“Məzarlıqları belə minalamış düşmənlə üz-üzə qalmışıq” - Xocalının deputatı

 “Məzarlıqları belə minalamış düşmənlə üz-üzə qalmışıq” -   Xocalının deputatı
  05 Aprel 2021    Oxunub:5722
“Ermənistanın Azərbaycan torpaqlarında yaratdığı mina təhlükəsi yalnız Birinci Qarabağ müharibəsi zamanı basdırılmış minalarla yekunlaşmır. Ermənilər atəşkəs dövründə olduğu kimi İkinci Qarabağ müharibəsi zamanı da öz mənfur əməllərini davam etdirdilər”.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Xocalıdan seçilən deputatı Elman Məmmədov deyib. Deputat qeyd edib ki, ermənilərin minaların xəritələrini təqdim etməməsi onların düşmənçiliyi hələ də davam etdirmələrindən xəbər verir:

“Azərbaycan torpaqlarında mövqelənmiş erməni ordu birləşmələri ötən ilin sonunda gözləmədikləri halda güclü əks-hücum əməliyyatları ilə üz-üzə qaldılar. 44 günlük Vətən müharibəsində ancaq geri qaçan işğalçı ölkənin hərbçiləri başlarını elə itirmişdilər ki, heç özləri də bilmirdilər hara, necə qaçırdılar. Belə qaçhaqaçda erməni hərbçilər təbii olaraq torpaqlarımızın bir hissəsini plansız, xəritəsiz minaladılar. Amma bu hazırda ciddi təhlükələr vəd edən minalanmış ərazilərin çox az bir qismidir.

O ki, qaldı əvvəlki illərdə, Birinci Qarabağ müharibəsi zamanı planlı şəkildə təhlükəli hala gətirilmiş torpaqlarla bağlı xəritələrin təqdim edilməməsinə, əlbəttə ki, bu hərbi cinayətlərin davam etdirilməsi sayılır. Müharibə çoxdan yekunlaşıb, amma nə qədər Azərbaycan vətəndaşı erməni minalarının qurbanına çevrilir. Xəritə tez bir zamanda verilməlidir və biz bunu dəfələrlə tələb etmişik”.

Elman Məmmədovun sözlərinə görə, Azərbaycanın tələbinin yerinə yetirilməsinə nəzarəti beynəlxalq təşkilatlar həyata keçirməli, qarşı tərəfə təzyiq göstərilməlidir. Azərbaycanın üzərinə həmişə haqsız şəkildə gəlmiş bəzi beynəlxalq qurumlar, insan haqları təşkilatları var ki, indi onların səsi çıxmır:

“Hansısa beynəlxalq təşkilatın xəritə mövzusunda bu cinayətkar, müharibədə ağır formada məğlub olmuş dövlətdən humanist addım atması ilə bağlı çağırış görmüsünüzmü? Yəni minalı sahələrə dair xüsusi sənədin təhvil verilməsi məsələsinin icrasına təşkilatlar da nail olmalıdırlar. Beynəlxalq ictimaiyyət necə ki, BMT-nin məlum qətnamələrinin icrasına nail ola bilmədilər, eləcə də yeni hərbi cinayətlərə rəvac verən minalı sahələrin təhlükəsiz hala gətirilməsi işində də effektli görünmürlər. Çünki torpaqlarımızın tez bir zamanda yenidən cənnətə dönməsini ürəkdən istəməyən qüvvələr çoxdur. İkinci bir tərəfdən isə ortada sülhməramlı missiyasını öz üzərinə götürmüş böyük dövlət, güclü Rusiya amili var. Rusiya hərbi və siyasi dairələri zəhmət çəkib İrəvandan tələb etsinlər ki, onların da hərbçiləri üçün riskli şərait yaradan minalanmış ərazilərlə bağlı xəritələr üzə çıxsın. Necə ki, bu gün Qarabağ ermənilərinin qayğısına qalır, müdafiə edir, qoruyur, müəyyən təminatlarını həyata keçirirlər, eləcə də sülh missiyasını boynuna götürən dövlət kimi erməniləri məcbur etsinlər ki, xəritələri ortaya qoysunlar”.

Deputat deyir ki, məsələyə başqa aspektdən baxanda ortaya qoyulacaq xəritənin reallığı tam əks etdirəcəyinə inam azdır:

“Onlar o qədər saxtakar millət və dövlətdirlər ki, ola bilsin, bizə hansısa saxta xəritələr təqdim etsinlər. Düzdür, xəritə verilsə, əminlik üçün ilkin olaraq bu sənədə uyğun müəyyən kontrol əməliyyatlar keçiriləcək. Amma hələ də qarşı tərəfə heç cür etibar etmək olmaz. Hər halda bu gün İrəvan məcbur edilməlidir ki, hərbi arxivlərə atılmış real xəritələri ortaya çıxarsınlar. Bunu etmədikcə, onların hərbi cinayətləri davam edəcək. Sabah Xocalı sakinləri də öz dədə-baba yurdlarına qayıdanda mina təhlükələri ilə üz-üzə qala bilərlər. Ona görə də, bütün Qarabağ ərazisində olan minalanmış torpaqların xəritəsi təqdim edilməlidir. Məcburi köçkünlər doğma evlərinə qayıdan zaman həmin təhlükə dağlardan tutmuş, otlaq sahələrinə qədər qalacaq. Çünki erməni xisləti elədir ki, onlar maksimum zərər vurmaq üçün harada gəldi mina basdırıblar. O qədər murdar bir düşmənlə üz-üzə qalmışıq ki, işğalçılar hətta məzarlıqları belə minalayıblar. Onlar üçün heç bir din, dəyər qalmayıb. Ona görə də, məcbur etməsək, diz çökdürməsək, ortada real xəritə olmayacaq”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Mina   Xocalı   Deputat  





Xəbər lenti