Gülər Əhmədova Avropa Məhkəməsinə gedir

Gülər Əhmədova Avropa Məhkəməsinə gedir
  28 Mart 2013    Oxunub:1409
“Ona görə tərəfimizdən Əhmədovanın qanunsuz həbsi ilə bağlı Avropa Məhkəməsinə şikayət hazırlanır”.
Dünən sabiq YAP-çı deputat Gülər Əhmədovanın vəkili Raqif Mustafayev onunla saxlandığı 1 saylı İstintaq Təcridxanasında görüşüb. Onun sözlərinə görə, sabiq deputatın sağlıq durumu əvvəlki qaydadadır. Müvəkkilinin əsgər oğlu Toğrul Əhmədova görə aclıq aksiyası keçirməsi xəbərini yalanlayan vəkil: “Oğlu ilə mən də görüşdüm. Qolu gipsdədir, bazu sümüyündən sınıb. Deyir əl güləşməsində olub. Gülər xanım da aclıq keçirməsi ilə bağlı yalan məlumatlara görə qəzəblənib” deyib.

R.Mustafayev G.Əhmədovanın Elşad Abdullayev məsələsi ilə bağlı ifadə vermədiyini ,Abdullayev istintaqa çağırılmayana qədər də sabiq deputatın ifadə verməyəcəyini deyib.

Vəkil G.Əhmədovanın saxlanma vəziyyətinə də toxunub: “Onunla eyni kamerada bir qadın qalır. Deyir, yaxşı qadındır. Narazılıq etmir. Amma kamerasında bir işığın altında qalıb. Pəncərədən işıq düşmür. Yuxarıdakı cəmi bir işıq isə beyninə təsir edir. Bəlkə də rejimi elədir”.

Vəkilin sözlərinə görə, sabiq deputat videoların tam, versiyasız variantının yayılmasını tələb edib. G.Əhmədova E.Abdullayevin orada söyüş söydüyünü və başqa mətləblərlə bağlı danışdığını da vurğulayıb: “Elşadın nə xeyrinədirsə, onu yayıb. Bizsə tələb edirik ki, o videolar tam yayılsın. Gülər xanım deyir ki, mən Elşadın yanına tamam başqa məqsədlə getmişdim. Mərhum Sevinc Babayeva ona deyib ki, Elşad mənim pullarımı vermir. Çünki Babayeva ABU-ya tələbə gətiribmiş. Testdən keçə bilməyənlər ora gedirmiş. Abdullayev o tələbələri aldadıb, onlar da Sevincin üstünə düşüb. Sevinc Gülər xanımdan xahiş edib ki, deputat kimi nüfuzundan istifadə edib Elşadla danışsın. Gülər xanımın orda olmasının və bu danışıqların səbəbi bu olub”.

Əhmədovanın həbsini də qanunsuz sayan R.Mustafayev Apelyasiya Məhkəməsinin qərarı qəti və son qərar olduğu üçün ondan ölkə daxilində şikayət vermək imkanlarının tükəndiyini deyib: “Ona görə tərəfimizdən Əhmədovanın qanunsuz həbsi ilə bağlı Avropa Məhkəməsinə şikayət hazırlanır. Əhmədovanın əsassız həbsinə görə məsuliyyət bu qərarı qəbul etmiş məhkəmələrin üzərinə düşür”. / yeni müsavat



Teqlər:  





Xəbər lenti