Baş Prokurorluq və BDU əməkdaşlıq edəcək
İlkin olaraq qonaqlar Baş Prokurorluğun yeni istifadəyə verilmiş inzibati binalar kompleksi, o cümlədən Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya, mühazirə, praktiki məşğələlər və iclas zalları, kitabxana, kriminalistika və istintaq otaqları ilə tanış olublar.
Tədbir çərçivəsində rektor Elçin Babayevlə Baş prokurorun müavini Elmar Camalovun arasında görüş keçirilmiş, görüşdə BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov, Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə, Elm-Tədris Mərkəzinin şöbə rəisi Ramin Camalov, böyük prokuroru Nigar Qələndərli iştirak ediblər.
Görüşdə iki qurum üçün olduqca faydalı olan qarşılıqlı əməkdaşlıq istiqamətləri müzakirə edilmiş, gənc hüquqşünasların peşə hazırlığının təşkil edilməsi istiqamətində səylərin birləşdirilməsi qərara alınıb.
Azərbaycan Respublikasının Baş prokuroru yanında məşvərətçi orqan olan Elmi-Məsləhət Şurasının fəaliyyətində Bakı Dövlət Universiteti nümayəndəsinin səmərəli fəaliyyəti xüsusi olaraq qeyd edilib.
Görüşün nəticələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Bakı Dövlət Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
Müqavilə birgə elmi konfransların, dəyirmi masaların və görüşlərin keçirilməsi, elmi məqalələrin, vəsaitlərin və mətbu nəşrlərin hazırlanması, hüquq tətbiqi fəaliyyətdə daha çox rast gəlinən problemlərin həlli məqsədilə birgə elmi-praktiki araşdırmaların aparılması və sair məsələlər üzrə geniş və səmərəli əməkdaşlığı əhatə edir. Baş Prokurorluqla Bakı Dövlət Universiteti arasında imzalanmış müqavilə gənc hüquqşünasların hazırlanmasına da mühüm töhfə verəcək.
Azvision.az
Teqlər: Baş-Prokurorluq BDU