“Yüzlərlə erməni meyiti ayaq altında qalmışdı” - Xüsusi təyinatlı qazi

 “Yüzlərlə erməni meyiti ayaq altında qalmışdı” -  Xüsusi təyinatlı qazi
  03 Aprel 2021    Oxunub:4926
Aprel döyüşləri torpaqlarımızın işğaldan azad edilməsinin başlanğıcını qoyan tarixdir. Aprel döyüşləri ilə Azərbaycan Ordusunun gücünü, xalqın birliyini dünyaya sübut etdik.
Bunu Azvision.az -a müsahibəsində Xüsusi Təyinatlı Qüvvələrin üzvü olmuş Aprel döyüşləri qazisi Səxavət Salmanov deyib. O bildirib ki, aprelin 1-dən 2-ə keçən gecə döyüşlər başladı, ayın 3-ü səhər saatlarında artıq düşmənin 22 postu ələ keçirilmişdi.

“Düşmənin yüzlərlə şəxsi heyətini, texnikasını məhv etdik. Aprelin 4-ü səhər saatlarında Talış yüksəkliyi istiqamətində düşmən bölmələrini ələ keçirdik. Həmin gün yanıma mərmi düşməsi nəticəsində yaralandım. Hələ də ağciyərimdə mərmi qəlpəsi qalıb. Böyük qəlpəni çıxarıblar, kiçik qəlpələr qalır. Ordumuz Aprel döyüşləri ilə tarix yazdı. Bu döyüşdə xalqımız ayağa qalxdı, düşmənə sübut etdik ki, Azərbaycan Ordusunun müasir silahı, texnikası, döyüşən igidləri, şəxsi heyəti var. Aprel döyüşü Azərbaycan Ordusunun və xalqının bərabərliyi, birliyini dünyaya sübut etdi.

Aprel döyüşündə bir neçə xidmət yoldaşım şəhid oldu. Şəhidlik zirvəsinə ucalan yoldaşlarımız sinəsini tankın qabağına verdi. Düşməndən aldığımız postu qorudu. Düşmənin bizimlə döyüşməyə cəsarəti çatmırdı. Onlar arxadan minomyotlardan atəş açırdılar. Üz-üzə döyüşən şəxsi heyəti qırılıb öldü, meyitləri ayaq altına qalmışdı, çıxarmırdılar. Aprel döyüşləri bir ay davam etsəydi, biz bütün torpaqları işğaldan azad edərdik. Aprel döyüşündə Ordumuzun bir qismi iştirak etdi”.



Qələbəmizin 2016-ci ilin Aprel döyüşləri ilə başladığını deyən qazi 44 günlük Vətən Müharibəsində Ordumuzun Zəfər tarixi yazdığını qeyd edib.

“Qazi olmağıma baxmayaraq, Vətən Müharibəsində iştirak etmişəm. Oktyabrın 5-dən noyabrın 15-ə qədər döyüşlərdə olmuşam. Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd, Füzuli istiqamətlərdə xidmət etmişəm. Təəssüf ki, bir neçə döyüş yoldaşımı itirmişəm. Onların hər biri düşmənlə üz-üzə döyüşərək şəhidlik zirvəsinə ucalıb. Vətən Müharibəsində də düşmənin yüzlərlə meyiti ayaq altında qalmışdı. Yaralılarını belə çıxarmırdılar, qoyub qaçırdılar. Azərbaycan Ordusu düşməni məhv etdi və ermənilər təslim oldu.

Çox xoşbəxtəm ki, azərbaycanlıyam, Azərbaycan Ordusunda xidmət edirəm. Çox xoşbəxtəm ki, xüsusi təyinatlıyam. Xoşbəxtəm ki, güclü Azərbaycan Ordusu, Ali Baş Komandanımız var. Biz bu döyüşlərlə birliyimizi sübut etdik. Vətən müharibəsi bütün dünyanı heyran qoydu”.



Aytən Zəhra
Azvision.az


Teqlər: Aprel-döyüşləri   Qarabağ   Qazi  






Xəbər lenti