasına görə deyil, tam əksinə, yeni qapanmanın tətbiq ediləcəyi ehtimalına görə narahatlıq keçirirlər. Şəxsi söhbətlərdə mən də, yəqin, elə siz də bu sözü çox eşitmişik ki, daha heç bir karantin olmamalıdır, onsuz da ölən öləcək, qalan qalacaq. Çox qəddarcasına səslənir, amma eyni zamanda bu, o deməkdir ki, biz artıq toplum olaraq COVİD-in səbəb olacağı ölümlərlə psixoloji cəhətdən barışmışıq.

Demə Qoq:
- Qəddarlıq-filan deyil. Hamı yorulub, bezib... Ucu-bucağı görünmür bu pandemiyanın. Bütün həyatımız öz oxundan çıxıb. Bunun bir sonu olmalıdır axı…

İndi bir neçə ciddi sual durur qarşımızda. Birincisi: Yoluxma və ölümlərin “ağrı limiti” haradadır? Yəni bu göstəricilər hansı həddi keçsə, cəmiyyət ya özü yeni karantin tələb edəcək, ya da ən azından, lokdauna sakit yanaşacaq?

Demə Qoq:
- Yoxdur elə bir limit. Sən görmüsənmi ki, hansısa ölkədə yoluxmalar lap nə qədər çox olsa da, camaat özü karantin istəsin? Yox! Heç kim karantin istəmir.

Razıyam. Onda ikinci sual çıxır: O hədd haradan keçir ki, yoluxma və ölümlər onu aşsa, hökumət özü cəmiyyətin rəyini nəzərə almadan, karantin tətbiq etməlidir?
Və üçüncü sual: Lokdaun labüdləşərsə necə, hansı sahələrə tətbiq olunmalıdır ki, effektiv olsun? Sadə dillə desək, nəyi açıb, nəyi bağlamaq daha yaxşı nəticə verər?

Demə Qoq:
- Mən deyim də. Birincisi, metronu açsınlar. Avtobuslarda camaat bir-birinin ağzının içində gedəndə, guya orada virus yayılmır ki?!

Görək, dünya necə edir.

2. Pasxa vs Ramazan

İtaliyada həftənin birinci günündən ölkənin təxminən yarısında lokdaun tətbiq edilib. Amma hətta “qırmızı kod” elan olunan ərazilərdə belə, məktəblər bağlanmır. Aprelin 30-na qədər restoranlar, kinoteatrlar, idman zalları bağlı qalacaq.
Türkiyədə aprelin 12-dən mayın 13-nə qədər yenidən həftə sonları komendant saatı tətbiq olunacaq.

Demə Qoq:
- Bunun heç bir faydası yoxdur. Özümüzdə də oldu, gördük. Camaat çörək növbəsində basa-basa salıb, daha çox yoluxdu.

Məsələ ondadır ki, aprelin 12-dən Ramazan ayı başlayır və xristianlarda “pasxa karantini” olduğu kimi, bir sıra müsəlman ölkələrində də “ramazan karantini” tətbiq olunacaq.
Burada vacib bir nüansa diqqət yetirək: Türkiyə dünyada vaksinasiya göstəricisinə görə 17-ci yerdədir, orada əhalinin haradasa 15 faizi vaksinlənib. Amma bu göstərici pandemiyanın sürətini azaltmaq üçün çox kiçikdir. ABŞ-da əhalinin az qala 34, Britaniyada 40 faizi vaksinlənib. Fəqət hətta o rəqəmlər belə, yoluxmaların dinamikasını azaltmağa yetmir.
Müqayisə üçün deyək ki, Azərbaycan MDB-də əhalinin ən çox vaksinləndiyi ölkədir, amma bizdə bu göstərici cəmi 5.2 faizə bərabərdir. Halbuki, bir də təkrarlayıram, vaksinasiyanın 40 faizə çatdığı Britaniyada arxayınlaşmaq üçün nikbinliyə əsas verən heç nə yoxdur. Bəzi ekspertlərə görə, peyvəndlənən əhalinin sayı 75 faizi keçəndən sonra kütləvi immunitetdən danışmağa dəyər. Yəni hələ bir neçə ay, bəlkə də ilin sonuna qədər vaksinin köməyinə bel bağlanılmamalıdır. Elə isə qayıdırıq əvvəldəki suala: Bəs yoluxma və ölümlərin getdikcə artan “qara rəqəm”lərilə nə edək?! Hansı variantlar var?

3. Amerika təcrübəsi

COVİD-lə mübarizədə dərs götürmək baxımından ən maraqlı ölkələrdən biri ABŞ-dır. Çünki orada hər ştat özünün fərqli qaydalarını tətbiq etdiyindən, nəticələr də fərqlidir və onları bir-birilə müqayisə etmək olur.
Ümumilikdə Amerika təcrübəsi onu göstərir ki, mülayim karantin tətbiq edən ştatlar sonda sərt karantin tətbiq edən ştatlarla müqayisədə daha qənaətbəxş nəticələr əldə ediblər.
Amerikanın ştatlarının əldə etdikləri nəticələrin müqayisəsi göstərir ki, karantinin sərtlik dərəcəsi ilə ölüm hallarının dinamikası arasında korrellyasiya praktik olaraq yoxdur. Bunu ABŞ-da bir neçə jurnalda dərc olunan elmi araşdırmalar da rəsmən təsdiqləyib.
Bundan başqa, mülayim karantin tətbiq edən ştatlarda işsizlik faizi aşağı olur və onlar karantindən çıxan kimi iqtisadiyyatları sürətlə əvvəlki templərinə qayıdır. Halbuki, sərt karantini seçən ştatlarda işsizlik təxminən 10% artır. Bu isə sosial problemlərə, dolayısı ilə, ölüm hallarının statistikasına təsir edir.
Mart ayı ərzində aparılan müşahidələr başqa bir maraqlı halı da üzə çıxarıb: ABŞ-da yoluxanların artımı sərt karantin tətbiq edən ştatların hesabına artır, Texas və Missuri kimi bütün məhdudiyyətləri aradan qaldıran ştatlarda isə dinamika elə də böyük deyil.
Bu araşdırmalar göstərib ki, ABŞ prezidenti Cozef Bayden sərt karantinə qarşı çıxan qubernatorları “neandertal təfəkkürlü” adlandıranda əslində haqsız olub. Reallıqda onlar daha məntiqli mövqedə imişlər.
Maraqlıdır ki, keçən ilin noyabrında “Frontiers in Public Health” jurnalında dərc olunan bir araşdırmada da 160 ölkənin statistikası araşdırılaraq, belə nəzəriyyə irəli sürmüşdü ki, karantinlə mübarizədə tətbiq olunan məhdudiyyətlərin sərtliyi ölümlərin sayına o qədər də ciddi təsir etmir. Belə çıxır ki, Amerika təcrübəsi bu fikri təsdiqləyir. Amma unutmaq olmaz ki, burada söhbət birbaşa təsirdən gedir. Yəni əgər xəstəxanalarda, reanimasiya palatalarında boş yerlər varsa, onda hə, Amerika təcrübəsindən istifadə etmək olar. Yox, əgər palatalar dolursa, onda lokdaun yeganə varianta çevrilir.

4. İsrail təcrübəsi

Belə bir lətifə var. Bir gün yəhudidən soruşurlar: Dünyanın ən ağıllı xalqı hansıdır? Cavab verir: “Komplimentə görə minnətdram”.
Zarafat bir qırağa, həqiqətən də, pandemiya ilə mübarizədə İsrail təcrübəsi həddindən artıq məntiqli görünür. Onlar belə ediblər: Vaksinasiyadan keçən insanlara “yaşıl pasport” adlanan sənəd verilir və onlar üçün bütün məkanlar açıqdır: Restoranlar, mollar, kinoteatrlar, idman zalları... Hər yer. Faktik olaraq, həmin məkanlarda yoluxma ehtimalı sıfıra bərabərdir, çünki hamı vaksinlənib. Belə yanaşma bir çox başqa ölkələrdə, o cümlədən bizdə məntiqsiz görünən hallarla bağlı sualları da avtomatik aradan qaldırır. Yəni niyə restoranda olar, idman zalında olmaz? Niyə avtobusda olar, metroda olmaz?

Demə Qoq:
- Düzdür də. Niyə qapalı kafedə maskasız oturmaq olar, parkda açıq havada yox?

Razıyam. Belə sualları hazırda istənilən ölkədə sonsuza qədər uzatmaq olar. Məsələn, idman zalında sosial məsafə restorandakından daha çox olur. Amma İsrail təcrübəsi tətbiq olunsa, avtomatik biləcəksən ki, restorana da, idman zalına da buraxılanların hamısı tam təhlükəsizdirlər. Suallar da aradan qalxacaq. Bütün qapalı məkanları açıb, ancaq vaksinlənmiş şəxsləri buraxmaq olar. Əks halda, bəzi biznes sahələri artıq tamamilə sıradan çıxmaq üzrədir. Məsələn, idman zalları. Bəlkə toylara da ancaq vaksinlənmiş qonaqların iştirakı şərtilə icazə vermək olar. Çünki toy biznesi bizdə xeyli insanın sosial vəziyyətinə təsir göstərir. Belə yanaşma insanların da kütləvi şəkildə vaksinasiyaya can atmasını stimullaşdırardı ki, sosial həyatdan təcrid olunmasınlar. Eyni zamanda, biznes canlanmağa başlayardı. Yəni “İsrail təcrübəsi” həqiqətən xeyli maraqlı görünür.

5. Maskasız maskalılar

Demə Qoq:

- Amma bir məsələ yenə qaranlıq qalır da mənim üçün... Bax, maska taxırıq, əlləri yuyuruq, məsafə də saxlayırıq, onda bu yoluxma niyə artır?

Məsələ ondadır ki, maskanı düzgün taxmamaqla heç taxmamağın arasında fərq yoxdur. Biz maskanı elə taxırıq ki, böyür-başından içəri milçək də keçər, o ki qalsın, virus. Yəni bizim taxdığımız şəkildə maska taxmağın heç bir faydası, hətta mənası yoxdur. Üstəlik, buna nəzarət eləmək də mümkün deyil. Heç kimə deyə bilməzsən ki, “maskanın böyrünü kipləşdir”. Buna görə cərimələmək də olmaz. Yəni polis kiminsə maskası ilə üzünün arasında 1 santimetr ara var deyə, ona cərimə yaza bilməz. Burada hər şey maska taxanların məsuliyyətindən asıldır ki, onun da üstünə çoxdan pişik əsnəyib. Maska taxmağı formallaşdırmaq, yəni normalar müəyyən etmək, deməli, dolayısı ilə, effektiv nəzarət etmək də mümkün deyil. İnsanlar qorunmaq üçün yox, cərimə olunmamaq üçün maska taxırlar. Məqsədlərinə də nail olurlar: Cərimələnmirlər.

6. Sirrlər dünyası

Bu həftə 24 dövlətin başçısı və Dünya səhiyyə Təşkilatının rəhbəri Tedrus Adhanom Qebreisus birlikdə məktub imzaladılar. Məktubu imzalayan ölkələr bunlardırlar (Yadda saxlayın, siyahı birazdan kara gələcək): Britaniya, Fransa, Almaniya, Niderland, Norveç, İspaniya, Serbiya, Güney Koreya, Ukrayna və dogərləri.
Məktub dünya ölkələrini gələcək pandemiyalarla bağlı beynəlxalq müqavilə imzalamağa çağırır. Orada deyilir: Bir halda ki, COVID-19 bizim zəif tərəflərimizdən, aramızdakı nifaqdan faydalanır, biz bu fürsətdən istifadə edərək, birlikdə qlobal icma kimi indiki böhrandan sonra da davam edəcək əməkdaşlıq qurmalıyıq.
Məktubda həmçinin qeyd olunur ki, pandemiyalara hazırlıq qlobal səhiyyə sistemi qurmaq üçün qlobal liderlik tələb edir. İstər-istəməz adamın dalağı sancır: Bəzi qüvvələr pandemiyadan istifadə edib, dünyaya hansısa yeni sistem sırımaq istəmirlər ki?
İkinci tərəfdən, gələcək pandemiyalardan danışmaq insanı qorxuya salır. Yenə də COVİD tipli növbəti pandemiayalar ola bilərmi? Ola bilərsə, nə vaxt və necə? Təbii ki, bu suallara cavab yoxdur, cavabın olması üçün isə əvvəlcə biz COVİD-in necə yarandığını bilməliyik. Fəqət, bir ildən çox keçməyinə baxmayaraq, bunu da bilmirik.
Koronavirusun necə yarandığını aydınlaşdırmaq üçün Dünya Səhiyyə Təşkilatı Çinin Uhan şəhərinə bir neçə xüsusi missiya göndərib. 12 ölkədən ekspertlərin daxil olduğu missiya koronovirusun laboratoriyada yaradılması kimi fikirləri rədd etsə də, eyni zamanda, bildirib ki, virus heç də Çinin dediyi kimi 2019-cu ilin dekabrında yox, daha əvvəl yaranıbmış. “The Wall Street Journal” yazır ki, Dünya Səhiyyə Təşkilatının ekspertləri hələ 2019-cu ilin oktyabrında Mərkəzi Çində 92 nəfərin Koronavirus əlamətlərilə xəstəxanaya düşdüyünü aşkara çıxarıblar. 2019-cu ilin dekabrında isə artıq koronavirusun 13 fərqli ştammı var imiş və o, bir neçə mənbədən yayılırmış. Beləliklə, istisna deyil ki, dünyada, o cümlədən də Azərbaycanda hələ koronovirusun adını heç eşitməyən insanlar ona yoluxub, amma nə olduğunu dəqiq bilmədən keçirib, bəziləri isə nə olduğunu dəqiq bilmədən ölüblər.
Uhandakı məşhur bazarın koronovirusun mənbəyi olması, viriusun insana yarasandan keçməsi haqda fikirlər də hələ təsdiqlənməmiş qalır. Dünya Səhiyyə Təşkilatı hazırda 4 işçi versiyanı nəzərdən keçirməkdədir. Son nəticə belə olub: Virus yarasadan aralıq həlqə olan hansısa naməlum heyvana, ondan isə insana keçib. Naməlum heyvan... Yəni biz yenə də heç nə bilmirik.

7. Viruslu siyasət

Bu əsnada isə Koronavirusun ətrafında informasiya müharibəsi qızışmaqdadır. ABŞ başda olmaq 14 ölkə Dünya Səhiyyə Təşkilatının hesabatını tənqid edərək, Çini pisləyirlər. Cavabında Çin də ABŞ-ı ittiham edir. Həmin ölkələr bunlardırlar: Avstraliya, Britaniya, Danimarka, İsrail, Kanada, Litva, Latviya, Estoniya, Norveç, Sloveniya, ABŞ, Çexiya, Güney Koreya, Yaponiya.
İndi isə bayaqkı məktubu imzalayan ölkələrin siyahısı ilə tutuşduraq. Britaniyanın adı hər iki siyahıda var. Eyni zamanda həm Bəşəriyyəti gələcək pandemiyalardan qorunmaq üçün birləşməyə çağırmaq, həm də dünyanın ikinci ən böyük dövlətinə qarşı COVİD-alyansında birləşmək qəribə deyilmi?!
Bütün bunlar ondan xəbər verir ki, COVİD artıq həqiqətən də siyasi oyunların mövzusuna çevrilib. Və postpandemiya dövrünün siyasi mübarizəsi ən azı virusla mübarizə qədər gərgin keçə bilər. Bu, çox pis və böyük dövlətlər tərəfindən son dərəcə məsuliyyətsiz davranışdır.
Əvvəldə dediyimiz kimi, bu gün ölkəmizdə ilk lokdaunun tətbiqinin bir ili tamam olur. Bu bir ildə həm çox şeylər öyrənmişik, həm də yenə çox az şey bilirik. Ona görə, təssüflə də olsa, deməliyik ki, COVİD qaranlığı tam aydınlanmayıb, korona qeyri-müəyyənliyi davam edir. Amma hər bir qaranlıq mütləq bir gün aydınlanır. Yolun çoxu keçilib. Sadəcə, möhkəm olun!



Teqlər: AzVision   Real-TV  





Xəbər lenti