Baş Prokurorluğun Mətbuat xidmətindən
Azvision.az-a verilən məlumata görə, aparılmış istintaqla Çingiz Məcnunzadənin ayrı-ayrı şəxslərə özünü İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim edib guya həmin dövlət xidmətinin “Sahibkarlara Maddi Yardım Fondu”nun açıldığını və koronavirus (COVİD-19) infeksiyasının Respublika ərazisində yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyinə görə zərər çəkən sahibkarlara 5 min manat məbləğində birdəfəlik pul yardımı ediləcəyi adı ilə, habelə vergi ödəyicilərinin vergi borclarının silinməsi və hesablarına vergi orqanı tərəfindən qoyulmuş məhdudiyyətlərin ləğv edilməsindən ötrü birbaşa yolla özü vasitəsilə pul vəsaitinin rüşvət qismində verilməli olduğuna onları inandırmasına, bu yolla da həmin şəxslərə məxsus ümumilikdə 39 min 800 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən olunub.
Göstərilənlər nəzərə alınmaqla, Çingiz Məcnunzadəyə Cinayət Məcəlləsinin 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 178.2.2 (təkrar törədilməklə dələduzluq), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunmuş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda Çingiz Məcnunzadənin törətdiyi digər cinayət əməllərinin aşkar edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Azvision.az