“Azad edilmiş torpaqlarda böyük çay resurslarımız var” - İlham Əliyev
Dövlət başçısı bildirib ki, azad edilmiş torpaqlarda su anbarlarının tikintisinə ehtiyac varmı, yoxmu, bu məsələyə də mütləq baxılmalıdır:
“Əlbəttə ki, azad edilmiş torpaqlarda bizim ən böyük su mənbəyimiz qonşu İranla sərhəddə yerləşən Xudafərin və Qız Qalası su anbarlarıdır. Bunlar çox böyük su anbarlarıdır. Xudafərin su anbarının həcmi 1,6 milyard kubmetrdir, çox böyük su anbarıdır. Bu su anbarından istifadə etmək üçün əlbəttə ki, əlavə infrastruktur layihələri icra edilməlidir. İlk növbədə, kanallar çəkilməlidir ki, azad edilmiş torpaqlara - Zəngilan, Cəbrayıl, Qubadlı və digər bölgələrə biz bu su anbarlarından su götürüb, ondan səmərəli şəkildə istifadə edə bilək. Bu, bizim böyük potensialımızdır”.
Prezident qeyd edib ki, həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində bizim bütün su ehtiyatlarımızın potensialı dəqiq təhlil olunmalıdır:
“Bu su ehtiyatlarından maksimum səmərə ilə istifadə etmək üçün konkret proqramlar və təkliflər təqdim edilməlidir. Beləliklə, bu sahədə görüləcək işlər çoxdur, həm azad edilmiş torpaqlarda, həm də digər ərazilərdə. Əsas prinsip müasirlik, ekoloji təhlükəsizlik və maksimum səmərəlilik olmalıdır ki, Azərbaycan vətəndaşları, kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlar öz həyatlarında müsbət dəyişiklikləri görsünlər. Əminəm ki, bu, belə də olacaq.
Yenə də deyirəm, son illər ərzində bu sahə mənim tərəfimdən həmişə prioritet sahə kimi qiymətləndirilmişdir və bu sahənin inkişafı üçün çox böyük işlər görülmüşdür, dövlət büdcəsindən böyük həcmdə vəsait ayrılmışdır. Əgər bu işlər görülməsəydi, bu gün biz çox böyük problemlərlə üzləşmiş olardıq. Ancaq əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik, biz bu sahəyə müasir menecment gətirməliyik. Mən sizi bu vəzifəyə təyin edərkən məhz bu amili nəzərə almışam ki, hər bir yerdə müasir menecment olmalıdır, idarəetmə olmalıdır. Son vaxtlar apardığım kadr islahatları onu göstərir. Harada ki, müasir menecment, müasir idarəetmə, dürüstlük, təmizlik, vicdan varsa, orada nəticə də olacaqdır. Sizi bu vəzifəyə təyin edərkən bu tövsiyələrimi verərək əmin olduğumu bildirmək istəyirəm ki, siz bu yüksək etimadı doğruldacaqsınız”.
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev