Azad edilmiş ərazilərlə bağlı İşçi Qrupunun iclası keçirildi
İşçi Qurun rəhbəri, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin sədrliyi ilə keçirilən iclasda Müfəssəl Sahəvi Plana daxil olan tədbirlərin icrası, o cümlədən avtomobil və dəmir yollarının, hava limanlarının layihələndirilməsi və tikintisi, rayonlararası magistral kabel xətlərinin çəkilməsi və rabitə şəbəkələrinin qurulması üzrə görülən işlər barədə aidiyyəti qurumların məlumatları dinlənib, aparılan işlər müzakirə edilib, mövcud çətinliklər və problemlər də qeyd edilməklə, görüləcək işlər üçün istiqamətlər müəyyənləşdirilib, prioritet layihələrin hazırlanması və icrasının nəzarətdə saxlanması qərara alınıb. Həmçinin işğaldan azad olunan ərazilərə qayıdış və məskunlaşma tədbirləri çərçivəsində işlərin qarşılıqlı əlaqəli təşkili, təkrarçılığa yol verilməməsi, dövlət vəsaitlərinə qənaət edilməsi və istehlakçı məmnuniyyəti prinsipləri nəzərə alınmaqla xidmətlərin vahid mərkəzdən göstərilməsi məqsədilə dövlət qurumları və xidmət təşkilatlarının optimal yerləşdirilməsi məsələsi müzakirə edilib.
İclasda, eyni zamanda, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı” layihəsi müzakirə edilərək, sənədlə bağlı rəy və təkliflər müəyyənləşdirilib.
İşğaldan azad olunan ərazilərdə quruculuq və bərpa işlərinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən əsas istiqamətlər və verilən tapşırıqlar, məskunlaşma ilə bağlı gələcək tələbat və perspektivlər, yeni çağırışlar və konsepsiyalar nəzərə alınmaqla icra edilməsi, bu məqsədlə bütün qurumlar tərəfindən görülən işlərin İşçi Qrupu vasitəsilə İdarələrarası Mərkəzlə əlaqələndirilməklə icra edilməsinin, hər bir qurum və nümayəndə tərəfindən bu proseslərdə aktiv və qarşılıqlı əməkdaşlıq şəraitində iştirakın təmin edilməsi və görülən işlərə töhfə verilməsinin vacibliyi vurğulanıb.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
Azvision.az
Teqlər: İşçi-Qrupu Qarabağ Nazirlik







Vaxtında, Aydın, Lazımlı!


