“Sonuncu dəfə Şuşadan məhbuslarla birgə çıxdıq” - Keçmiş türmə rəisi

  05 Aprel 2021    Oxunub : 3821
 “Sonuncu dəfə Şuşadan məhbuslarla birgə çıxdıq” -  Keçmiş türmə rəisi
“Ermənilər Şuşa türməsinin qadın yataqxanasını dağıdıblar. Türmənin divarının bir hissəsi uçurdulub”.
Bunu Azvision.az -a açıqlamasında 1988- 1992-ci illərdə Şuşa türməsinin rəisi vəzifəsində çalışmış ehtiyatda olan polkovnik-leytenant Aydın Abbasov deyib. Yaxın günlərdə Şuşaya getməyə hazırlaşan həmsöhbətimiz həbsxana ərazisinə və şəhərdəki evinə baş çəkəcəyini deyib.

“Bu yaxınlarda Şuşa şəhər mədəniyyət və turizm şöbəsindən dəvət almışam. Onların televiziyalarından biri ilə birgə layihəsi əsasında Şuşa haqqında çəkiliş olacaq. Türmənin sonuncu rəisi olduğuma görə, orada bəzi məsələlərə aydınlıq gətirəcəyəm. 28 ildən sonra Şuşaya ilk gedişim olacaq. Ancaq buna qədər Şuşa türməsinin içini də, çölünü də çəkib göndəriblər. Oradakı dağıntıları görmüşəm. Türmə indi çox bərbad gündədir, qapısı açıqdır, divarın bir tərəfi uçurdulub. Ermənilər binanın müşahidə qüllələrinin hamısını götürüb, başqa sistemdə işləyiblər. Şuşa türməsində işləyən qadınların yataqxanasını təmiz söküblər. Xeyli dəyişikliklər var”.



A. Abbasov Şuşadakı evinin salamat olduğunu bildirib: "Evimin görüntülərini atıblar. Kənardan salamat görünür, pəncərələrin üstündə bir balaca dağıntı var. Görünür, Şuşanı tərk edəndə şüşələrini qırıblar. Tək mən deyil, bütün ailə üzvilərim hər gün deyirlər ki, havalar isinsin, icazə alıb gedək. Bizim məhəllə tanınmaz hala düşüb. Yolları bərbad gündədir, uçub dağılıb. Ümid edirik ki, ölkə başçısının tapşırığı ilə Şuşada əvvəlki səliqə-səhman bərpa olunacaq.



Sonuncu dəfə Şuşadan məhbuslarla döyüşə-döyüşə çıxmışdıq. Abdulla adında bir məhbusu xatırlayıram. O, döyüşlərdə çox fəal iştirak etmişdi. Məhbusları həbsdən buraxanda hamısının qarşısına şərt qoymuşdum ki, onlar Bakıda gəlib özlərini təqdim etsinlər. 36 nəfər məhbus idi. Birindən başqa, qalan hamısı Bakıda gəlib təslim oldu. Biz onların yaxşı döyüşünə görə bəzilərini sərbəst buraxdıq, bəzilərinin isə cəzasını azaltdıq. Nəbi adlı keçmiş məhbus ilə arada görüşürük. Taksi sürücüsü işləyir. Bizi Şuşanın xatirələri birləşdirir”.



Şahanə Rəhimli
Azvision.az

Teqlər: Şuşa   Türmə