Azercell-in Mobil Diş və Göz Klinikaları təmənnasız xidməti davam etdirir
2021-ci ilin birinci rübündə Azercell-in Mobil Göz Klinikasında 105 nəfər (53 uşaq, 52 böyük) ödənişsiz göz müayinəsindən keçib. Təkcə Xudat şəhərində 50-dən çox xəstəyə yardım göstərilib. Bundan əlavə, Sumqayıtdakı 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində 30 nəfər səyyar klinika həkimlərindən kömək alıb.
Hesabat dövründə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan şəhid ailələrinin üzvləri üçün də pulsuz göz müayinəsi həyata keçirilib. Həmçinin, Bakıda “Damla” aztəminatlı ailələrə qayğı İctimai Birliyinin 25 üzvü də Mobil Göz Klinikasının imkanlarından yararlanıblar.
Qeyd edək ki, "Azercell Telekom" MMC-yə məxsus və 10 ildən çox müddətdə xüsusi qayğıya ehtiyacı olan əhaliyə təmənnasız xidmət edən mobil klinikalar "Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyinin dəstəyi ilə fəaliyyət göstərir. Bu müddət ərzində Mobil Diş və Göz Klinikalarının həkimləri tərəfindən minlərlə insan müayinə edilib və zəruri müalicə alıb.
Teqlər: Azercell