Ukrayna (ABŞ) – Rusiya müharibəsi riski artır – TƏHLİL

   Ukrayna (ABŞ) – Rusiya müharibəsi riski artır –    TƏHLİL
  06 Aprel 2021    Oxunub:7448
Bu ilin mart ayının əvvəlində Ukraynanın Donetsk əyalətində qarşıdurmaların baş verməsi və nəticədə dörd ukraynalı hərbçinin həlak olması bölgədə genişmiqyaslı hərbi əməliyyatların başlanacağı ilə bağlı proqnozların səslənməsinə rəvac verdi. Həm Rusiya, həm Ukrayna, həm də separatçıların rəsmi nümayəndələrinin bəyanatları kifayət qədər qətiyyətli səslənir və müharibənin labüdlüyü ilə bağlı ehtimallara inamı artırır.
Məsələn Ukrayna Silahlı Qüvvələrinin baş qərargah rəisi Ruslan Xomçak “Qordon” nəşrinə verdiyi müsahibəsində Rusiyanın hərbi müdaxiləyə əl atacağını istisna etməyib. Ali Radadaki çıxışında Xomçak etiraf edib ki, Rusiya Ukrayna ilə həmsərhəd bölgələrə əlavə qüvvələr yerləşdirməklə yanaşı, Krımda keçirilən hərbi təlimlərdə iştirak etmiş desant qruplarını əvvəlki dislokasiya yerlərinə qaytarmayıb və yarımadada saxlayıb.

Öz növbəsində, Kreml Donetskdə baş verənləri Ukraynanın təxribatı kimi qiymətləndirib və Kiyevi müharibə ilə hədələməyi unutmayıb. Rusiya prezidentinin sözcüsü Dmitri Peskov “ukraynalı hərbçilərin təxribatları və Dombasda vəziyyətin gərginləşməsi təhlükəli ssenari ilə nəticələnə bilər” deyə açıqlama verib. Tanınmayan Luqansk və Donetsk “respublikaları”nın nümayəndələrinin bəyanatları mahiyyətçə Peskovun bəyanatından fərqlənməyib. Separatçılar da vəziyyətin gərginləşməsinin səbəbini Ukraynanın təxribatlarında görürlər.

Ümumiyyətlə, qeyd olunmalıdır ki, hələ 2020-ci ilin sonlarından Ukraynanın öz ərazilərini geri qaytarmaq üçün hərbi əməliyyatlara başlayacağı barədə məlumatlar yayılmaqda idi. Azərbaycanın hərbi əməliyyat yolu ilə öz ərazilərini azad etməsi və II Qarabağ müharibəsini qələbə ilə başa vurmasından sonra belə məlumatların yayılması intensivləşdi. Ukraynanın Türkiyədən pilotsuz uçan aparatlar alması, türkiyəli mütəxəssislərin ölkəyə dəvət olunması, əlavə hərbi təlimlərin keçirilməsi belə məlumatların həqiqiliyinə inamı artırırdı. Maraqlıdır ki, Ukraynanın hücuma hazırlaşması barədə məlumatları Kiyevdən daha çox, Moskva tirajlamağa başladı.
Poroşenko: “Ukraynanın itirə bilər”

Prezident Zelenski Donbasda vəziyyət gərginləşəndən dərhal sonra, Almaniya, Fransa, Rusiya və Ukraynanın üzv olduğu “Normand formatı” çərçivəsində təcili danışıqlara start verdi. Ukrayna parlamenti isə növbədənkənar iclasında baş verən toqquşmalara görə bütün məsuliyyətin Rusiyanın üzərində olması ilə bağlı xüsusi qətnamə qəbul etdi. Aydındır ki, Kiyevin bu addımları özünün müharibəyə qarşı olduğunu dünya ictimaiyyətinə nümayiş etdirməyə və Moskvanı buna inandırmağa hesablanıb. Ancaq hər şey göründüyü qədər sadə deyil.

Əslində nə baş verir və yaxın vaxtlarda Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə başlaya bilərmi?

Söhbət ondan gedir ki, artıq Moskva prezident Zelenskinin əvvəldən bəyan etdiyi kimi, “sülh təşəbbüskarı” və “Rusiya ilə Ukraynanın yenidən yaxınlaşmasının tərəfdarı” olduğuna inanmır. Rusiya rəhbərliyi anlayır ki, Zelenskinin 2020-ci ildə Putinlə Parisdə imzaladığı atəşkəs haqqında razılaşma əslində Ukrayna liderinin güc toplamaq üçün vaxt qazanması məqsədini daşıyırdı.

Təbii ki, Moskva Zelenskinin qazanacağı bu vaxtdan öz məqsədləri üçün istifadə etməyi də unutmamışdı. Rusiya Ukraynadakı “demokratik” adlandırılan şəraitdən özünə bağlı siyasi lider və partiyaların gücləndirilməsi üçün istifadə edirdi ki, lazımi məqamda bu siyasi qüvvələrin hakimiyyətə yiyələnməsini təmin etsin.

Fevralın 20-də Zelenskinin Ukrayna Radasının deputatı, rusiyayönümlü “Müxalif müstəvi” partiyasının liderlərindən biri, Putinin yaxın dostu Viktor Medvedçuk və onun həyat yoldaşı, teleaparıcı Oksana Medvedçuka qarşı sanksiyaların tətbiq olunmasına dair sərəncam verməsi Moskva ilə Kiyev arasında əldə olunmuş sülhün pozulacağına ilkin işarə idi. Zelenski özünə rusiyönümlü rəqibin yetişdirilməsinin qarşısını aldı, buna cavab olaraq isə, Rusiya, yumşaq desək, separatçıların atəşkəsi pozmasına göz yumdu. Demək ki, Peskov “Ukraynanın təxribatı” dedikdə məhz Medvedçuka qarşı sanksiyaların tətbiqini nəzərdə tuturdu.

Zelenskinin belə cəsarətli addım atmasının Putini özünün əsas düşməni elan etmiş Amerikanın yeni prezidenti Co Baydenin inaqurasiyasından tam bir ay sonra baş verməsi Kremli daha çox narahatlıq keçirməyə sövq edir. Rusiya elitasında hökm sürən əsas fikir ondan ibarətdir ki, Amerika başda olmaqla Qərb dünyası onlara qarşı istənilən cəbhədən zərbə endirə bilər. İstər Belorusda inqilablar, istər Moldovada, istərsə də Ukraynada münaqişənin yenidən alovlanması ilə. Moskva bu mənada Ukrayna cihanı da da daxil, olmaqla bütün cəbhələrdə möhkəmlənməyə başlayıb.

Konkret Ukraynaya gəldikdə isə, Kreml dolayı yolla Vaşinqtona bu ölkə uğrunda mübarizənin oyun qaydalarını təklif edir: Ya sülh şəraitində siyasi mübarizə, ya da açıq müharibə. Əslində son hadisələrlə Rusiya ABŞ-a nümayiş etdirdi ki, Ukraynada savaşa girməyə tam hazırdır.

Tofiq Vahid
Azvision.az



Teqlər: Ukrayna   Donbas   Təhlil  





Xəbər lenti